Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirildi.

25 noyabr 2016 | 16:00

25 noyabr 2016-cı il tarixdə Biləsuvar rayon Mədəniyyət evində Respublika Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşəbbüsü və Biləsuvar rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirildi.
Tədbirdə  rayon İcra hakimiyətinin başçısı Mahir Quliyev, Səfərbərlik  və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  rəis  müavini, general-mayor Novruzəli Orucov, Səfərbərlik  və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Çağırışaqədər Hazırlıq İdarəsinin rəisi, polkovnik Rasim Şirinov, Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, rayonun hüquq müahfizə orqanlarının və  idarə, müəssisə, təşkilatların rəhbərləri, ümumtəhsil məktəblərinin şagirdləri, gənclər, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları, rayon ictimaiyyətinin nümayəndələri və KİV-lər  iştirak etdi.
İştirakçılar əvvəlcə Heydər Əliyev  parkında  Ulu Öndərin abidəsini ziyarət etdilər, əziz xatirəsinə tər çiçəklər qoyuldu.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbirdə  çıxış edən Biləsuvar rayon İcra hakimiyətinin başçısı Mahir Quliyev bildirdi ki, Respublika Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşəbbüsü və rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə hərbi vətənpərvərlik mövzusunda keçirilən bu günkü tədbirin müstəsna əhəmiyyəti vardır.Vətənpərvərlik hər bir kəsin doğulub boya-başa çatdığı elə, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətindən qaynaqlanır. Vətənpərvərlik həm də Vətən naminə çalışmaq, onu qorumağa daim hazır olmaq, Vətən yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, onun hər bir  uğuruna sevinmək deməkdir. Eyni zamanda vətənpərvərlik  insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdən olduğundan onun  böyüməkdə olan nəslə aşılanması, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, cəmiyyət və dövlət qarşısında duran ən mühüm vəzifələrdən biridir.
M.Quliyev çıxışında bildirdi ki, Ümummulli liderimiz Heydər Əliyevin milli vətənpərvərlik konsepsiyasında da bütün xalqımızda, xüsusilə gənc nəsildə milli şüurun inkişafı  məsələsi mühüm yer tutur.Bu barədə Ulu Öndər  deyirdi: “Milli şüur hər bir insanın mənsub olduğu millətə və vətənə bağlılıq hissini əks etdirən, düşüncə tərzinə, baxışlarına olan münasibətlərin  məcmusudur. Milli şüurun formalaşmasında vətənə məhəbbət, milli vətənpərvərlik və qürur hissləri kimi mühüm keyfiyyətlərlə yanaşı, özünüdərketmə, öz layiqli yerini müəyyənləşdirmə kimi nəcib hisslər də əsas rol oynayır...”.Ulu Öndər milli  şüurla Vətən, torpaq arasında uzvi bağlılıq olduğunu görür, milli şüuru milli-mənəvi bütovlüyümüz hesab edir və deyirdi: “Milli dəyərlərimizi və ənənələrimizi, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik sadəcə orduda xidmət deyil, vətənə sadiq olmaq, onu sevmək, torpağa bağlı olmaq – budur vətənpərvərlik! Bizim əsas vəzifəmiz gənclərdə vətənpərvərlik ruhunu, milli ruhu və döyüş ruhunu qaldırmaqdır. Vətəni, torpağı müdafiə etmək hər bir gənc üçün müqəddəs vəzifə olmalıdır...”
