Biləsuvarda Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirildi.
20 iyul 2018-ci il tarixdə Biləsuvar rayonunda Milli mətbuatımızın yaranmasının 143 illiyinə həsr olunmuş tədbir keçirildi.
İştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, əziz xatirəsinə gül dəstələri qoydular.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının müavini Ləman xanım Yüzbaşova, rayon Gənclər və İdman idarəsinin rəisi Aqşin Bağırov, rayonun “Məhsul” və “Region-press” qəzetlərinin əməkdaşları və ziyalılar iştirak etdilər.
Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının müavini Ləman xanım Yüzbaşova çıxış edərək milli mətbuatımızın yaranmasının 143-cü ili münasibətilə media mənsublarını təbrik etdi və əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş milli mətbuatın zəngin tarixi inkişaf yolu keçdiyini qeyd edərək müstəqil Azərbaycanda ictimai həyatın ən müxtəlif sahələri üzrə əldə olunan uğurların ictimaiyyətə çatdırılmasında, dövlətçilik maraqlarının müdafiəsində müasir medianın xidmətlərini yüksək qiymətləndirdi.
L.Yüzbaşova bildirdi ki, bu gün ölkəmizdə mətbuatın inkişafı üçün hər cür şərait yaradılıb. Ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı müvafiq Sərəncamlarla jurnalistlərin mənzil şəraitləri daima yaxşılaşdırılır, respublikamızda fəaliyyət göstərən media orqanları müvafiq maliyyə vəsaitləri ilə təmin olunurlar.Rayonumuzda da fəaliyyət göstərən mətbu orqanların çətinlikləri aradan qaldırılır və müvafiq köməkliklər edilir.
Sonra rayon “Məhsul” qəzetinin baş redaktoru Q.Bağırov, rayon ağsaqqalı A.Kazımov, rayon Gənclər və İdman idarəsinin rəisi A.Bağırov və digərləri çıxış edərək müstəqillik illərində mətbuatın qazandığı böyük uğurların ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğuladılar. Bildirildi ki, bu gün də ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir, respublikamızda Milli Mətbuatın inkişafı və bu sahədə çalışanların əməyi daima qiymətləndirilir.
Tədbirdə bir qrup mətbuat işçisinə rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları təqdim olundu və tədbir çay süfrəsi arxasında davam etdirildi.