Biləsuvarda aprel döyüşçülərinin ailələri ilə görüş keçirildi
14 oktyabr 2017-ci ildə Biləsuvar rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonda yaşayan aprel döyüşçülərinin ailə üzvlərinə baş çəkildi.
Rayon İcra Hakimiyyəti başçısının müavini Ləman xanım Yüzbaşova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə rayon şöbəsinin əməkdaşı Ramiq Sultanov, Qarabaq Əlilləri və şəhid ailələri rayon təşkilatının sədri Bəhruz Əliyevin iştirakı ilə Əsgərabad kəndində İmanov Aqil Allahverdi oğlunun, Çaylı kəndində Əliyev Babək Bəxtiyar oğlunun və Bağbanlar kəndində Ağazadə Nicat Aydın oğlunun ailəsi ilə görüşülərək onların səhhəti və ailə qayğıları ilə bağlı söhbət aparıldı.
Görüşlərdə həmin kəndlərin icra nümayəndələri, bələdiyyə sədrləri və aprel döyüşçülərinin yaxınları iştirak etdi.
Biləsuvar rayon İcra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova görüş zamanı aprelı döyüşləri barədə danışaraq bildirmişdir ki, 2016-cı ilin 2-5 aprel tarixlərində mənfur düşmənlərimizlə aparılan döyüşlər Azərbaycan ordusunun döyüş əzminin göstəricisi, Azərbaycan xalqının birliyinin nümayişi idi. Bu, düşmənə və onun havadarlarına bir mesaj idi ki, danışıqlar nəticə vermədiyi təqdirdə Azərbaycan Ordusu qısa müddətdə üzərinə düşən vəzifəni yerinə yetirəcək.Aprel döyüşləri xalqımızın yaddaşında əbədi yaşayacaqdır.Lələtəpə və Talış kimi strateji əhəmiyyətli yüksəkliklərin düşməndən geri alınmasında iştirak edən Biləsuvar gənclərinin də iştirakı bizi qürurlandırır.
L.Yüzbaşova bildirdi ki, aprel döyüşləri zamanı əsgərlərimiz, zabitlərimiz Vətən yolunda qəhrəmanlıq göstərərək şəhid oldular. Övladını itirmək hər bir valideyn üçün böyük faciədir.Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların əziz xatirəsi xalqımızın ürəyində əbədi yaşayacaq. Döyüşlərdə bir çox əsgər və zabitlərimiz yaralanaraq sağlamlıqlarını itirdilər.Ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralanmış, xəsarət almış əsgərlərimizin sağlamlığının bərpasına Azərbaycan dövləti xüsusi diqqətlə yanaşaraq hər bir əsgərin tez bir zamanda sağalması üçün bütün lazımi addımları atdı və bu gündə müharibə iştirakçıları bizim üçün çox dəyərli və əzizdirlər.Bundan sonra da çalışacağıq ki, sizlərin bütün qayğılarınız, ehtiyaclarınız tez bir zamanda öz həllini tapsın.
Çay süfrəsi arxasında keçirilən söhbətlərdə balaca fidanlar qəhrəmanlığı,vətəni,torpağı vəsf edən şeirlər söylədilər.
Daha sonra aprel döyüşlərinin qaziləri xatirələrini dilə gətirərək, bundan sonra da Vətənin müdafiəsi, torpaqlarımızın düşmən tapdağından azad edilməsi üçün əllərindən gələni etməyə hazır olduqlarını qeyd edərək, onlara göstərilən qayğı və diqqətə görə ölkə rəhbərliyinə və qonaqlara minnətdarlıqlarını bildirdilər