Biləsuvar rayonunda 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirildi.
20 yanvar 2017-ci il tarixdə Biləsuvar rayon Mərkəzi parkında şəhidlərimizin əziz xatirəsinə ucaldılmış abidə kompleksinin qarşısında ümumrayon tədbiri keçirildi.
Tədbirdə rayon İcra Hakimiyyətinin Başçısının birinci müavini Xanlar Məmmədov, icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, rayonun idarə, müəssisə, təşkilatların kollektivləri, icra nümayəndələri, bələdiyyələr və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdi.
Rayon ictimaiyyəti əvvəlcə şəhidlərimizin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə tər çiçəklər qoyaraq, əziz xatirəsini ehtiramla yad etdilər.
Sonra Heydər Əliyev Mərkəzində 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Xanlar Məmmədov çıxış edərək Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar faciəsi barədə ətraflı məlumat verdi.
X.Məmmədov bildirdi ki, sovet ordusunun döyüş hissələrinin Bakı şəhərinə yeridilməsi xalqa qarşı törədilən misli görünməmiş faciəyə gətirib çıxardı. Bu qanlı hadisəyə ilk olaraq öz münasibətini bildirən şəxs Ümummilli Lider Heydər Əliyev olmuşdur.O, 21 yanvar 1990-cı il tarixdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bu hadisəni törədən şəxsləri kəskin pisləmiş və bunun heç bir insanlığa sığmayan vəhşilik olmaqla bərabər, demokratiyaya yad və ölkədə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab etmişdir. Ulu Öndər Heydər Əliyev müstəqil respublikamıza rəhbərlik etdiyi sonrakı dövrlərdə də daima çalışmışdır ki, dünya ölkələri 20 Yanvar hadisələrinə siyasi qiymət versin və bu hadisə müstəqilliyi uğrunda mübarizə aparan bir xalqın başına gətirilən acı bir hadisə kimi tanınsın.
Bu qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir.
Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi Azərbaycan xalqı ucun təkcə boyuk faciə deyildir. O, ləyaqətini qorumaq ucun hər cur qurban verməyə hazır olan xalqımızın tarixində şərəfli bir səhifədir.
Bu gün Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyev rəhbərliyi altında ölkəmizin daha da güclənməsi, əhalinin sosial rifahının yaxşılaşdırılması, torpaqlarımızın işğaldan azad edilməsi, ordumuzun ən güclü ordulardan biri olması üçün ölçüyəgəlməz işlər görülür.
Sonda rayon mədəniyyət işçilərinin hazırladıqları əbədi-bədii kompozisya nümayiş olundu.