Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda Akademik Zərifə xanım Əliyevanın 95 illik yubileyi qeyd edildi.

26 aprel 2018 | 16:00

26 aprel 2018-ci il tarixdə Biləsuvar rayon Heydər Əliyev Mərkəzində  görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın 95-ci ildönümü ilə əlaqədar tədbir keçirildi.
Tədbirdə Biləsuvar  rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, rayon ictimaiyyəti və kütləvi informasiya vasitələrinin nümayəndələri  iştirak etdi.
İştirakçılar əvvəlcə  görkəmli alim, ictimai xadim Zərifə xanım Əliyevanın həyat və fəaliyyətindən bəhs edən  sərgiyə baxdılar.
Sonra geniş məruzə ilə çıxış edən Biləsuvar  rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev görkəmli alim, ictimai xadim Zərifə xanım Əliyevanın həyat və fəaliyyətindən bəhs edərək bildirdi ki,  Zərifə xanım Əliyeva  orta məktəbi bitirdiktən sonra  1942-47-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib. Sonra Moskva şəhərində Mərkəzi həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya üzrə ixtisaslaşdırma kursu keçib.Z.Ə.Əliyevanın elmi tədqiqatlara olan sonsuz marağı onu Azərbaycan Oftalmologiya Elmi-Tədqiqat İnstitutuna gətirib çıxarmış və institutda həkim-ordinator kimi işə başlamışdır. Z. Ə. Əliyeva 1950-ci ildə aspiranturaya daxil olmuş, aspiranturanı bitirdiktən sonra respublika Oftalmoloqiya Elmi-Tədqiqat İnstitutunda elmi işçi olmuşdur.
Həmin illərdə Azərbaycanı traxoma göz xəstəliyi bürümüşdü. O zaman xəstəliyə qarşı təsirli müalicə üsulları yox idi və onunla mübarizə təkçə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edir. Konkret müalicə təcrübəsindən başqa o, Azərbaydanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyur, əhali arasında çoxlu söhbətlər aparırdı.
Zərifə xanım Əliyeva «Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti» mövzusunda yazdığı doktorluq dissertasiya işini dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən birində - H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etmişdir. Z.Ə.Əliyevanın dissertasiya işi alim-oftalmoloqların yüksək qiymətini almış, oftalmologiyanın bu sahəsində ilk işlərdən biri olmuşdur. 1977-ci ildə Z.Ə.Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilmişdir.
1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə - görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Z.Ə.Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata - SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafata layiq görümüşdür. Zərifə xanım bu mükafata layiq görülən ilk qadın həkim idi.
Böyük xidmətlərinə, çoxillik elmi- tədqiqat işlərinə görə professor Z.Ə.Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdir. Akademik Z.Ə.Əliyeva ömrü boyu böyük ictimai iş aparmış, keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini «Bilik» Cəmiyyəti İdarə Heyətinin üzvü və keçmiş İttifaqın Oftamoloqları Elmi Cəmiyyətinin « Oftalmologiya xəbərləri» jurnalının redaksiya heyətinin üzvü idi.Fəaliyyəti dövründə Zərifə xanım Əliyeva bir sıra orden və medallara layiq görülərək Azərbaycanın əməkdar elm xadimi fəxri adını almışdır.
M.Quliyev bildirmişdir ki, Zərifə xanım Əliyeva müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin - ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. Vaxtilə Əziz Əliyevin ailəsində görüb-götürdükləri yaxşı bir təcrübə kimi ölkənin birinci şəxsinin xanımı olduğu zamanlarda köməyinə çatıb. O, ulu öndərimizə mənəvi dayaq, arxa olub. Zərifə xanım Əliyeva 1985-ci ildə aprel ayının 15-də Moskva şəhərində vəfat etmişdir. 1994-cü ildə onun cənazəsi Bakıya gətirilərək Fəxri Xiyabanda atasının qəbrinin yanında dəfn edilmişdir. Hazırda  Respublika Göz Xəstəlikləri İinstitutu və onlarla tibbi-sosial müəssisələr Zərifə xanım Əliyevanın adını daşıyır. Azərbaycan xalqı onun xatirəsini həmişə əziz tutur və xidmətlərini unutmur. Zərifə xanımın işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə bizimlə qalacaq, onun parlaq xatirəsi daim anılacaq, qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaq.
Tədbirdə çıxış edən Biləsuvar Mərkəzi rayon xəstəxanasının oftalmoloqu Vəfa Məmmədova, şəhər 6 saylı tam orta məktəbin direktor müavini Nurəngiz Xosuzadə və digərləri görkəmli alim Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti haqqında, xüsusilə tibb sahəsində və göz xəstəlikləri və onun  müalicəsi ilə bağlı əldə etdiyi yeniliklərin bu gün də tibb elmində davamlı şəkildə istifadə edilməsi barədə iştirakçılara geniş məlumat verdilər.
Tədbirin sonunda bir qrup tibb işçisinə rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları təqdim olundu.

Keçidlər