Biləsuvar rayonunda Ümummlli lider Heydər Əliyevin xatirəsinin anım günü keçirilmişdir
12 dekabr 2013-cü ildə Heydər əliyev Parkında Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinin anım günü ilə bağlı ümum rayon tədbiri keçirilmiş və ehsanlar verilmişdir.Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq mühafizə orqanları, rayonun bütün idarə, müəssisə, təşkilatlarının kollektivləri və rayon ictimaiyyəti iştirak etmişdir.Ulu öndərə olan məhəbbətlərini ifadə edən tədbir iştirakçıları əvvəlcə Dahi şəxsiyyətin abidəsi önünə tər çiçəklər qoymuşlar və sonra Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film izlənilmişdir.Heydər Əliyev Mərkəzində Ulu Öndərin Azərbaycan dövlətçiliyinin xilası yolunda gördüyü ölçüyəgəlməz işlərdən bəhs edən elmi-praktik konfrans keçirilmişdir. Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev çıxış edərək bildirmişdir ki, Azərbaycanın ən yeni tarixinin bütöv bir qərinəsi Heydər Əliyevin adı ilə bağlıdır. Bu görkəmli dövlət xadimi tarixi irsə əsaslanaraq milli dəyərlər zəminində müasir dövlətçilik sistemimizin siyasi dayaqlarını yaratmaqla XX əsrin sonunda yenidən əldə etdiyimiz müstəqilliyimizin əbədi və dönməz xarakter almasına nail olmuşdur. Məhz bu kimi misilsiz xidmətləri sayəsində Heydər Əliyev xalqının siyasi və dövlətçilik şüurunda ümummilli lider yüksəkliyini fəth etmişdir. O Azərbaycana rəhbərlik etdiyi istər birinci, istərsədə ikinci dövrdə yalnız və yalnız ölkəmizin inkişafı, qüdrətli və güclü bir dövlətin yaradılması, xalqımızın firavan yaşaması amalı ilə yaşadı və biliyi və rəhbərlik istedadı sahəsində olan bacarıqları əsasında bu istəklərini həyata keçirdi. Bu gün Heydər Əliyev mənəvi-siyasi irsinin ən layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan çağdaş tarixinin yeni şanlı səhifələri yazılır.
Ulu öndərin ölkəmizin inkişafı sahəsində başladığı nəhəng işlər, möhtəşəm layihələr Prezident İlham Əliyev tərəfindən uğurla və yaradıcılıqla davam etdirilir.
Bəli, bu gün müstəqil Azərbaycan özünün şərəfli dövrünü yaşayır desək, yanılmarıq. Ulu öndər Heydər Əliyev cismən aramızda olmasa da, onun ölməz ideyalarından güc alan müstəqil Azərbaycan işıqlı gələcəyə doğru inamla addımlayır. Respublikamızın bütün vətəndaşları kimi biz Biləsuvarlılar da qəlbən inanırıq ki, Heydər Əliyev dühası işığında doğma Azərbaycanımız hələ neçə-neçə zirvələr fəth edəcəkdir.