Biləsuvarda 5 Mart-Bədən Tərbiyəsi və İdman Günü münasibətilə silsilə tədbirlər keçirildi.
05 mart 2019-cu il tarixdə Biləsuvar rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 5 Mart-Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş gənclər arasında 4 km məsafəyə qaçış marafonu keçirildi. 200 nəfərə yaxın idmançının qatıldığı yarışın sonunda Xırmandalı 1 saylı tam orta məktəbin şagirdi Rusif Ağazadə I yerə, Bağbanlar kənd tam orta məktəbin şagirdi İsmayıl Axundzadə II yerə və Biləsuvar Peşə liseyinin şagirdi Adıgözəl Həziyev isə III yerə layiq görüldülər.
Qaliblərə Gənclər və İdman İdarəsinin kubok, diplom və qiymətli hədiyyələri təqdim edildi.
Daha sonra Biləsuvar Gənclər evində rayon idmançıları və müəllimlərinin iştirakı ilə tədbir keçirildi.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova, Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov, məşqçi-müəllimlər, respublika yarışlarının qalibləri və gənc idmançılar iştirak etdilər.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova və rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov idmançıları bayram münasibəti ilə təbrik edərək qeyd etdilər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə idmanın və bədən tərbiyəsinin inkişafı sahəsində ardıcıl olaraq görülən tədbirlər Azərbaycanı həm də idman dövləti kimi tanıdıb. Ölkə rəhbərinin idmanı sevməsi, idmançılara xüsusi həssaslıqla yanaşması, yeni olimpiya idman komplekslərinin və idman bazalarının yaradılması haqqında qərarları bu sahədə hər kəsi səfərbər edir. İndi nəinki paytaxt Bakıda, demək olar ki, ölkəmizin bütün bölgələrində, o cümlədən Biləsuvar rayonunda müasir olimpiya idman kompleksləri fəaliyyət göstərir. Elə bunun nəticəsidir ki, idmançılarımızın dünya çempionatlarında, olimpiya oyunlarında uğurları getdikcə artmaqdadır. Azərbaycan idmanının ayrılmaz bir parçası olan Biləsuvar rayon idmançıları da yaradılmış şəraitdən maksimum bəhrələnərək respublika və dünya çempionatlarında idmanın müxtəlif növləri üzrə yüksək nailiyyətlər əldə edirlər.
Tədbirdə çıxış edən məşqçi və idmançılar onlara göstərilən diqqət və qayğıdan danışdılar, daha böyük idman uğurlarına imza atacaqlarını bildirdilər.
Tədbirin sonunda idman sahəsində, respublika çempionatlarında uğurlar qazanmış bir qrup məşqçi-müəllim və idmançılar Biləsuvar rayon İcra Hakimiyyətinin və Gənclər və İdman İdarəsinin Fəxri Fərmanları ilə təltif edildi.