Biləsuvarda aprel şəhidləri yad edildi.
03 aprel 2019-ci il tarixdə Biləsuvar rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 2016-cı ilin aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş Dəmirli Hüseyn Zeynal oğlu və Novruzov Fərahim Nadir oğlunun məzarları ziyarət olundu, məzarları üzərinə təzə tər çiçək dəstələri düzüldü. Tədbirdə Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rayon təşkilatının üzvləri, aprel döyüşçüləri, şəhid ailələri və məktəblilər iştirak etdilər.
Anım tədbirində Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov çıxış edərək bildirdi ki, məlum aprel döyüşlərində Biləsuvardan olan gənclər də öz igidlikləri, şəxsi şücaət və rəşadətləri ilə bizə başucalığı gətirdilər.Onlardan Dəmirli Hüseyn Zeynal oğlu, Novruzov Fərahim Nadir oğlu və Məmmədov Murad Vaqif oğlu qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucaldılar. Məhz Azərbaycan Ordusu müdrik və qətiyyətli sərkərdəmizin – Prezident İlham Əliyevin rəhbərliyi altında aprel döyüşlərində qələbə qazandı, düşmənin layiqli dərsini verdi. Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının ərazilərində işğal altında olan 2000 hektardan çox torpaq uğurlu əks-hücum əməliyyatı nəticəsində işğalçılardan azad edildi, minlərlə hektar torpaq Azərbaycan Ordusunun tam nəzarətinə keçdi və uzun illərdən sonra qəhrəman döyüşçülərimiz xalqımıza qələbə sevinci yaşatdı. Ali Baş Komandanımızın da dəfələrlə dediyi kimi, aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirdi .
Tədbirdə şəhidin valideynləri, yaxınları, aprel döyüşlərinin iştirakşıları və gənclər çıxış edərək aprel döyüşlərində qazanılmış qələbədən sonra vətənpərvərlik ruhunun daha da yüksəldiyini və hər an Ali Baş Komandanın əmrlərinə hazır olduqlarını vurğuladılar