Biləsuvarda ilk dəfə səs verəcək gənc seçicilərlə maarifləndirmə tədbiri keçirildi.
06 mart 2018-ci il tarixdə Biləsuvar rayonunda Prezident seçkilərində ilk dəfə səs verəcək gənclərlə görüş keçirildi. Biləsuvar Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Biləsuvar Peşə Liseyində keçirilən görüşdə Biləsuvar rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Mirzə Cəfərov, rayon Ağsaqqallar Şurasının sədri Əvəz Miriyev, 66 saylı Biləsuvar Dairə Seçki Komissiyasının katibi Ənvər Cəbrayılzadə və 40 nəfər ilk dəfə səs verəcək gənc iştirak etdi.
Tədbiri giriş sözü ilə açan Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov qeyd etdi ki, Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin I hissəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq 11 aprel 2018-ci il tarixdə Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. Gənclər hər bir dövlətin gələcəyini, inkişafını istiqamətləndirən cəmiyyətin aparıcı qüvvəsidir. Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında birmənalı olaraq dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olmuşdur. Odur ki, gənclərimiz seçkilərdə daha fəal olmalıdır.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Mirzə Cəfərov, Ağsaqqallar Şurasının sədri Əvəz Miriyev çıxış edərək bildirdilər ki, hazırda ölkəmiz yüksəliş dövrünü yaşayır. Biz gələcəyimizi düşünməliyik. Bizim hədəfimiz sivil gələcəyə hesablanan addımlardır.Biləsuvar rayonunun gənc seçiciləri bu işdə də aktiv olub 11 apreldə keçiriləcək Prezident seçkilərində fəal iştirak etməlidir.
66 saylı Biləsuvar Dairə Seçki Komissiyasının katibi Ənvər Cəbrayılzadə seçki hüququndan, seçkilərə hazırlıq işlərindən danışaraq, seçkilərin ölkəmizin həyatında mühüm hadisə olduğunu diqqətə çatdırıb, seçkilərin azad, demokratik və şəffaf keçirilməsi üçün hər bir seçicinin, o cümlədən ilk dəfə səs verəcək gənclərin səsvermədə yüksək məsuliyyət nümayiş etdirməsinin zəruriliyini vurğulayıb.
Maarifləndirmə tədbirində seçki qaydalarına dair videoçarxın təqdimatı keçirildi və gəncləri maraqlandıran suallar cavablandırıldı.
Sonda 40 nəfər ilk dəfə səs verəcək gənc seçicilərlə simulyativ “seçki” prosesi keçirildi.