Dövlət Sosial Müdafiə Fondunun Biləsuvar rayon şöbəsinin yeni inzibati binası istifadəyə verildi.
13 yanvar 2017-ci il tarixdə Biləsuvar rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Biləsuvar rayon şöbəsinin yeni inzibati binası istifadəyə verildi.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xanlar Məmmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümov, şöbənin kollektivi və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Açılış mərasimində çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümov Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi siyasətinin mühüm uğurlarından biri kimi, ölkə əhalisinin, xüsusən sosial cəhətdən həssas qruplardan olan insanların etibarlı sosial müdafiə sistemi ilə əhatə olunduğunu vurğulayaraq bildirdi ki: “Dünya iqtisadiyyatında böhrandan irəli gələn çətinliklər yaşanmasına baxmayaraq, ölkəmizdə sosial-iqtisadi sabitlik qorunub saxlanıb. Hətta məqsədyönlü islahatların məntiqi nəticəsi olaraq, ötən il Azərbaycanda qeyri-neft sənayesində 5 faiz artım əldə olunub. Həmçinin ölkəmizdə 100 mindən çox daimi iş yeri açılmaqla əmək bazarında sabitlik davam edib. Bununla yanaşı, sosial sahəyə Prezident qayğısı bütün sosial proqramların və sosial ödənişlərdə artım dinamikasının uğurla davam etməsinə imkan verib”.
Cari ildə də əhalinin sosial müdafiəsinin ölkəmizdə aparılan siyasətin prioritetlərindən biri olduğunu qeyd edən S.Müslümov bunun 2017-ci ilin dövlət büdcəsində də əksini tapdığını, büdcənin 40,3 faizinin sosialyönümlü xərclər üçün nəzərdə tutulduğunu diqqətə çatdırıb: “Dövlət Sosial Müdafiə Fondunun cari il üçün büdcəsində də əhaliyə ödənişlərə yönəldilən vəsaitlərin ötən illə müqayisədə 7,6 faiz artırılması nəzərdə tutulur.
Əhaliyə xidmətlərin məmur-vətəndaş təmasları olmadan, avtomatlaşdırılmış infrastruktur üzərində, şəffaf şəkildə qurulduğunu vurğulayan nazir əmək, sığorta və pensiya münasibətləri, sosial yardım, müavinət və s. ilə bağlı elektron xidmətlərin əhalinin istifadəsində olduğunu qeyd edib: “Yerlu qurumların müasir tələblərə uyğun iş şəraiti təmin edilməsi də daim diqqətdə saxlanır. Bir neçə rayon istisna olunmaqla, Dövlət Sosial Müdafiə Fondunun demək olar ki, bütün rayon və ya şəhər şöbələri artıq müasir tələblərə cavab verən yeni inzibati binalarla təmin olunublar”.
S.Müslümov bildirib ki, ümumilikdə Fondun bütün fəaliyyət sahələri, sığorta-pensiya münasibətləri elektron sistem üzərində qurulub. : “Yerli qurumlarda da lokal şəbəkələr yaradılaraq mərkəzi informasiya sisteminə birləşdirilməklə Fondun ümumi korporativ şəbəkəsi, habelə xidməti əhali kontingentinə dair unikal elektron məlumat bazaları formalaşdırılıb. Ümumi fəaliyyətin tam elektronlaşdırılmasına uyğun olaraq, hər bir yerli şöbədə də əməkdaşların gündəlik iş rejimi informasiya-kommunikasiya texnologiyalarından istifadə əsasında qurulub və onlar üçün müasir standartlara cavab verən avtomatlaşdırılmış iş yerləri təşkil edilib, onların lazımi İKT avadanlıqları ilə təchizatı həyata keçirilib. Bütün bunlar nəticə etibarilə sistemdə şəffaflığın artmasına, müvafiq işlərin yerinə yetirilməsində əlavə vaxt itkisinin qarşısının alınmasına, əhali ilə Fondun yerli qurumları arasında münasibətlərin sadələşdirilməsinə, eyni zamanda bu qurumlarda vətəndaşlara müasir şəraitdə xidmət göstərilməsinə yönəlib”.
Sonra tədbir iştirakçıları binada yaradılmış iş və əhaliyə xidmət şəraiti ilə tanış olublar. İki mərtəbəli, 8 iş otağından ibarət olan inzibati bina müasir avadanlıqlarla təchiz edilib, əməkdaşların fəaliyyəti və vətəndaşlara yüksək səviyyədə xidmətin təşkili üçün hər bir şərait yaradılıb. Müvafiq əməliyyatların avtomatlaşdırılmış sistemi, sığortaedən və sığortaolunanların elektron uçotunun aparılması, müvafiq hesabatların elektron formada qəbulu prosesi, vahid mərkəzdən avtomatlaşdırılmış pensiya təyinatı mexanizmi, fəaliyyətin ümumi elektron infrastrukturu və s. nəzərdən keçirilib. Şöbənin əməkdaşları aidiyyəti işlərin elektron qaydada yerinə yetirilməsi prosedurları barədə məlumat veriblər.
Şöbənin kollektivinə yaradılan yüksək səviyyəli iş şəraitində əhaliyə daim nümunəvi şəkildə xidmət göstərilməsi, hər bir vətəndaşın müraciətinə diqqət və qayğı ilə yanaşılması, həmçinin sosial sığorta sahəsində fəaliyyətin daha da səmərəli qurulması, əmək fəaliyyəti ilə məşğul şəxslərin sosial sığortaya cəlb olunması işlərinin gücləndirilməsi və s. barədə tapşırıqlar verilib.