Biləsuvar rayonunda 12 Noyabr - Konstitusiya gününə həsr olunmuş tədbir keçirildi.
11 noyabr 2016-cı il tarixdə Biləsuvar rayon İcra Hakimiyyətində 12 Noyabr - Konstitusiya gününə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, ziyalılar, gənclər və KİV nümayəndələri iştirak etdilər.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət etdilər, əziz xatirəsinə tər çiçəklər qoyuldu. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev Konstitusiya Günü münasibətilə iştirakçıları təbrik etdi, demokratik dövlət və cəmiyyət quruculuğu baxımından böyük əhəmiyyət daşıyan, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu ilk Milli Konstitusiyamızın qəbul olunması tarixindən danışdı.
M.Quliyev qeyd etdi ki, hər bir dövlətin mövcüdluğunu şərtləndırən mühüm amillərdən biri onun qanunvericilik sisteminin olmasıdır. Bu baxımdan Azərbaycan Respublikasının da qanunvericilik sisteminin əsasını Azərbaycan Respublikasının Konstitusiyası təşkil edir. 21 il öncə, 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanımızın ilk Konstitusiyası idi.1918-1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin Əsas Qanununu-Konstitusiyanı qəbul edə bilməmişdi. Azərbaycanın birinci Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilmişdi. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul olunmuşdur. Azərbaycan SSR-nin 1978-ci il aprelin 21-də qəbul edilmiş Konstitusiyası da əvvəlki konstitusiyalar kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılmış şəkildə idi.
Lakin ötən əsrin 90–cı illərində əsrlər boyu böyük mərhələlərdən keçib tarixi müstəqilliyinə qovuşan xalqımızın qarşısında dövlət təsisatların yaradılması, hüquqi və demokratik dövlət quruculuğu bütün zərurəti ilə gündəlikdə dururdu. Demokratik cəmiyyət quruculuğu xətti tutan ölkəmizin ilk növbədə mükəmməl qanunlar toplusuna ehtiyacı var idi. Köhnə sovet qanunları artıq müasir dəyərlərə cavab vermirdi. Demokratik islahatlar yeni Konstitusiyanın tezliklə qəbul olunmasını tələb edirdi. 1994-cü ilin axırları 1995-ci ilin əvvəllərində Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının yaradılması ilə bağlı məsələ gündəmə gəldi. Prezident Heydər Əliyevin sədrliyi ilə xüsusi komissiyası təşkil edildi. Mütəxəssislərdən ibarət işçi qrupu layihənin ilkin mətnini hazırlamağa başladı. Konstitusiya komissiyasının sədri Prezident Heydər Əliyevin rəhbərliyi ilə keçən komissiyanın ilk iclasında layihədə ümumbəşəri dəyərlərin, xalqın tarixi keçmişinin və son illərin təcrübəsinin ciddi nəzərə alınması bir vəzifə olaraq qarşıya qoyuldu. Xarici dövlətlərin ölkəmizdəki səfirlərinin iştirakı ilə keçirilən həmin iclasda Prezident Heydər Əliyev yaranacaq yeni Konstitusiyanın əsas prinsiplərinin necə olacağını bəyan etdi. Birmənalı şəkildə demək olar ki, layihənin müəllifi ümummilli lider Heydər Əliyevin özü idi. Hər bir fəsil və maddənin yazılmasına gərgin əmək sərf edən Ulu Öndərin müəllifi olduğu bu layihə 1995-ci ilin oktyabrın 15-də ümumxalq müzakirəsi üçün mətbuatda dərc olundu. 1995-ci ilin noyabrın 12-də referendum yolu ilə qəbul edildi. 1996-cı il fevral ayının 6-da Ümummilli lider Heydər Əliyev 12 Noyabrın Azərbaycan Respublikasının Konstitusiyası Günü kimi qeyd olunması barədə sərəncam imzaladı. Artıq 20 ildir respublikamızda bu tarixi gün böyük təntənə ilə qeyd olunur.
