Biləsuvarda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 26-cı ildönümünə həsr olunmuş tədbir keçirildi.
18 oktyabr 2017-ci il tarixdə Biləsuvar rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının dövlətmMüstəqilliyinin bərpasının 26-cı ildönümünə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev, İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, məktəb direktorlar, rayon ağsaqqalları, gənclər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etdi.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyatət edib, əziz xatirəsinə gül dəstələri qoydular.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra ulu öndər Heydər Əliyevin fəaliyyətinə həsr olunmuş video çarx nümayiş etdirildi.
Sonra Biləsuvar rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev tədbirdə geniş məruzə ilə çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 26-cı ildönümünü Azərbaycan xalqı və bütün dünya azərbaycanlıları böyük təntənə ilə qeyd edir. Bu, xalqımızın əsrlər boyu arzusunda olduğu çox möhtəşəm tarixi nailiyyətdir.
Azərbaycan xalqı milli dövlətçiliyi tarixində ikinci dəfə müstəqilliyinə qovuşana qədər uzun tarixi bir yol keçmişdir. Mübarizələrlə dolu bu tarixi yolun bir məqsədi, bir amalı olmuşdur: azadlıq, müstəqilik. XX əsrdə Azərbaycan xalqının ən böyük nailiyyəti isə məhz, bu müstəqilliyin qazanılmasıdır. Öz müstəqilliyini bərpa edən ölkəmiz artıq demokratik, hüquqi, dünyəvi dövlətin möhkəm təməlini qoymuşdur.Azərbaycan xalqı uzun illər böyük bir imperiyanın tərkibində olmasına baxmayaraq dilini, milli-mənəvi dəyərlərini və mədəniyyətini göz bəbəyi kimi qoruyub saxlaya bilmişdir.Ona görə də XX əsr xalqımızın yaddaşında dövlətçilik, müstəqillik, ərazi bütövlüyü uğrunda mübarizə əsri kimi qalacaqdır. M.Quliyev bildirdi ki,1991-ci ilin 18 oktyabr tarixində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin elan edilməsi və “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nın qəbul olunması müstəqil dövlətçilik yolunda yeni bir mərhələnin başlanğıcı idi. “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nın qəbul edilməsi ilə hüquqi əsası qoyulan müstəqilliyimiz, məhz, dahi şəxsiyyət,ulu öndərimiz Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışı ilə möhkəmlənmişdir.
1993-cü ildə müdrik Heydər Əliyevin yenidən ölkə rəhbərliyinə qayıdışı ilə respublikamızın ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsaslı dönüş yarandı, müstəqil dövlət quruculuğu prosesi başlandı. Bu dahi şəxsiyyətin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin məntiqi nəticəsi olaraq Milli Ordumuz formalaşdı, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı. 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olundu.
Müstəqilliyimizin xalqımız üçün tarixi əhəmiyyətindən danışan Ulu öndər Heydər Əliyev deyirdi: “Azərbaycanın dövlət müstəqilliyi bizim üçün ən əziz, ən qiymətli hədiyyədir və biz bu nailiyyəti – dövlət müstəqilliyimizi daim qoruyub saxlayacayıq. Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanması, daimi və əbədi olması bundan də çətindir...”
1995-ci ilin noyabr ayının 12-də müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi və müstəqillik tariximizdə ilk parlament seçkiləri keçirildi. Müstəqil Azərbaycan Konstitusiyası ölkəmizdə yeni dövlət quruculuğu üçün dövlət fəaliyyətinin və cəmiyyətin inkişafının gələcək modelinin hüquqi əsasını yaratdı.
Ulu Öndərin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyası bu gün onun layiqli varisi, Azətbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən inamla və qətiyyətlə davam etdirilir. Mütərəqqi idarəçilik prinsipləri, özünün müdrik daxili və xarici siyasəti ilə dünyada böyük nüfuz sahibinə çevrilmiş möhtərəm Prezidentmiz cənab İlham Əliyev dövlət başçısı kimi məsuliyyətli və şərəfli vəzifəni inamla icra edir. Ötən illər ərzindəki fəaliyyəti dövlət başçısının verdiyi bütün vədlərin əməli fəaliyyətə çevrildiyini tamamilə təsdiqləmişdir.
Hər birimiz böyük qürur duyuruq ki, müstəqil ölkəmiz bu gün regionun ən güclü ordusuna, ən sabit iqtisadiyyatına və ən böyük inkişaf potensialına sahib olan bir dövlətdir.
Möhtərəm Prezidentimizin milli maraqlara əsaslanan siyasəti, iqtisadi inkişaf və demokratikləşmə, hüquqi dövlət quruculuğu xətti, qətiyyətli diplomatik fəaliyyəti müstəqil dövlətçiliyimizin möhkəmliyini təmin edir.
M.Quliyev çıxışında respublikamızın bir güşəsi olan Biləsuvar rayonunun da müstəqilliyimizin 26 ili ərzində böyük bir inkişaf yolu keçdiyini bildirməklə qeyd etdi ki, bu gün rayonumuz respublikamızın abad, yaraşıqlı və müasir bir bölgəsi olmaqla, öz simasını aydan-aya dəyişir, yeni-yeni tikintilər həyata keçirilir, infrastruktur layihələri icra olunur. Yeni sosial obyektlərin tikintisi, əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Rayonumuzun bütün yaşayış məntəqələrinin qazlaşdırılması işi tamamilə başa çatdırılmış, ailələrə böyük sevinc gətirmişdir. Aparılan bu geniş abadlıq və quruculuq işləri ilə yanaşı, özəl sektorun və sahibkarlığın inkişaf etdirilməsi, yeni iş yerlərinin açılması böyük razılıq hissi ilə qarşılanır.
Çıxışının sonunda rayon icra Hakimiyyətinin başçısı Mahir Quliyev Azərbaycanın Dövlət Müstəqilliyi bayramı münasibətilə bir daha rayon əhalisini təbrik etdi və xalqımızı müdrik Prezidentimizin ətrafında daha sıx birləşərək müstəqilliyimizin daimi və əbədi olması yolunda əzmlə çalışmağı arzuladı.
Tədbirdə Biləsuvar şəhər Texniki Fənlər təmayüllü İnternat tipli məktəb-liseyin direktoru Nətavan Şərbətova, Əsgərabad kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndənin müavini Allahverdi İmanov, Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçi Sahil Hüseynzadə çıxış edərək Dövlət Müstəqilliyimizin bərpasının 26 illiyi münasibətilə təbriklərini bildirdilər.
Sonda ədəbi-bədii kompazisiya nümayiş olundu.