Biləsuvarda “Dənli və Texniki bitkilərin yığılması, daşınması və emalı dövründə, eləcə də meşə zolaqlarında, milli parklarda və dövlət qoruqlarında yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi” mövzusunda tədbir keçirildi.
18 may 2017-ci il tarixdə Biləsuvar rayon İcra Hakimiyyətində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Muğan Regional Mərkəzinin təşkilatçılığı ilə “Dənli və Texniki bitkilərin yığılması, daşınması və emalı dövründə, eləcə də meşə zolaqlarında, milli parklarda və dövlət qoruqlarında yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi” mövzusunda tədbir keçirildi.
Tədbirdə rayon icra Hakimiyyəti başçısının birinci müavini Xanlar Məmmədov, Fövqəladə Hallar Nazirliyi Muğan Regional Mərkəzinin məsul işçiləri, rayon Fovqəladə Hallar Komissiyasının üzvləri, bələdiyyə sədrləri, icra nümayəndələri və torpaq mülkiyyətçiləri iştirakı etdi.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xanlar Məmmədov rayonda kənd təsərrüfatı bitkilərinin becərilməsi, yığılması və daşınması zamanı görülən təhlükəsizlik tədbirləri barədə ətraflı məlumat verdi.Bildirdi ki, kənd təsərrüfatı məhsullarının yanğından qorunması yanğından mühafizə orqanları əməkdaşları ilə yanaşı, həm də aqrar sahədə, o cümlədən fermer təsərrüfatlarında çalışan insanların əsas vəzifəsi olmalıdır. Mülkiyyət formasından asılı olmayaraq hər bir təsərrüfat rəhbəri tabeliyində olan obyektlərin yanğın təhlükəsizliyinə cavabdeh şəxs kimi məsuliyyət daşıyır. Təsərrüfat rəhbərləri yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasını tam təmin etməli, işçilər arasında müvafiq maarifləndirmə işləri aparmalıdırlar.
Fövqəladə Hallar Nazirliyi Muğan Regional Mərkəzinin əməkdaşları çıxış edərək kənd təsərrüfatı texnikalarının yanğına qarşı hazırlanması, ilkin odsöndürmə vasitələri ilə tam təmin edilməsi barədə təlimatları iştirakçıların diqqətinə çatdırdılar.Qeyd olundu ki, dənli və texniki bitkilərin yığılması, daşınması, emalı və saxlanması dövründə yanğın təhlükəsizliyinə nəzarət etmək üçün cavabdeh şəxslər təyin edilməlidir. Məhsul yığımına cəlb edilən hər bir şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada yanğın təhlükəsizliyinə dair xüsusi proqram üzrə təlimat keçməlidir. Məhsul yığımına cəlb edilən texnika yanğın təhlükəsizliyi ilə bağlı texniki müayinədən keçirilməli, müvafiq təhlükəsizlik tələblərinə cavab verməyən maşınlar akt tərtib edildikdən sonra sahəyə buraxılmalıdır.
Tədbirin sonunda iştirakçılara taxıl və ot biçinində, o cümlədən meşələrdə yanğın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı plakat, kitabça, yaddaş vərəqələri paylanıldı, video və fotoslaydlar nümayiş etdirildi.