Biləsuvar rayonunda 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat iclası keçirildi.
12 oktyabr 2017-ci il tarixdə Biləsuvar rayon İcra Hakimiyyətində 2017-ci ilin doqquz ayında rayonun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi.
Hesabat iclasında Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların rəhbərləri, icra nümayəndələri, bələdiyyə sədrləri, rayonun iş adamları, ağsaqqallar, gənclər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etdi.
Yığıncaqda geniş məruzə ilə çıxış edən Biləsuvar rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev 2017-cı ilin doqquz ayında rayonda bütün sahələr üzrə görülən işlər barədə ətraflı məlumat verdi.
M.Quliyev bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sədrliyi ilə 9 oktyabrda Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasında Cənab Prezident bu ilin doqquz ayında ölkəmizin uğurla və hərtərəfli inkişaf etdiyini, bütün sahələrdə dinamik inkişafın təmin edildiyini bildirərək iqtisadi göstəricilərimizin müsbət olduğunu vurğulamış və ötən müddət ərzində qeyri-neft iqtisadiyyatının 2,5 faiz artımını son illərdə aparılan siyasətin nəticəsi kimi xarakterizə etmişdir.Cənab Prezident bildirmişdir ki, bu dövrdə qeyri-neft sektorunun sənaye hissəsində artım 3,1 faiz, kənd təsərrüfatında 2,8 faiz təşkil etmişdir.Ötən doqquz ayda Azərbaycanın valyuta ehtiyatlarının 42 milyard dollar səviyyəsində olduğunu bildirən cənab Prezident bu dövrdə valyuta ehtiyatlarımızın 4,5 milyard dollar həcmində artmasını doqquz ayın ən uğurlu məsələlərindən biri olduğunu qeyd etmişdir.
Yığıncaqda məruzə ilə çıxış edən M.Quliyev bildirdi ki, Respublikamızda aparılan sosial-iqtisadi inkişafa uyğun olaraq rayonumuzda da bu dövrdə ayrı-ayrı sahələrdə nailiyyərlər əldə olunmuş, ölkə rəhbərinin regionlarda aqrar sahənin, xüsusilə də pambıqçılığın inkişaf etdirilməsi istiqamətində qarşımıza qoyduğu vəzifələrə uyğun olaraq kompleks tədbirlərin həyata keçirilməsinə başlanılmışdır. Bunun nəticəsidir ki, ötən doqquz ayda kənd təsərrüfatı sahəsində çalışanların sayı rayon üzrə 40 min nəfərə yaxın olmuşdur. Bu dövrdə ümumi məhsul istehsalında kənd təsərrüfatının həcmi 126.5 milyon manat təşkil etmişdir ki, bu da hesabat dövründə istehsal olunan ümumi məhsulun 55.6 faizidir.Ötən illə müqayisədə bu il rayonda pambıq əkin sahəsi 2 dəfə, taxıl və digər sahələr isə 1.5 dəfə genişləndirilmiş, çəltik, soya, qarğıdalı kimi bitkilərin əkininə nail olunmuşdur. Pambıqçılıq ənənələrinə malik olan Biləsuvar rayonunda ötən 2016-cı ildə 6040 hektar sahədə pambıq əkilmiş və 12062 ton məhsul toplanmışdır.Bu il isə əkin sahələri 2 dəfə artırılaraq 11351 hektara çatdırılmış və hesabat gününədək sahələrdən 10 min tona yaxın məhsul toplamışlar.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “2017-2022-ci illərdə pambıqçılığın inkişafı ilə bağlı Dövlət Proqramı”nda kənd təsərrüfatının kooperativləşdirilməsi və yeni təsərrüfat formalarının yaradılması nəzərdə tutulmuşdur. Proqrama uyğun olaraq rayonumuzda da bu istiqamətdə 2 Aqropark yaradılmışdır. Aqroparklar geniş prespektivləri özündə cəmləşdirərək kənd təsərrüfatında yeni idarəetmə formasının bariz nümunəsidir.
