Biləsuvar pambıqçıları ili yüksək məhsuldarlıqla başa vurmağı qarşılarına məqsəd qoyublar.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 26 mart 2018-ci il tarixdə Bərdə rayonunda keçirilən pambıqçılığın inkişafına dair müşavirədə cənab Prezident bu sahənin ölkəmizin inkişafı üçün çox önəmli bir sahə olduğunu qeyd edərək, respublikamızda pambıqçılığın daha da inkişaf etdirilməsini, məhsuldarlığın artırılmasını qarşımıza konkret vəzifə olaraq qoymuşdur.
Dövlət başçısı qeyd etmişdir ki, Azərbaycanda pambıqçılığın qədim ənənələri vardır.Pambıqçılığın ən surətli inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olmuş, onun təşəbbüsü və rəhbərliyi ilə ölkədə pambıq istehsalı 800 min-1 milyon tona qədər gəlib çatmışdır. Respublikamız müstəqilik qazandıqdan sonra ölkənin kifayət qədər maliyyə imkanlarının olmaması bu sahədə də müəyyən geriləmələrə səbəb olmuş, nəticədə pambıq əkini sahələri azalmışdır.
2016-cı ildən başlayaraq pambıqçılığın inkişafına diqqətin artırılması və 2017-ci ildə pambıqçılığın inkişafı ilə bağlı Dövlət Proqramının qəbul edilməsi nəticəsində İki il ərzində Azərbaycanda pambığın tədarükü 35 min tondan 207 min tona çatdı.Bu sahəyə böyük həcmdə investisiya yatırılmasının məntiqi nəticəsi olaraq çoxlu sayda müasir texnikalar alındı, min tonlarla gübrə və dərman preparatları gətirildi, əkin sahələrinin melorasiya və suvarılmasında iri layihələrin həyata keçirilməsinə başlanıldı.
Ölkəmizdə aqrar sektorun ənənəvi sahəsi olan pambıqçılığın inkişafına göstərilən dövlət qayğısı Biləsuvar rayonunda da torpaq sahiblərinin bu sahəyə marağını ildən-ilə artırır.Təkcə 2017-ci ildə 11351.8 hektar sahədə pambıq əkini aparılmış və 24762.0 ton məhsul toplanmışdır ki, bu da 2016-cı illə müqayisədə həm əkin sahələrinin genişləndirilməsində, həm də məhsuldarlıqda 2 dəfədən çox artım deməkdir. Məhsulun becərilməsi və toplanması dövründə 20 minə yaxın insanın məşğulluğu təmin olunmuş, əhali 15 milyon manata yaxın gəlir əldə etmişdir.
2018-ci ildə də rayonumuzda pambıq əkinlərini daha da genişləndirməklə 12 min hektarda pambıq əkilmişdir ki, bunun da 3440.8 hektarı ”MKT İK” MMC, 3682.5 hektarı “Azərpambıq” MMC, 1310.2 hektarı rayon Kənd Təsərrüfatı idarəsinin nəzdində yaradılmış MMC və 3566.5 hektarı isə fərdi mülkiyyətçilər tərəfindən həyata keçirilmişdir.
Pambıq istehsalçıları lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla tam təmin edilirlər. Mülkiyyətçilərimiz bu ildə də sahələrdən yüksək məhsuldarlıq əldə etmək üçün var qüvvələri ilə çalışaraq hər bir aqrotexniki işləri vaxtında və keyfiyyətlə aparırlar. Sahələrdə kultivasiya işləri aparılır, bitkiyə azot gübrəsi verilir. Hazırda sovkaya və digər zərərvericilərə qarşı dərmanlama tədbirləri davam etdirilir. Əkilən sahələrdə ikinci suvarma suyunun verilməsi başa çatmaq üzrədir. Məhsulun becərilməsində qarşıya çıxan problemlər vaxtında həll edilməklə, mülkiyyətçiləri narahat edən məsələlər təcili aradan qaldırılır.
Aqrotexniki işlərin aparılmasını daha da yaxşılaşdırmaq məqsədilə bu il “Aqrolizinq” ASC-nin Biləsuvar rayon “Aqroservis”inə əlavə olaraq 9 ədəd MTZ-1221 becərmə traktoru, 6 ədəd ağır diskli mala, 2 ədəd rotorlu mala, 9 ədəd kotan, 1 ədəd müxaniki çiyid səpən və 7 ədəd qoşqu lafeti verilmişdir.
Ölkə rəhbərinin tapşırıq və tövsiyyələrinə uyğun olaraq rayonumuzda yaradılmış“Yaşıl ada” Aqroparkında ötən dövr ərzində bir sıra işlər görülərək 6 km uzunluğunda çınqıl örtüklü yol çəkilmiş və 5 ədəd kənd təsərrüfatı texnikası alınmışdir. Hazırda 6,5 km beton kanalın çəkilişi işləri aparılır. Bu il Aqroparkda 519.5 hektar sahədə pambıq əkilmişdir. Sahələrə aqrotexniki qulluq göstərilir.
Biləsuvarlı “ağ qızıl” ustaları əvvəlki illərdə olduğu kimi,bu təsərrüfat ilində də pambıq sahələrindən yüksək məhsuldarlıq əldə etməyi qarşılarına məqsəd qoyaraq, strateji məhsulun tədarükündə respublikanın qabaqcılları sırasında durmağı hədəfləyirlər.