Biləsuvar rayonunda 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi
12 iyul 2018-ci il tarixdə Biləsuvar rayon icra hakimiyyətində 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi.
Hesabat iclasında Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, icra nümayəndələri, bələdiyyə sədrləri, məktəb direktorları, ağsaqqqallar, gənclər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etdi.
Yığıncaqda Biləsuvar rayonunda 2018-ci ilin birinci yarısında sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə bağlı geniş məruzə ilə çıxış edən Biləsuvar rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev ötən yarımil ərzində rayonda bütün sahələr üzrə görülən işlər barədə ətraflı məlumat verdi.
M.Quliyev bildirdi ki, bu dövrdə rayonumuzda ümumi məhsul buraxılışının həcmi 131.8 milyon manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə çoxdur. Bu ilin birinci yarısında əsas kapitala yönələn investisiyalar 11.6 milyon manat, pərakəndə əmtəə dövriyyəsi isə 135.5 milyon manat təşkil etmişdir.Adambaşına düşən ümumi məhsul buraxılışının həcmi 1283 manat, orta aylıq əmək haqqı isə 295 manat olmuşdur. 2018-ci ilin altı ayında rayon əhalisinin gəlirləri 154.6 milyon manat, adambaşına düşən gəlirlərin həcmi isə 1505.3 manata çatmışdır. 2018-ci ilin birinci yarısında rayon üzrə 310 yeni iş yeri yaradılmışdır.
Nazirlər Kabinetinin iclasında ölkə rəhbəri aqrar sahənin, xüsusilə də pambıqçılığın inkişaf etdirilməsini bir daha təhlil edərək görülmüş işlər və əldə olunan naliyyətlər barədə ətraflı məlumat verərək bu sahənin daha da inkişaf etdirilməsini bir vəzifə olaraq qarşımıza qoymuşdur. Rayonumuzda bu istiqamətində icra olunan vəzifələr 2018-ci ilin birinci yarısında da uğurla davam etdirilmişdir.
Təkcə 2017-ci ildə 11351.8 hektar sahədə pambıq əkini aparılmış və 24762.0 ton məhsul toplanmışdır ki, bu da 2016-cı illə müqayisədə həm əkin sahələrinin genişləndirilməsində, həm də məhsuldarlıqda 2 dəfədən çox artım deməkdir.
Məhsulun becərilməsi və toplanması dövründə 20 minə yaxın insanın məşğulluğu təmin olunmuş, əhali 15 milyon manata yaxın gəlir əldə etmişdir.
2018-ci ildə də rayonumuzda pambıq əkinlərini daha da genişləndirməklə 12 min hektarda pambıq əkilmişdir ki, bunun da 3440.8 hektarı ”MKT İK” MMC, 3682.5 hektarı “Azərpambıq” MMC, 1310.2 hektarı rayon Kənd Təsərrüfatı idarəsinin nəzdində yaradılmış MMC və 3566.5 hektarı isə fərdi mülkiyyətçilər tərəfindən həyata keçirilmişdir.
Ölkə rəhbərinin tapşırıq və tövsiyyələrinə uyğun olaraq rayonumuzda yaradılmış“Yaşıl ada” Aqroparkında ötən dövr ərzində bir sıra işlər görülərək 6 km uzunluğunda çınqıl örtüklü yol çəkilmiş və 5 ədəd kənd təsərrüfatı texnikası alınmışdir. Hazırda 6,5 km beton kanalın çəkilişi işləri aparılır. Aqroparkda əkilmiş 530 hektar buğda və 764 hektar arpa məhsulu biçilərək yüksək məhsuldarlıq əldə olunmuşdur.Bu il əlavə olaraq 519.5 hektar sahədə pambıq və 70 hektar sahədə şəkər çuğunduru əkilmişdir.
“Aqroinvestment GreenFirm” MMC və “RULEX” MMC aqroparklarında hazırda sahələrin əkinə hazırlığı ilə bağlı meliorativ işlər aparılır, lazımi maddi-texniki bazanın yaradılması istiqamətində görülən tədbirlər davam etdirilir.