Əsası Ümummilli liderimiz tərəfindən qoyulan hərbi-vətənpərvərlik tərbiyəsi bu gün möhtərəm  Prezidentimiz cənab  İlham Əliyev tərəfindən də uğurla davam etdirilir.Ölkə Prezidenti çıxışlarında gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyə olunmasının günümüzün tələblərindən biri olduğunu qeyd edərək, gənclərin cəmiyyətimizin fəal üzvləri kimi ölkəmizin güclənməsində əsas rol oynadıqlarını bildirir.
Məlumdur ki, torpaqlarımızın 20 faizinin işqal olunduğu, 1 milyondan çox soydaşımızın  yurd-yuvasından  qovulduğu, cəbhə bölgələrində  gərginliyin yaşandığı bu vaxtlarda hər bir Azərbaycan vətəndaşı daha sayıq olmalı, vətənpərvərlik hissləri  özünü daha qabarıq şəkildə nümayiş  etdirməlidir. Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müntəzəm olaraq cəbhə bölgələrinə  ardıcıl səfərlər etməsi, hərbiçilərimizlə görüşməsi gənc əsgərlərimizin vətənpərvərlik hisslərini daha da gücləndirir.
Mahir Quliyev çıxışında bildirdi ki, respublikamızın bir parçası olan Biləsuvar rayonunda da əsl vətənpərvər gənc nəsil yetişir. Onların hər biri həmyerlimiz,  Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun misilsiz qəhrəmanlığı ilə fəxr etməklə, onu təkrar etməyə hazırdırlar. Çünki torpağa  o kəsin Vətən deməyə haqqı var ki, onun uğrunda  ölməyə hazır olsun və lazım gəldikdə bunu bacarsın. Bütün türk dünyasının fəxr etdiyi Mübariz İbrahimov məhz belə vətənpərvər bir oğul idi.Bu gün Mübarizin ardıcılları olan yüzlərlə Biləsuvarlı gənclər Milli ordu  sıralarında Vətənə şərəflə və ləyaqətlə xidmət edir, hərbi xdimət borclarını namusla yerinə yetirirlər. Onların sırasında generaldan tutmuş müxtəlif rütbəli zabitlərədək yüzlərlə hərbiçilər vardır. Vətən keşiyində daim sayıq dayanmağı  onların hər biri özünə borc bilir.
Sonra Səfərbərlik  və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  rəis  müavini, general-mayor Novruzəli Orucov çıxış edərək  Azərbaycanda ordu quruculuğu istiqamətində görülmüş işlərdən və  bu sahədə qazanılmış uğurlardan danışdı.N.Orucov bildirdi ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuzun ən müasir silahlarla təmin olunması, şəxsi heyətin peşəkar hazırlığı işğal altında olan ərazilərimizin bütövlüyünün tezliklə təmin olunacağını reallaşdırır. Bu istiqamətdə hər bir Azərbaycan gənci də hərbi işin sirlərinə mükəmməl yiyələnməli, vətəni sevməli və onun keşiyində ayıq-sayıq dayanmalıdır.
Tədbirdə   çıxış edən Azərbaycan və Əfqanıstan müharibəsi Veteranları İctimai Birliyini sədri Məhəmməd Vəliyev  və digərləri gənclərin Vətənimizin müdafiəsi, tariximizin, milli-mənəvi dəyərlərimizin qorunması və təbliğində fəal iştirak etdiyini, ayrı-ayrı sahələrdə parlaq nailiyyətlər qazanaraq dövlətimizin başçısının ətrafında sıx birləşərək ölkəmizin daha dinamik inkişafı istiqamətində bundan sonra da Vətənə ləyaqətlə xidmət edəcəklərinə əmin olduqlarını bildiriblər.
Mərasimdə “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbirin keçirilməsində nümunəvi təşkilatçılığına görə Biləsuvar rayon İcra Hakimiyyəti, eləcə də çağırışaqədərki hazırlıq rəhbəri, “Çağırışaqədərki hazırlıq” fənnində yüksək nailiyyət göstərən şagirdlər, şəhid ailələrinin üzvləri, veteranlar mükafatlandırıldılar.
Tədbirin bədii hissəsində vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı və Biləsuvar rayon məktəblərinin özfəaliyyət kollektivləri vətənpərvərlik mövzusunda tərtib edilmiş kompozisiya ilə çıxış ediblər.

Keçidlər