Biləsuvar rayonunda “Erkən nigah milli ailə dəyərlərimizə ziddir!” movzusunda maarifləndirici tədbir keçirildi.
16 may 2018-ci il tarixdə Biləsuvar rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Saf həyat naminə” Gənclərin İctimai Birliyi tərəfindən Biləsuvar şəhər 4 saylı tam orta məktəbində və rayon Peşə liseyində “Erkən nigah milli ailə dəyərlərimizə ziddir!” movzusunda qızlar arasında maarifləndirmə işinin təşkili layihəsi çərçivəsində tədbir keçirdi.
Tədbirdə Rayon İcra Hakimiyyətinin məsul işçisi Səbinə Hüseynzadə, “Saf həyat naminə” Gənclərin İctimai Birliyinin sədri Dinara Bayramlı, “Yeni Həyat Humanitar və Sosial Dayaq” İctimai Birliyinin rəhbəri Nailə İsmayılova, İnsan alveri qurbanlarına Yardım mərkəzinin direktoru Nəzakət Balabəyova, valideyinlər və yuxarı siniflərdə oxuyan qızlar iştirak etdi.
Rayon İcra Hakimiyyətinin məsul işçisi Səbinə Hüseynzadə çıxış edərək mövzunun aktuallığı barədə məlumat verdi və layihənin təşkili ilə əlaqədar birliyin kollektivinə minnətdarlığını bildirdi.
Sonra “Saf həyat naminə” Gənclərin İctimai Birliyinin sədri Dinara Bayramlı çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “SAF Həyat Naminə” Gənclər İctimai Birliyi tərəfindən “Erkən nikah milli ailə dəyərlərimizə ziddir!” qızlar arasında maarifləndirmə işinin təşkili” adlı layihəsinə 01 aprel 2018-ci il tarixindən start verilib və 3 ay müddətində bölgələr üzrə Saatlı, Biləsuvar və Lənkəranı, eyni zamanda Bakı şəhərini əhatə edəcək.
Tədbirdə çıxış edənlər qeyd etdilər ki “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu, eləcə də 1989-cu ildə qəbul olunmuş Uşaq hüquqları haqqında Konvensiyada tam fəaliyyət qabiliyyəti olmayan şəxslər uşaq hesab edilir. Uşaqların vaxtından əvvəl ailə həyatı qurmalarına təhrik edilməsi nəticə etibarilə erkən nikahların baş veməsinə gətirib çıxarır. Əsasən 15-16 yaşında olan qızların erkən nikaha məcbur edilməsi onların təhsil almaq, peşə öyrənmək, sənət sahibi olmaq kimi istək və arzularının gerçəkləşməsinə mane olur. Xüsusilə qeyd edək ki, müasir dövrdə qızlar özləri üçün xoşbəxt gələcək qurmaq arzusunda olurlar. Bu istək və arzuların gerçəkləşməsi üçün cəmiyyətimizə töhfə vermək məqsədilə layihə bölgələrdə yetkinlik yaşına çatmayan qızların təhsildən uzaqlaşdırılaraq, erkən nikahlara cəlb edilməsinin və onun yaratdığı fəsadların qarşısının alınması üçün valideynlərinin, həmçinin tam orta təhsil müəssisələrinin rəhbərlərinin və yuxarı sinif şagirdlərinin maarrifləndirilməsi işini təşkil etmək niyyətindədir.
Tədbir zamanı uşaqları və valideynləri maraqlandıran suallar cavablandırıldı.