Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda iftar süfrəsi təşkil olundu.

22 iyun 2017 | 16:00

21 iyun 2017-ci il tarixdə Biləsuvar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ictimaiyyəti üçün  iftar süfrəsi təşkil olundu.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, Qarabağ müharibəsi veteranları, şəhid ailələri, digər imtiyazlı şəxslər, aztəminatlı insanlar və dindarlar iştirak etdi.
İftar mərasimində rayonun "Cümə" məscidinin axundu Hacı Əlifağa Murtuzov  tərəfindən Qurani-Kərimdən ayələr  və Ramazan duası oxundu. Hacı Əlifağa  Ramazan ayının dini və sosial mahiyyətindən danışaraq, bu ayın insanlar arasında birlik, bərabərlik və həmrəyliyin tərənnümçüsü olduğunu qeyd etdi.
Tədbirdə çıxış edən Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev bildirdi ki, Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu müdrik siyasətin nəticəsidir ki, bu gün ölkəmizdə tolerantlıq hökm sürür, dövlətlə din arasında sıx birlik vardır. Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda gedən dinamik inkişaf, bir çox sahələrlə yanaşı, milli mənəvi dəyərlərin qorunması sahəsində də yüksəlişə geniş imkanlar açmışdır.Ölkəmizdə milli mənəvi dəyərlər həmişə diqqət mərkəzində olub. Bütün dinlərə hörmət göstərilib, qarşılıqlı münasibətlər yüksək səviyyədədir. Milli mənəvi dəyərlərin tərkib hissəsi olan İslami dəyərlərə xüsusilə hörmətlə yanaşılıb. Müxtəlif sivilizasiyaların və mədəniyyətlərin qovuşuğunda yerləşən Azərbaycan bütün dünyaya tolerantlıq nümunəsidir.
Azərbaycan həmişə islam dünyasının tarixi-mədəni mərkəzlərindən biri olmuş, xalqımız əsrlər boyu öz dininə və milli mənəvi dəyərlərinə sadiqliyini qoruyub saxlamışdır. Müstəqil respublikamızda vətəndaşların vicdan və dini etiqad azadlığı ölkə qanunvericiliyinə və beynəlxalq hüquq normalarına uyğun olaraq təmin edilmiş, dini ayin və mərasimlərin sərbəst şəkildə icra edilməsi, bayramların keçirilməsi üçün münbit şərait yaradılmışdır.
M.Quliyev  Ramazan ayının cəmiyyətimizdə həmrəyliyin, dini-mənəvi birliyin möhkəmləndirilməsinə xidmət edən,  adət-ənənələrimizə riayət edən, hər bir insanın qəlbində olan bayram olduğunu qeyd edərək Ramazan bayramı münasibəti ilə rayon sakinlərini təbrik etdi.
Mərasimdə ölkə rəhbərliyi səviyyəsində milli-mənəvi dəyərlərə göstərilən dövlət qayğısı xüsusi vurğulandı, edilən dualarda Uca Yaradandan xalqımıza firavanlıq, ölkəmizə sülh və əmin-amanlıq arzulandı.

Keçidlər