Hesabat dövründə “Aqroinvestment Green Firm” Məhdud Məsuliyyətli Cəmiyyəti 5000 hektar ərazidə yaradılmış aqroparkda kənd təsərrüfatı məhsullarının becərilməsi məqsədilə Araz çayından ayrılan 42 km-lik suvarma kanalının tikintisini davam etdirmiş, ərazinin əkinə hazırlığı və texnikaların alınması ilə bağlı işlərə başlamışdır.İlin sonuna kimi MMC tərəfindən bu işlərə 1 milyon ABŞ dollarına yaxın investisiya qoyulması nəzərdə tutulmuşdur.
“Yaşıl ada” MMC adlı ikinci aqroparkda isə artıq ofis binası, 10 min tonluq anbar, 5 ədəd tarla düşərgəsi salınmışdır. 18 km avtomobil yolunun çəkilişinə başlanmış, 20 km sahələrarası yollar çəkilmişdir, böyük şor kollektoru üzərində avtomobil korpusu tikilmişdir. 10 km-lik suvarma kanalında 30 min kub metr lildən təmizləmə Işləri aparılmışdır.63 min kub metr ərazidə şor kollektoru lildən təmizlənmiş, 60 min kub metr ərazidə yeni aralıq kollektor qazılmışdır. Burada əkin sahələri və tikinti işlərinə 1 milyon manata yaxın daxili investisiya qoyulmuşdur. Hazırda Aqroparkda 1000 nəfərdən artıq işçi çalışır.Bu günədək Aqropark ərazisində 435 hektar pambıq, 220 hektar qarğıdalı, 65 hektar buğda əkilmişdir.Buğda sahələrindən 195 ton məhsul götürülərək məhsuldarlıq 30 sentnerə çatdırılmışdır. Aqroparkda hazırda 435 hektar sahədə əkilən pambıq sahəsində pambıq yığımı aparılır.Bu günədək sahələrdən 250 tona yaxın məhsul yığılmışdır.Yığım sürətlə davam edir.
Prezident İlham Əliyev cənablarının bölgələrə sərmayə qoyuluşu çağırışına qoşulan iş adamları üçün son dövrlər rayonumuz da ayrı-ayrı investorların maraq dairəsinə çevrilmişdir. Heç də təsadüfi deyil ki, əlverişli iqlim şəraitinə və bol su şəbəkəsinə malik rayonumuzda hazırda kənd təsərüfatı üzrə 7 investorun sərmayələri qoyulmuşdur. 2017-ci ildə “Muğan düyü” MMC rayonumuzda 1200 hektar torpaq sahəsini icarəyə götürmüş və cari ildə MMC 320 hektar sahədə çəltik, 100 hektar sahədə qarğıdalı və 100 hektar sahədə pambıq əkmişdir. “Azərtoxum” MMC tərəfindən isə 500 hektar sahədə qarğıdalı əkini aparmışdır.
Bu il 20982 hektar payızlıq taxıl əkini aparılmışdır ki, nəticədə 56 min ton taxıl istehsal olunmuş, hər hektardan məhsuldarlıq 26.6 sentner təşkil etmişdir. Rayon əhalisi ərzaq buğdasına olan tələbatını öz məhsulları hesabına ödəmişlər. Hesabat dövründə rayonda yazlıq bitkilərdən 903 hektar qarğıdalı, 26 hektar sorqo, 94 hektar paxlalılar, 410 hektar şəkər çuğunduru, 805 hektar günəbaxan, 20 hektar soya, 125 hektar kartof, 2054 hektar isə bostan-tərəvəz məhsulları əkilmiş və sahələrdən bol məhsul toplanmışdır.