2018-ci ilin məhsulu üçün 2017-ci ilin payızında 15453 hektarı buğda, 14043 hektarı isə arpa olmaqla ümumilikdə 29496 hektar payızlıq dənli bitkilər əkilmişdir.Sahələrdən 82381 ton məhsul əldə edilmişdir ki, bunun da 45353 tonunu buğda, 37028 tonunu arpa bitkisi təşkli etmişdir.Hər hektardan məhsuldarlıq 27.9 sentner olmuşdur ki, bu da ötən ilki məhsuldarlıqdan çoxdur.
Bundan əlavə hesabat dövründə yazlıq əkinlər üzrə 1898 hektar tərəvəz, 700 hektar çəltik, 686 hektar şəkər çuğunduru, 527 hektar günəbaxan, 472.2 hektar qarğıdalı, 304 hektar kartof, 113.5 hektar bostan bitkiləri əkilmişdir.
2018-ci ilin I yarısında heyvandarlığın inkişafı sahəsində də irəliləyişlər əldə olunmuşdur. Belə ki, iri buynuzlu mal-qaranın baş sayı 41.8 min başa, xırda buynuzlu mal-qaranın baş sayı 140 min başa çatdırılmışdır. Bu dövrdə ət istehsalı 3517 ton, süd istehsalı 13601 ton olmuşdur.
Rayonda aparılan tikinti, abadlıq və quruculuq işləri barədə məlumat verən rayon icra hakimiyyətinin başçısı bildirdi ki, şəhərin H.Əliyev küçəsində inşa olunan Bayraq Muzeyi və Gənclər Mərkəzinin tikintisi başa çatdırılmışdır. Xırmandalı kəndində inşa olunan 40 yerlik uşaq bağçasının tikintisində son tamamlama işləri aparılır.Əsgərabad kəndində 4 hektar sahədə inşa olunan və gücü 4 min ton olan pambıq tədarükü məntəqəsinin tikintisi başa çatdırılmış, pambıq emalı müəssisəsinin tikintisi üçün əlavə 6,0 hektar torpaq sahəsi ayrılmışdır.
“Biləsuvar şəhərinin su təchzatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 avqust 2017-ci il tarixli 3202 nömrəli Sərəncamı ilə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 3,5 milyon manat vəsait ayrılmışdır.Hazırda şəhər ərazisində kanalizasiya sisteminin tikintisində son tamamlama işləri aparılır.Bəydili və Xırmandalı kəndlərinə içməli su xəttinin çəkilişi başa çatıdırilmişdir.Bəydili kəndində 25 ədəd, Xırmandalı kəndində 52 ədəd bulaq tikilib istifadəyə verilmişdir.
Kanalizasiya çəkilişi zamanı yararsız vəziyyətə salınmış 9 küçədə ümumilikdə 6.1 km uzunluğunda asfalt-beton örtük tikilmiş, Səməd Vurğun və Şəhriyar küçələrində 830 kv.metr sahədə asfalt-beton örtüyün təmiri işləri aparılmışdır. Hal-hazırda küçələrin asfaltlaşdırılması və təmiri işləri davam etdirilir.
20,5 min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən uzunluğu 15,4 km olan Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolunun tikintisi başa çatdırılmış, Zəhmətabad kəndi ilə Bağbanlar kəndini birləşdirən yolda əlavə olaraq 850 metr yol asfaltlaşdırılmışdır.
Ölkə Prezidenti cənab İlham Əliyevin 27 mart 2018-ci il tarixli Sərəncamı ilə bu il rayonun Muğan kəndində 100 yerlik ümumi orta məktəb üçün modul tipli yeni məktəb binası inşa olunacaqdır.
Cari ilin mart ayında “Ölkəmizi tanıyaq” tur aksiyası çərçivəsində rayonun 40 nəfər şagirddən ibarət nümayəndə heyətinin respublikamızın şimal rayonlarına səfər etmələri onlarda böyük təəssurat oyatmışdır.
