Biləsuvar rayonunda əhalinin tibbi müayinədən keçirilməsi davam edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq respublikamızın hər yerində olduğu kimi Biləsuvar rayonunda da 15 fevral 2017-ci il tarixdən etibarən əhalinin tibbi müayinədən keçirilməsi aksiyası başlanılmışdır.Hazırda rayon əhalisinin tibbi müayinədən keçirilməsi uğurla davam etdirilir.
Tədbirin yüksək səviyyədə icrası məqsədilə Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının 08 fevral 2017-ci il tarixli Sərəncamı imzalanmışdır. Sərəncama əsasən əhalinin tibbi müayinədən keçirilməsinin nəzərdə tutulmuş müddətdə (15 fevral – 01 may 2016-cı il tarixə) başa çatdırılmasını təmin etmək məqsədilə müvafiq komissiya yaradılmış, müayinənin rayonun bütün idarə, müəssisə, və təşkilatlarının kollektivlərini, yaşayış məntəqələrini əhatə etməsi üçün qrafiklər tərtib olunmuşdur. Tibbi müayinənin keyfiyyətlə həyata keçirilməsini təmin etmək məqsədilə 3 xəstəxana, 20 həkim və tibb müəssisəsi hazırlıq vəziyyətinə gətirilmiş, 50 həkim və 50 orta tibb işçisindən ibarət 3 daimi, 1 səyyari briqadalar yaradılmışdır. Aidiyyəti şəxslərə, şəhər və kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərə tapşırılmışdır ki, kollektivlərinin və əhalinin tibbi müayinədən keçirilməsində səhiyyə işçilərinə yaxından köməklik göstərsinlər, əhali arasında müvafiq təşkilati-izahat işlərinin aparılmasını təşkil etsinlər.
2017-ci ilin müayinəyə başlanılan dövrü ərzində rayon əhalisinin 40540 nəfəri tibbi müayinədən keçmişdir.Müayinə zamanı 2147 nəfər ambulator, 147 nəfər isə stasionar müalicəyə cəlb edilmişdir.74 nəfər xəstə isə Bakı şəhərinin tibb müəssisələrində müalicə olunmaq üçün göndərilmişdir.
Yerli mətbuat orqanlarında, idarə, müəssisə və təşkilatlarda, ümumtəhsil müəssisələrində, şəhər və kənd yaşayış məntəqələrində əhalinin tibbi müayinəyə tam cəlb olunması üçün maarifləndirmə işləri aparılır.