Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda “Yuxarı sinif şagirdlərinin peşə seçimində valideynlərin rolu” mövzusunda tədbir keçirildi.

03 may 2017 | 16:00

3 may 2017-ci il tarixdə Biləsuvar rayonunda “Yuxarı sinif şagirdlərinin peşə seçimində valideynlərin rolu” mövzusunda  tədbir keçirildi.
Biləsuvar şəhər 4 saylı tam orta məktəbində təşkil olunan tədbirdə Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının müavini Xəyalə Qəmbərova, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin məsul işçiləri, rayon Məşğulluq Mərkəzinin kollektivi, ümumtəhsil müəssisələrinin yuxarı sinif şagirdləri, valideynlər və müəllimlər iştirak edib.
Tədbirdə çıxış edən Biləsuvar rayon Məşğulluq Mərkəzinin direktoru Əvəz Əliyev indiki dövrdə əmək bazarındakı mövcud vəziyyəti, işsizliyi yarada bilən amilləri diqqətə çatdıraraq qeyd edib ki, bazarda peşə və ixtisaslar üzrə işçi qüvvəsinə tələbatın dolğun şəkildə ödənilməsində gənclərin düzgün peşə və ixtisas seçimi vacib amillərdəndir və xüsusi əhəmiyyət daşıyır.Bu istiqamətdə valideynlərin övladlarını düzgün peşə seçiminə yönəltmələrinin önəmi çox böyükdür.
Mərkəzin rəhbəri bununla əlaqədar olaraq gənclərin, xüsusən də  ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin gələcəkdə peşə seçiminə kömək məqsədilə mütəmadi olaraq bu səpkili tədbirlərin təşkil edildiyini vurğuladı. Bildirdi ki, rayonda daha çox ixtisaslaşmış sahələr və digər kriteriyalar nəzərə alınaraq şagirdlərin peşə meyilləri öyrənilir, gələcəkdə əmək bazarına fəal şəkildə inteqrasiya edə bilmələri üçün onlara zəruri məlumatlar, məsləhətlər verilir. Lakin çox zaman gənclərin peşə və ixtisas seçimində onların valideynləri  mühüm rola malik olur. Bu amil nəzərə alınaraq peşəyönümü tədbirlərinə gənclərlə bərabər, onların valideynləri də tədbirlərə cəlb edilir.
Tədbirdə çıxış edən mütəxəssislər  ölkəmizin əmək bazarında baş verən proseslər, işəgötürənlərin peşə və ixtisaslara olan tələbləri barədə gəncləri, onların valideynlərini ətraflı məlumatlandıraraq, peşə hazırlığı və əlavə təhsil kursları, aktiv məşğulluq tədbirləri haqqında geniş məlumatlar verdilər.
Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının müavini Xəyalə Qəmbərova çıxışında bu səpkidə keçirilən tədbirlərin yeniyetmələrin gələcəkdə peşə seçimində onlara yardımçı olmasını bildirərək və qeyd etdi ki, belə tədbirlər mütəmadi keçirilməlidir.İndiki dövrdə yeniyetmələr peşə seçərkən mütləq yaşadığı ərazinin ixtisaslaşdığı əmək bazarını mütləq nəzərə almalıdırlar.
Tədbirdə yuxarı sinif şagirdləri və valideynlərin sualları cavablandırılaraq, onlara   məşğulluq xidmətləri, peşə hazırlığı, peşəyönümü və digər  məşğulluq tədbirləri barədə məlumatların əks olunduğu bukletlər təqdim edildi.

Keçidlər