Məlum olduğu kimi,iyun ayında rayonumuzun ümumtəhsil məktəblərinin 9 və 11-ci sinif şagirdləri buraxılış imtahanları vermiş və imtahanlarda 1166 nəfər 9-cu, 823 nəfər isə 11-ci sinif şagirdləri iştirak etmişdir.
Bu il rayonumuzun ümumtəhsil məktəblərini bitirmiş məzunlardan birinci turun nəticələrinə görə ali məktəblərə qəbul imtahanlarında 25 nəfər 600-dən, 59 nəfər isə 500-dən yuxarı bal toplamışdır.
Azərbaycanın Milli Qəhramanı Mübariz İbrahimovun adını daşıyan məktəb-lisey kompleksinin bu ilki bütün məzunları yüksək balla tələbə adını qazanmağa nail olmuşlar.
Ölkə Prezidenti cənab İlham Əliyevin əhalinin pulsuz tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırıq və tövsiyyələrinə uyğun olaraq rayonumuzda da bu ilin fevral ayında bu kompaniyaya start verilmiş və may ayında uğurla başa çatdırılmışdır.
Rayon üzrə 62.546 nəfər tibbi müayinədən keçmişdir ki, bu da 18 yaşdan yuxarı əhalinin 82.3 faizini təşkil edir.
Rayonumuzda idmanın və bədən tərbiyəsinin kütləvi hal alması üçün bir çox işlər görülmüşdür ki, bu da gənclərimizin hədsiz sevincinə səbəb olmuşdur.
Bu il ölkəmiz Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyini böyük təntənə ilə qeyd etdi.Respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da Cümhuriyyətin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirildi.Rayonumuzun sakinləri Azərbaycan Xalq Cümhuriyyətinin bu şanlı yubileyini bütün sahələrdə yüksək nailiyyətlərlə, sonsuz sevinc hissi ilə qeyd etmişlər.
2018-ci ilin birinci yarımilinin ən yadda qalan mühüm hadisələrindən biri - aprel ayının 11-də ölkəmizdə keçirilən Prezident seçkiləri olmuşdur.Bu seçkilər respublikamızın hər yerində böyük mütəşəkilliklə, seçicilərin yüksək fəallığı şəraitində keçmiş, xalq iqtidar birliyinin əsl təntənəsinə çevrilmişdir.Həmişə olduğu kimi, xalqımız yenə də müdrik Prezidentimiz cənab İlham Əliyevə səs verməklə öz xoşbəxt gələcəyinə səs vermişlər.
Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev çıxışının sonunda bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının ilin birinci yarısının yekunlarına həsr olunmuş iclasındakı proqram xarakterli çıxışı qarşımıza çox böyük məsuliyyət qoyur. Rayonumuzda da abadlıq, quruculuq işlərinin davam etdirilməsi, sosial infrastrukturun yenilənməsi, kənd təsərrüfatının, xüsusilə pambıqçılığın inkişaf etdirilməsi, Aqroparkların salınması, əhalinin məşğulluğunun təmin edilməsi və yeni iş yerlərinin yaradılması əsas məsələlərimiz olacaqdır.
Ölkə başçısının proqram xarakterli çıxışını rəhbər tutaraq 2018-ci ildə və sonrakı illərdə də rayonumuzun sosial-iqtisadi inkişafını təmin edən tədbirlərin həyata keçirilməsini təmin edəcəyik.
Hesabat iclasında Biləsuvar şəhər icra nümayəndəsi Qabil Xammədov, Biləsuvar rayon Suvarma Sistemlər İdarəsinin baş mühəndisi Tehrac Eyvazov, rayon Məşğulluq Mərkəzinin direktoru Əvəz Əliyev çıxış edərək fəaliyyət göstərdikləri sahələr üzrə görülmüş işlər barədə ətraflı məlumat verdilər və qarşıda duran vəzifələr müzakirə olundu.