Hesabat dövründə rayonumuzda ümumi məhsul buraxılışının həcmi 227,8 milyon manat olmuşdur ki, buda ötən ilin müvafiq dövrü ilə müqayisədə 9.4 faiz çox olmuşdur. Ümumi məhsul buraxılışının həcmində kənd təsərrüfatının payı 126.5, ticarətdə 57.7, sənayedə 20.9, tikintidə 20, informasiya nəqliyyat və rabitədə isə 2.7 milyon manat olmuşdur.Doqquz ayda əsas kapitala yönələn investisiyalar 22.2 milyon manat, pərakəndə əmtəə dövriyyəsi isə 172.7 milyon manat təşkil etmişdir.Adambaşına düşən ümumi məhsul buraxılışının həcmi 227.8 manat, orta aylıq əmək haqqı isə 294 manat olmuşdur. 2017-ci ilin doqquz ayında rayon əhalisinin gəlirləri 216 milyon manat, adambaşına düşən gəlirlərin həcmi isə 2117 manat təşkil etmişdir. Sahibkarlığın inkişafına kömək məqsədilə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən doqquz ayda 45 nəfər sahibkara 568 min manat kredit verilmişdir.
Ötən doqquz ayda rayonda aparılan tikinti, abadlıq və quruculuq işlərinə toxunan İcra Hakimiyyətinin başçısı bildirmişdir ki, bu dövrdə “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında “ Azərbaycan Respublikası Prezidentinin 17 mart 2017-ci il tarixli sərəncamının icrası ilə əlaqədar Zəhmətabad kəndində yerləşən su anbarından rayonun Bəydili və Xırmandalı kəndlərinə yeni su xətti çəkilmiş, Bəydili kəndində 25 ədəd, Xırmandalı kəndində isə 52 ədəd bulaq tikilib istifadəyə verilmişdir.
“Biləsuvar şəhərinin su təchzatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 avqust 2017-ci il tarixli Sərəncamı ilə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 3,5 milyon manat vəsait ayrılmışdır və hal-hazırda şəhər ərazisində kanalizasiya sisteminin tikintisi davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının “Biləsuvar şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” imzaladığı müvafiq sərəncamına uyğun olaraq şəhər ərzsindəki aztəminatlı ailələrin yaşadığı 25 ədəd çoxmənzilli yaşayış binalarında aparılan təmir işləri artıq yekunlaşmaq üzrədir. Bundan əlavə rayonun Əliabad kəndinin mərkəzi küçəsində 2,0 km uzunluğunda asfalt yol çəkilmiş, Ələt-Astara mağistral avtomobil yolunda 396.5 min manatlıq, Biləsuvar-İran sərhəddi magistral avtomobil yolunda isə 72,7 min manatlıq yol təmiri işləri aparılmışdır. Ötən dövr ərzində rayonda əhalinin elektrik enerjisi və təbii qazla təmin edilməsi istiqamətində işlər görülərək yaşayış məntəqələrində şəhər mərkəzində və kəndlərdə 10 kv-luq şəbəkə üzrə 9.56 km naqil, 0.4 kv-luq şəbəkə üzrə 5.92 km naqil yenilənmiş, 11.96 km SİP kabel çəkilmiş, 466 yeni metal elektrik dirəyi, 51 ədəd beton dirəyi və 31 ədəd yeni elektrik transformatoru quraşdırılmışdır.Rayonun bütün yaşayış məntəqələri 100 faiz təbii qazla təmin edilmişdir.
Son illər rayonumuzda yeni məktəb binaları tikilmiş, 7 məktəb yüksək səviyyədə əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Rayonun təhsil ocaqlarının informasiya-kommunikasiya texnologiyaları ilə təminatı da yaxşılaşdırılmışdır. Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da təhsil sahəsində həyat keçirilən yeniliklər, yeniyetmə və gənclərin təhsilə cəlb edilməsi və yeni təhsil konsepsiyasına uyğun olaraq müasir metodların tətbiqi öz nəticələrini verir. Bu il ali məktəblərə qəbul olan 223 məzundan 20 nəfəri 600-dən yuxarı, 52 nəfəri isə 500-600 arası bal toplayıb. Rayonumuzdakı M.İbrahimov adına məktəb lisey kompleksinin uğurları daha sevindiricidir. Bu məktəb-liseyi bu il bitirən bütün məzunlar yüksək balla respublikanın müxtəlif nüfuzlü ali təhsil ocaqlarına qəbul olaraq tələbə adını qazanmışlar.
