Biləsuvar rayonunda 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş şura iclası keçirildi.
18 aprel 2017-ci il tarixdə Biləsuvar rayon Heydər Əliyev Mərkəzində Biləsuvar rayonunda 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş şura iclası keçirildi.
İclasda Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, icra nümayəndələri, bələdiyyə sədrləri, məktəb direktorları, rayonun iş adamları, ağsaqqqallar, gənclər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etdi.
Biləsuvar rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev şura iclasında geniş məruzə ilə çıxış edərək 2017-ci ilin birinci rübündə rayonun sosial-iqtisadi inkişafı barədə ətraflı məlumat verdi.Bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının qarşımıza qoyduğu tapşırıqlara uyğun olaraq rayonumuzda sosial-iqtisadi inkişaf sahəsində aparılan işlər 2017-ci ilin birinci rübündə də uğurla davam etdirilmişdir.
Ölkə rəhbərinin aqrar sahənin, xüsusilə də pambıqçılığın inkişaf etdirilməsi istiqamətində qarşımıza qoyduğu vəzifələrə uyğun olaraq rayonumuzda 2016-cı ildə 6040 hektar sahədə pambıq əkilmiş və 12062 ton məhsul toplanmışdır. Bu da 2015-ci ilin göstəriciləri ilə müqayisədə 2 dəfə artım deməkdir. Ümumi məhsuldarlıq 20 sentner olmuşdur.Pambıq tədarükündən ailə üzvlərinin sayı 4 min nəfərə yaxın olmaqla, 800 nəfər mülkiyyətçi 2.4 milyon manat gəlir əldə etmiş və əlavə olaraq 1.2 milyon manat həcmində subsidiya almışdır.
Mülkiyyətçilərimiz 2017-ci ildə 11 min hektar sahədə pambıq əkini üçün pambıq emalı müəssisələr müqavilələr bağlamış, əkin sahələri tam şumlanmış və digər aqrotexniki tədbirlər həyata keçirilərək pambıq əkini üçün tam hazır vəziyyətə gətirilmişdir. Hesabat gününədək 4038 hektar sahədə yüksək repreduksiyalı çiyid səpini həyata keçirilmişdir.Hazırda pambıq əkini sürətlə davam edir.Pambıqçılarımız bu il 27 min tondan çox pambıq istehsal etməyi qarşılarına məqsəd qoymuşlar. Bu isə öz növbəsində 22 min iş yeri, 10 milyon manata yaxın gəlir, 3 milyon manata yaxın subsidiya deməkdir.
Bu gün pambıq əkini sahələrinin 11 min hektara çatdırılması son hədd deyildir. Ölkə Prezidentinin dövlət fonduna aid olan torpaq sahələrindən daha səmərəli istifadə etmək barədə tapşırığına uyğun olaraq rayonumuzda da 17 min hektardan çox əkinə yararlı qış otlaq sahəsinin təyinatının dəyişdirilərək əkin dövriyyəsinə cəlb edilməsi işləri artıq başa çatmaq üzrədir. İlkin mərhələdə 4676 hektar sahədə salınan aqroparkın ərazisində hazırda 30,5 min kub metr şor kollektoru lildən təmizlənmiş, 20 kilometr yeni aralıq kollektoru qazılmış, 37 km ərazidə hamarlama işləri aparılmışdır.Aqroparkın ərazisində 65 hektar sahədə taxıl əkilmişdir. Parkda pambıq əkini üçün hazırlanmış 435 hektarda şum və mala işləri tam başa çatdırılmış, 200 hektar sahədə çiyid səpilmişdir.Yaxın günlərdə burada pambıq əkini tam başa çatdırılacaq.Bundan əlavə 500 hektar sahədə qarğıdalı əkini üçün şum vurulmuş və ərazi əkin üçün hazırlanmaqdadır.
5000 hektar ərazidə salınacaq Aqroparkda isə pambıq, taxıl, soya, günəbaxan və digər kənd təsərrüfatı bitkilərinin əkilməsi nəzərdə tutulmuşdur.
Min hektarlarla ərazini əhatə edən həmin əkinə yararlı qış otlaq sahələrinin ümumi əkin dövriyyəsinə qoşulması rayonun iqtisadiyyatının möhkəmlənməsinə, minlərlə insanın məşğulluğunun təmin olunmasına və ən əsası rayonun yerli gəlirlərinin özünü maliyyələşdirilməsi sisteminə keçirilməsini təmin edəcəkdir.Hazırda həmin ərazidə heyvandarlıqla məşğul olan az sayda ailələrə isə daha münasib yerlərdə boş torpaq sahələri müəyyənləşdirib verilməsi mümkündür.
Rayonumuzda kənd təsərrüfatının digər sahələri də diqqət mərkəzində olmuşdur.2017-ci ilin birinci rübünə rayon üzrə 622 hektar sahədə mülkiyyətçilər tərəfindən yazlıq bitkilərin əkini aparılmışdır.2017-ci ilin məhsulu üçün 2016-cı ilin payızında 24.3 min hektar payızlıq taxıl əkini aparılmışdır ki, bunun da 13 min hektarı buğda, 11.3 min hektarı isə arpa bitkisidir.
2017-ci ilin birinci rübü ərzində iri buynuzlu mal-qara 41.2 min baş, xırdabuynuzlu mal-qara isə 138.4 min baş təşkil etmişdir.
