Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Biləsuvar məktəbliləri növbəti ekskursiyadan qayıtdılar.

17 noyabr 2018 | 16:00

17 noyabr  2018-ci il tarixdə Biləsuvar rayonunun ümumtəhsil məktəblərinin 40 nəfər şagirdi  “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində  Qəbələ-Şəki-Zaqatala rayonlarına olan 4 gunlük  səfərlərini başa vuraraq geri qayıtdılar.
Şagirdlərin qarşılanma mərasimində   Biləsuvar rayon icra Hakimiyyətinin başçısı Mahir Quliyev, aidiyyatı təşkilat rəhbərləri, valideynlər və KİV nümayəndələri  iştirak etdi.
Tur-aksiya iştirakçıları olan şagirdlərimiz ekskursiya müddətində Qəbələ, Şəki və Zaqatala rayonlarındakı görməli yerlərlə, muzeylərlə, tarixi məkanlarla yaxından tanış olublar.
Ekskursiya zamanı Qəbələdəki Heydər Əliyev Konqres Mərkəzinə, “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksinə, “Gilan Qida Şəhərciyi”nə, Çuxur Qəbələ Tarix və Mədəniyyət Qoruğuna, Nic qəsəbəsindəki “Cotari” alban-udi kilsəsinə ekskursiyalar, Şəkidəki yeni istifadəyə verilən Heydər Əliyev Mərkəzi, “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu, Azərbaycan memarlığının nadir incilərindən olan Şəki xanlarının sarayı, “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi ilə tanışlıq məktəblilərin böyük marağına səbəb olub. Tur-aksiya iştirakçıları Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzi, Tarix-Mədəniyyət Qoruğu, Tarix-Diyarşünaslıq Muzeyi ilə də tanış olub, şəhərin görməli yerlərini gəziblər.
Tur-aksiya zamanı şagirdlər ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış olub, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaranıb.
Aksiya çərçivəsində məktəblilərin asudə vaxtlarında “Nə? Harada? Nə vaxt?” intellektual oyunları keçirilib, qaliblərə xatirə hədiyyələri verilib, onlar üçün teatr tamaşaları və konsert proqramları təşkil edilib.
Tədbirdə Biləsuvar məktəbliləri onlara yaradılan bu şəraitə görə ölkə Prezidentinə öz təşəkkürlərini bildirdilər.
Sonra Biləsuvar rayon icra Hakimiyyətinin başçısı Mahir Quliyev və ekskursiya iştirakçıları ağacəkmə aksiyasında iştirak edərək müxtəlif növ ağaclar əkdilər.

 

Keçidlər