Biləsuvarda dövlət və din münasibətlərinə dair konfrans keçirildi
Noyabrın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Biləsuvar rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Biləsuvar rayon Heydər Əliyev Mərkəzində konfrans keçirilib.
“Dini maarifləndirmə işinin təşkili: Təcrübə və yeni yanaşma” mövzusunda keçirilən konfransda rayonun ümumtəhsil məktəblərinin direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, məktəb psixoloqları, “Həyat bilgisi” fənnini tədris edən müəllimlər və rayon gəncləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Biləsuvar RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Kamil Qurbanlı tədbir iştirakçılarının rayon İcra Hakimiyyətinin Başçısı adından salamlayaraq ölkəmizdə dini sahəyə dövlət qayğısından danışıb və bu siyasətin demokratik dövlət quruculuğu kursuna, eləcə də dövlət-din münasibətlərinin milli-mənəvi və hüquqi müstəvidə tənzimlənməsi prinsipinə əsaslandığını qeyd edib. O, eyni zamanda rayonda keçirilən dini maarifləndirmə tədbirlərinin önəminə də toxunub.
DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov respublikanın bütün rayon və şəhərlərində, cəmiyyətin bütün təbəqələrini əhatə etməklə mütəmadi olaraq keçirilən konfrans və seminar-treninqlərdən ətraflı danışaraq dini maarifləndirmə ilə bağlı tədbirlərin davam etdirilməsinin zəruriliyini vurğulayıb.
DQİDK-nın sədr müavini Gündüz İsmayılov çıxışında dini maarifləndirmə işini zəruri edən amillər barədə fikirlərini bölüşüb. Bildirib ki, son illər dünyada baş verən proseslər təsdiqləyir ki, din amili təzyiq və təsir vasitəsi kimi önə çıxır. Hazırda dünyada bölücülük daha çox dini müstəvidədir və bunun səbəblərindən biri din pərdəsi altında terrorizmi, silahlı münaqişələri böyük miqyasda və daha intensiv şəkildə yaratmağın asan olmasıdır. Sədr müavini qeyd edib ki, təəsüf ki, ölkəmizdə də dini durumda üzləşdiyimiz məsələlərdən biri də radikalizmdir. "Buna görə də cəmiyyətimiz məhz zərərli dini cərəyanlara qarşı intensiv maarifləndirilməli, lazımi dini biliklər sistemli şəkildə verilməlidir. Çünki insanları yalnız inzibati tədbirlər yolu ilə zərərli dini cərəyanların təsirindən qorumaq qeyri-mümkündür” - deyə sədr müavini vurğulayıb.
Sonda iştirakçıların sualları cavablandırılıb.