Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda Xocalı soyqırımına həsr olunmuş ümumrayon tədbiri keçirildi.

26 fevral 2017 | 16:00

26 fevral 2017-ci il tarixdə Biləsuvar rayon Heydər Əliyev Mərkəzində  Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirildi.
Tədbirdə  rayon İcra hakimiyətinin başçısı Mahir Quliyev, hüquq müahfizə orqanları, idarə, müəssisə, təşkilatlar, icra  nümayəndələri, bələdiyyələr, təhsil müəssisələrinin kollektivləri və rayon ictimaiyyətinin nümayəndələri  iştirak etdi.
İştirakçılar Xocalı soyqırımından bəhs edən sərgiyə baxdıqdan sonra soyqırım qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
  Biləsuvar rayon İcra hakimiyətinin başçısı Mahir Quliyev çıxış edərək 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələrinin və 366-cı motoatıcı alayın iştirakı ilə Xocalı şəhərində etnik azərbaycanlılara qarşı həyata keçirilən  soyqırım haqqında geniş məlumat verdi.
Bildirdi ki, erməni  millətçiləri tərəfindən  xalqımıza qarşı  aparılan  soyqırım  və  təcavüz  siyasətinin    iki  yüz  ildən  artıq  tarixi  vardır. Bu  siyasətin  məqsədi  azərbaycanlıları  qədim  torpaqlarından  sıxışıdırb  çıxarmaq,  bu ərazilərdə  erməni  tarixçilərinin  və  ideoloqlarının  uydurduğu  “Böyük  Ermənistan”  dövləti  yaratmaq idi. Öz  mənfur  siyasətlərini gerçəkləşdirmək  üçün  onlar  müxtəlif  üsul  və  vasitələrdən,  tarixin  saxtalaşdırılmasından,  siyasi  təxribatlardan  istifadə  etmiş,  dövlət  səviyyəsində millətçiliyi,  separatizmi  və  qonşu  xalqlara qarşı  təcavüzü  dəstəkləmişlər.
XX əsrin bu qanlı faciəsi Azərbaycanın acılı-ağrılı tarixinə, amansızlığına görə tayı-bərabəri olmayan bir faciə-Xocalı faciəsi yazılmışdır. 1992-ci il fevralın 25-dən  26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq Xocalı üzərinə ağır hərbi texnika yeritmiş, yerlə-yeksan etdikləri şəhərin dinc əhalisinə misli görünməmiş qəddarlıqla divan tutmuşlar.Soyqırım zamanı Azərbaycan xalqı yüzlərlə şəhid vermişdir.Bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. Soyqırım zamanı  63-ü uşaq, 106-ı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 nəfər şəhər sakini əsir götürüldü, 150 sakin isə itkin düşdü.
Xocalı soyqırımının ildönümünün qeyd olunması bir daha sübut edir ki, həmin qanlı gecədə erməni təcavüzkarlarının törətdikləri vəhşilik və cinayətin dəhşətləri yaddaşlardan heç zaman silinməyəcəkdir. Çünki Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırım deyil, bəşəriyyət, insanlıq əleyhinə törədilmiş qanlı cinayətdir. Xocalı faciəsini törətməklə Azərbaycana qarşı hərbi təcavüzün miqyasını  daha da genişləndirən və Dağlıq Qarabağın hüdudlarından kənara çıxaraq Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarını işğal edən Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində 20 mindən çox soydaşımızın həyatına son qoyulmuş, 50 mindən çox insan yaralanmış və əlil olmuş, torpaqlarımızın 20 faizi işğala məruz qalmışdır.
Faciəyə ilk dəfə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən siyasi qiymət verildi və Xocalıda belə bir soyqırımın törədilməsi ilə bağlı dünya ölkələrində təbliğati işlərə başlanıldı. Soyqırımın tanıdılması ilə bağlı bu gün də Prezidentimiz cənab İlham Əliyev tərəfindən mühüm addımlar atılır  və Ermənistanın Qarabağda hansı vəhşiliklər törətdiyi barədə geniş işlər aparılır. Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun da xüsusi xidmətləri vardır. Fondun  vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyət göstərən “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində dünya ölkələrində mitinqlər, yürüşlər və tədbirlər təşkil olunur. Kampaniyanın əsas məqsədi Xocalı qətliamının insanlığa qarşı törədilmiş ən böyük cinayət kimi beynəlxalq ictimaiyyət tərəfindən tanınmasıdır.Yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat maşının iç üzü artıq ifşa olunur. Artıq dünya ictimaiyyəti Xocalı həqiqətlərini qəbul etməyə başlayır. Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərarlarında, qətnamələrində əksini tapır.
Tədbirdə M.Quliyev bildirdi ki, bu gün Azərbaycanın öz torpaqlarını qorumağa qadir olan güclü ordusu, onun müdrik, uzaqgörən  Prezidenti və Ali Baş Komandanı var. Xalqımız əmindir ki, bir qarış torpaqlarımız belə işğal altında qalmayacaqdır. 2016-cı ilin aprel döyüşləri bunu bir daha həm Ermənistan tərəfinə, həm də bütün dünyaya sübut etdi. Qısa bir vaxtda 2 min hektar ərazi, 1 kənd, bir neçə  yüksəklik, o cümlədən mühüm strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi ordumuz tərəfindən azad  olundu. Bütün Azərbaycan xalqı bu qələbəyə ürəkdən sevinir, qüdrətli ordumuzla və Ali Baş Komandanımızla fəxr edir. Hər birimizdə möhkəm bir inam var ki, işğal altında  olan bütün torpaqlarımız tezliklə azad ediləcək, Azərbaycanın ərazui bütövlüyü bərpa olunacaq, qaçqın və məcburi köçkün soydaşlarımız öz doğma yurd-yuvalarına qayıdacaqlar.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı Sərəncamı  xalqımızın  inamını daha da artırmışdır.Cocuq Mərcanlıda bərpa-quruculuq işlərinə başlanması həm də ölkə Prezidentinin qətiyyəti sayəsində Qarabağ  torpaqlarına böyük qayıdışın başlanğıcıdır.
Tədbirdə çıxış edənlər Xocalıda xalqımızın başına gətirilən müsibətlərdən danışdılar,  soyqırımın günahkarları, təşkilatçıları və icraçılarının layiqli cəzalarını almalarını qeyd etdilər.
Tədbirin sonunda Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompazisiya və Flaşmob nümayiş olundu.

Keçidlər