Biləsuvarda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım günü qeyd olundu.
18 iyun 2018-ci il tarixdə Biləsuvar rayonunda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım günü qeyd olundu.
Biləsuvar rayon ziyalıları və gənclər Əliabad kəndində yerləşən Milli Qəhrəmanın evini ziyarət edərək ailəsi ilə görüşdülər.
Görüş zamanı Milli Qəhrəman Mübariz İbrahimovun həyatından və torpaqlarımızın müdafiəsi zamanı göstərdiyi şücaətdən danışan natiqlər, qeyd etdilər ki “Mübariz qısa ömür yaşasa da canını vətən yolunda fəda etməsi ilə özündən sonra böyük bir igidlik, mübarizlik məktəbi qoydu. İndi hər bir azərbaycanlı onun mübarizə dolu həyatı ilə fəxr edir. Mübariz ölümün gözünə dik baxaraq, Vətən sevgisinin heç nə ilə əvəz olunmadığını bir daha sübut etdi.Bu şücaəti ilə Mübariz Azərbaycan gəncliyinə başucalığı gətirdi. Bu gün hər bir gənc Mübariz qəhrəmanlığından örnək alır, nümunə götürür.
Milli Qəhrəmanın atası Ağakərim İbrahimov ölkə rəhbərliyi tərəfindən onların ailəsinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına öz dərin təşəkkürünü bildirdi.
Sonra ziyarət iştirakçıları Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova məxsus müxtəlif şəkillər, haqqında yazılmış kitablar, jurnallar və qəzetlərdən ibarət guşə ilə tanış oldular.