Rayonda əhaliyə göstərilən tibbi xidmətin daha da yaxşılaşdırılması üçün Mərkəzi rayon Xəstəxanası müvafiq işlər görür. Xəstəxanada Ölkə Prezidenti cənab İlham Əliyevin əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığına əsasən bu ilin 15 fevral-01 may tarixlərində rayon əhalisinin tibbi müayinədən keçirilməsi aksiyası aparılmış və bu müddətdə 75 min nəfərə yaxın rayon əhalisi profilaktik tibbi müayinədən keçirilmişdir.Səhhətində problemlər aşkar olunan insanlar müayinə və müalicə almaq üçün ambulator və stasionar müalicəyə cəlb olunmuşlar.
2017-ci ilin doqquz ayında rayonda dövlət Gənclər və İdman siyasətinin həyata keçirilməsindən ötrü bir sıra işlər görülmüş, gənclərin mənəvi-psixoloji, mədəni, vətənpərvərlik tərbiyəsi, asudə vaxtlarının səmərəli təşkili, fiziki sağlamlıqlarının möhkəmləndirilməsi işlərinə diqqət daha da artırılmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərinin dərindən öyrənilməsi məqsədi ilə həyata keçirilən və artıq bir ənənəyə çevrilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində bu ilin 23 mart tarixində rayonumuzun 40 nəfər gənci Quba-Qusar-Xaçmaz rayonlarına ekskursiyaya göndərilmişdir.
Bu tədbirlər ölkəmizin tarixini dərindən öyrənməklə yanaşı, gənclərimizə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə milli dövlət quruculuğu sahəsində görülmüş işlərlə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi dinamik sosial-iqtisadi inkişafla hər bir şəhər və rayonun nümunəsində tanış olmaq imkanı yaradır.Bildiyiniz kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2017-ci ili respublikamızda “İslam Hərəyliyi ili” elan etmiş, bu barədə müvafiq Sərəncam imzalamışdır.Bu münasibətlə ölkəmizdə keçirilən, 57 ölkənin idmançılarının iştirakı ilə baş tutan “IV İslam Həmrəyliyi” oyunları yüksək səviyyədə, uğurla başa çatmışdır. Tolerantlıq və fərqli dünya görüşlərinə münasibətdə həmrəyliyin mövcud olduğu ölkəmiz öz unikallığı ilə bütün dünya xalqlarını heyran etmişdir. Rayonumuzda da bu ənənələrin qorunub saxlanması, insanlar arasında həmrəylik ideyaların təbliği sahəsində tədbirlər uğurla həyata keçirilir.
Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev çıxışının sonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının ilin doqquz ayının yekunlarına həsr olunmuş iclasındakı proqram xarakterli çıxışı bir daha diqqətə çatdıraraq bildirdi ki, cənab Prezidentin Nazirlər Kabinetinin iclasındakı çıxışı qarşımıza çox böyük məsuliyyət qoyur.2017-ci ili uğurla başa vurmaq və sonrakı illərdə də daha əzmlə çalışmaq üçün rayonumuzda aparılan abadlıq, quruculuq işlərini davam etdirəcək, sosial infrastrukturun yenilənməsi, kənd təsərrüfatının, xüsusilə pambıqçılığın inkişaf etdirilməsi, Aqroparkların salınması, əhalinin məşğulluğunun təmin edilməsi və yeni iş yerlərinin yaradılmasını bundan sonra da əsas prioritet məsələlərimiz olaraq qəbul edəcəyik.
Hesabat iclasında Rayon Təhsil şöbəsinin müdiri Balaqardaş Kazımov, “MKT Biləsuvar” filialının icraçı direktoru Qulamhüseyn Əliyev və 45 saylı Yol İstismar MMC-nin baş mühasibi Qulam Sadıxov çıxış edərək fəaliyyət göstərdikləri sahələr üzrə görülmüş işlər barədə ətraflı məlumat verdilər və qarşıda duran vəzifələr müzakirə olundu.