Bakı şəhər əhalisini ucuz və keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin etmək məqsədi ilə təşkil olunan yarmarkalarda Biləsuvar rayonunun fermerləri də yaxından iştirak etmişlər.
Hesabat dövründə rayonumuzda ümumi məhsul buraxılışının həcmi 40.1 milyon manat olmuşdur.Bu ilin birinci rübündə əsas kapitala yönələn investisiyalar 2.9 milyon manat, pərakəndə əmtəə dövriyyəsi isə 64.4 milyon manat təşkil etmişdir. 2017-ci ilin ilk üç ayında rayon əhalisinin gəlirləri 65 milyon manat, adambaşına düşən gəlirlərin həcmi isə 644 manat təşkil etmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının “Biləsuvar şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” imzaladığı müvafiq sərəncamına uyğun olaraq şəhər ərzsindəki aztəminatlı ailələrin yaşadığı 25 ədəd çoxmənzilli yaşayış binalarında aparılan təmir işləri artıq yekunlaşmaq üzrədir.
2017-cı ildə 105 nəfər əmək qabiliyyətli vətəndaşın 1 il müddətində işlə təmin olunması məqsədi ilə rayonda aztəminatlı ailələrin yaşadıqları 9 ədəd çoxmənzilli yaşayış binalarında təmir işləri aparılmışdır.Hazırda təmir işləri davam etdirilir.Bundan əlavə Ələt-Astara mağistral avtomobil yolunda 110 min manatlıq yol təmir işləri görülmüşdür.
Ötən dövr ərzində rayonda əhalinin elektrik enerjisi və təbii qazla təmin edilməsi istiqamətində işlər görülərək yaşayış məntəqələrində şəhər mərkəzində və kəndlərdə 3,2 kilometr elektrik naqili və 131 elektrik dirəyi yenisi ilə əvəz olunmuşdur. Rayonun bütün yaşayış məntəqələri 100 faiz təbii qazla təmin edilmişdir.
Rayonumuzda təhsil, səhiyyə və mədəniyyət sahəsində də müəyyən işlər görülmüş, gənclərlə işin yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılmışdır.Rayonun təhsil ocaqlarının informasiya-kommunikasiya texnologiyaları ilə təminatı da yaxşılaşdırılmışdır.
Ölkə Prezidenti cənab İlham Əliyevin əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığına əsasən 15 fevral-01 may müddətində Biləsuvar rayonunda 75 min nəfərə yaxın əhalinin profilaktik tibbi müayinədən keçirilməsi nəzərdə tutulmuş və hesabat gününədək 53491 nəfər rayon sakini tibbi müayinədən keçirilmişdir.
2017-ci ilin birinci rübündə də rayonda dövlət Gənclər və İdman siyasəsətinin həyata keçirilməsindən ötrü bir sıra işlər görülmüş, gənclərin mənəvi-psixoloji, mədəni, vətənpərvərlik tərbiyəsi, asudə vaxtlarının səmərəli təşkili, fiziki sağlamlıqlarının möhkəmləndirilməsi işlərinə diqqət daha da artırılmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərinin dərindən öyrənilməsi məqsədi ilə həyata keçirilən və artıq bir ənənəyə çevrilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində bu ilin 23 mart tarixində rayonumuzun 40 nəfər gənci Quba-Qusar-Xaçmaz rayonlarına 4 gunlük ekskursiyaya göndərilmişdir.
İclasda tarixə “şanlı aprel döyüşləri” kimi daxil olmuş 2016-cı ilin aprel döyüşlərinin bir illiyinin respublikamızın hər yerində olduğu kimi Biləsuvar rayonunda da təntənə ilə qeyd olunduğu bildirildi.Bu döyüşlər bütün dünyaya və həmçinin ermənilərə bir daha sübut etdi ki, Azərbaycanın öz torpaqlarını istənilən an işğaldan azad etməyə, bu torpaqları daima qorumağa qadir olan güclü ordusu, onun müdrik, uzaqgörən Prezidenti və Ali Baş Komandanı var.Məhz bu döyüşlərdən sonra xalqımız bir daha əmin oldu ki, bir qarış torpağımız belə işğal altında qalmayacaqdır
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Sərəncamı xalqımızın tezliklə baş tutacaq qələbəmizə inamını daha da artırmışdır. Cocuq Mərcanlıda bərpa-quruculuq işlərinə başlanması müdrik Prezidentimizin qətiyyəti sayəsində işğal olunmuş torpaqlarımıza böyük qayıdışın başlanğıcıdır.
Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev çıxışının sonunda bildirdi ki, biz Biləsuvarlılar da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi əmin edirik ki, Respublikamızın hər yerində olduğu kimi Biləsuvar rayonunda da 2017-ci ili layiqli nəticələrlə başa vurmaqdan ötrü daha böyük əzmlə çalışacağıq”.
Hesabat iclasında DSMF-nin Biləsuvar rayon şöbəsinin müdiri Fərasim Əliyev, Dövlət Sığorta Kommersiya Şirkətinin Biləsuvar rayon şöbəsinin müdiri Qabil Bağırov və 45 saylı yol istismar MMC-nin baş mühasibi Qulam Sadiqov çıxış edərək fəaliyyət göstərdikləri sahələr üzrə görülmüş işlər barədə ətraflı məlumat verdilər və qarşıda duran vəzifələr müzakirə olundu.