Biləsuvar rayonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq əhalinin tibbi müayinədən keçirilməsi davam edir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq 2018-ci ilin fevral ayının 12-dən başlayan əhalinin tibbi müayinədən keçirilməsi aksiyası Biləsuvar rayonunda da uğurla davam etdirilir.
Biləsuvar rayonunda tibbi müayinənin yüksək səviyyədə keçirilməsini təmin etmək üçün Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə xüsusi komissiya yaradılmışdır. Komissiyanın işinə yerli icra və bələdiyyə orqanlarının, müvafiq dövlət qurumlarının rəhbərləri, habelə müayinənin keçiriləcəyi tibb müəssisələrinin tibbi personalı cəlb edilmişlər. Rayon əhalisinin sağlamlığının qorunmasına yönələn bu mühüm aksiya aktiv formada həyata keçirilir. Bu məqsədlə rayonda yerləşən bütün səhiyyə ocaqlarında əhalinin tibbi-proflaktik müayinədən keçirilməsi üçün hərtərəfli şərait yaradılmışdır.
Aksiya başlanandan – fevralın 12-dən bu günə kimi rayon üzrə 53 min 713 nəfər sakin tibbi müayinədən keçirilib.Artıq 26 yaşayış məntəqəsindən 22-də və 52 təşkilatın hamısında kütləvi tibbi müayinələr başa çatmışdır.
Müayinələr zamanı xəstəlik aşkarlanan 4102 nəfər ambulator, 147 xəstə stasionar müalicəyə cəlb olunub. 43 xəstə isə müalicə üçün Bakı şəhərindəki ixtisaslaşdırılmış səhiyyə müəssisələrinə göndərilib.Tibbi müayinə bu ilin may ayının 1-də başa çatacaq.