Biləsuvar rayonunda 5 oktyabr-Müəllimlər gününə həsr olunmuş tədbir keçirildi.
05 oktyabr 2017-ci il tarixdə Biləsuvar rayonunda 5 oktyabr-Müəllimlər gününə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev, hüquq-mühafizə orqanlarının, idarə, müəsisə və təşkilatların rəhbərləri, təhsil işçiləri, məktəb direktorları və müəllimlər iştirak etdi.
İştirakçılar əvvəlcə Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət etdilər, əziz xatirəsinə tər çiçəklər qoyuldu.
Tədbirdə Azərbaycan respublikasının Dövlət Himni səsləndirildikdən sonra Rayon Təhsil şöbəsinin müdiri Balaqardaş Kazımov çıxış edərək rayonda təhsilin inkişafı istiqamətində görülən işlər barədə ətraflı məlumat verdi və müəllimlərin qazandığı uğurlardan danışdı.B.Kazımov qeyd etdi ki, son illər rayonumuzda inşa olunan və əsaslı təmir aparılan təhsil ocaqları ən müasir standartlara cavab verir.Təhsil işçilərinin əməyinə verilən yüksək qiymətin nəticəsidir ki, təkcə son illər 7 nəfər müəllimimizə “Əməkdar müəllim”, 8 nəfər müəllimimizə isə “Tərəqqi” medalı verilmişdir. Azərbaycan Respublikasının təhsil işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 03 oktyabr 2017-ci il tarixli Sərəncamı ilə rayonumuzun ağsaqqal müəllimi Abbasov Cəmil Zöhrab oğlu “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.
B.Kazımov ötən illər ərzində rayonumuzun ölkə təhsilinə verdiyi töhvələrini qeyd edərək bildirmişdir ki, ayrı-ayrı ali təhsil müəssisələrin məzunları olan biləsuvarlılar hazırda respublikamızın ən müxtəlif fəaliyyət sahələrində çalışırlar.Rayonumuzda yeni istifadəyə verilən təhil ocaqları, inşa və əsaslı təmir olunan məktəb binaları təhsilin keyfiyyətinin yüksəlməsinə birbaşa təsir göstərən mühüm amillərdir. Əlbəttə bu uğurlar həm də Biləsuvar rayonunun təhsil müəssisələrində çalışan pedoqoji kollektivlərin gərgin əməyi sayəsində mümküm olmuşdur.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev çıxış edərək bütün təhsil işçilərini və müəllimləri peşə bayramları münasibətilə təbrik etdi, onlara fəaliyyətlərində yeni-yeni uğurlar arzuladı.M.Quliyev bildirdi ki, respublikamızda bütün sahələrdə olduğu kimi təhsil sahəsində də əldə olunan tarixi nailiyyətlər məhz Ümummilli Lider Heydər Əliyev və onun layiqli davamçısı, dövlətimizin müstəqilliyinin qarantı olan, cənab Prezidentimiz İlham Əliyevin gərgin əməyinin nəticəsidir.Məhz Heydər Əliyev tərəfindən əsası qoyulmuş Milli Təhsil strategiyasının əldə etdiyi uğurlar Azərbaycan təhsilinin dünyanın inkişaf etmiş təhsİl sisteminə inteqrasiyasını təmin etmişdir. Respublikamızda təhsil sahəsində aparılan islahatlar, bu sahədə yeni qanunvericilik bazasının formalaşdırılması, yeni-yeni fərman və sərəncamların imzalanması ümumilikdə dövlətimizin və xalqımızın inkişafına xidmət edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkəmizdə təhsil sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərdikləri yüksək qayğı və diqqət rayonumuzda da öz müsbət nəticələrini verir. Son illər rayonumuzda 13 yeni məktəb tikilmiş 7 məktəb yüksək səviyyədə əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Təhsil ocaqlarının maddi-texniki bazası hər il yenilənir, informasiya kommunikasiya texnologiyaları ilə təminat yaxşılaşdırılır.Görülən bu işlər müəllimlərimizin rahat və gözəl binalarda işləmələrinə, şagirdlərimizin isə gözəl məktəblərdə dərs keçmələrinə yaradılan şəraitdir. Məhz bu qayğının məntiqi nəticəsi olaraq hər bir müəllim üzərlərinə düşən vəzifələri layiqincə icra etməlidir.Müəllim gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin etibar etdiyi şəxs olaraq, cəmiyyətin ən əziz, ən qiymətli sərvətini - uşaqları, şagirdləri elmə, təhsilə mükəmməl yönləndirməli, həyata hərtərəfli yetişkin, vətənpərvər, savadlı gənclər kimi hazırlanmalıdır. Bununla sanki məktəbin, müəllimin məqsədi, vəzifəsi müəyyənləşdirilir - xalqın, dövlətin gələcəyini formalaşdırmaq, "Təhsil haqqında" qanunda təsbit olunduğu kimi, "Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqın milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirməkdir".
Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev çıxışının sonunda bir daha müəllimləri peşə bayramları münasibətilə təbrik edərək, onlara ən xoş arzularını bildirdi və qeyd etd ki: “Bəli, müəllimlik çox şərəfli peşədir - vəzifədir, şərəfli olduğu qədər də mürəkkəb, məsuliyyətli vəzifədir.”
Sonra bir qrup təhsil işçisi çıxış edərək onların əməyinə verilən yüksək qiymətə görə ölkə başçısına İlham Əliyev cənablarına və Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.
Sonda təhsildə fərqləndiklərinə görə bir qrup müəllimə rayon İcra Hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələr təqdim olundu.