Konstitusiyanın 158 maddəsindən 57-sində və üç fəsildən birində insan hüquq və azadlıqları təsbit edilirdi ki, bu da gənc müstəqil Azərbaycanın demokratik və hüquqi cəmiyyət qurmaq məramında olduğunu təsdiq edirdi. Bu Ali sənəd ölkədə həyata keçirilən hüquqi, demokratik islahatlar üçün möhkəm bir təməl idi. Müstəqil Azərbaycan Respublikasının əldə etdiyi bugünkü uğurlarının hüquqi başlanğıcında da məhz Ümummilli Lider Heydər Əliyevin həyat verdiyi Azərbaycanın ilk konstitusiyası dayanır. İlk ali qanunu qəbul etməklə Azərbaycan xalqı bütün cəmiyyətin və hər kəsin firavanlığını, azadlığını və təhlükəsizliyinin bərqərar edilməsini arzuladı. Keçmiş, indiki və gələcək nəsillər qarşısında tarixi məsuliyyətini bəyan etdi. Müstəqil dövlətimizin ilk Konstitusiyası eyni zamanda xalqımızın dünyəvi, milli – mənəvi prinsipləri rəhbər tutaraq seçdiyi gələcək yolun ifadəsi idi. Zaman keçdikcə Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi, onun müasir tələblərə uyğunlaşdırılması demokratik inkişaf yolunda olan bütün dövlətlər üçün səciyyəvi haldır. 2002–ci ildə Azərbaycan Konstitusiyasında dəyişiliklər edilməsinə yaranan ehtiyac məhz bütün sahələrdə nəzərə çarpan sürətli inkişafdan irəli gəlirdi. Həmin il ilk dəfə keçirilən Konstitusiya islahatlarından sonra respublikanın ictimai–siyasi həyatında fundamental dəyişikliklər, iqtisadi, siyasi, hüquqi islahatların dərinləşməsi, demokratikləşmə prosesinin sürətlənməsi və digər pozitiv yeniliklər Azərbaycan Konstitusiyasında yenidən bir sıra əlavə və dəyişiklikləri obyektiv tələbata çevirdi. 2009-cu il martın 18-də Konstitusiyadakı əlavə və dəyişikliklərə münasibəti öyrənən ümumxalq səsverməsi prezident İlham Əliyevin demokratikləşmə və liberallaşmaya xidmət edən, insan hüquqlarının qorunmasında əlavə imkanlar açan siyasətinin xalq tərəfindən birmənalı şəkildə dəstəkləndiyini bir daha təsdiq etdi.
Konstitusiyamızın qəbul olunmasından ötən 21 ildə Azərbaycanın qazandığı nailiyyətlər, sosial-iqtisadi yüksəlişi, beynəlxalq imicinin artması, regionun lider dövlətinə çevrilməsi, dünyanın enerji təhlükəsizliyinin əsas təminatçılarından biri olması ölkəmizin sanki onilliklərə bərabər inkişaf yolu keçdiyini düşünməyə əsas verir. Bu uğurlıarın kökündə dayanan əsas səbəb ulu öndər Heydər Əliyevin siyasi kursunun, müəyyən etdiyi inkişaf strategiyasının bu müddətdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi və dövrün tələblərinə uyğun məzmun və keyfiyyətcə yeniləndirilməsidir.
Ölkə Prezidenti tərəfindən 2016-cı ilin 26 iyul tarixində “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə Ümumxalq səsverməsi (Referendum) keçirilməsi haqqında” çox mühüm sərəncam imzlamışdır. Sentyabr ayının 26-da keçirilmiş həmin Referendum Azərbaycan xalqının Ölkə Prezidenti ətrafında sıx birliyinin parlaq nümayişinə çevrilmişdir. Konstitusiyamınızın 23 maddəsi üzrə təklif edilən dəyişikliklərə seçicilər yekdilliklə münasibət bildirərək, onu dəstəkləmişlər.
Ölkəmizin sosial-iqtisadi inkişafı istiqamətində böyük məsafələr qət edən, xalqa verdiyi bütün vədləri yerinə yetirən və beləliklə Heydər Əliyev siyasi kursunun alternativsizliyini ortaya qoyan dövlətmizin başçısı cənab İlham Əliyev hər bir addımda vətəndaşların mənafeyini əsas götürür. Prezident İlham Əliyevin humanistlik və xeyirxaqlıq xüsusiyyətləri, zəruri anda yüksək qətiyyətlik, prinsipiallıq göstərmək məharəti onun daim cəmiyyət tərəfindən Ulu Öndərin layiqli davamçısı kimi dəstəklənməsini təmin edir.Prezidentlik fəaliyyəti ölkəmizin bütün şəhər və rayonlarına intensiv səfərlərlə əlamətdar olan cənab İlham Əliyevin səfər proqramlarında əsas yeri məhz əhali ilə görüşlər təşkil edir. Son dərəcə səmimilik şəraitində keçən bu görüşlər cənab Prezidentin ölkə vətəndaşlarının qayğılarına və probemlərinə həssas münasibətini nümayiş etdirir.
Məramı, məqsədi yalnız xalqa xidmətdən, xalq üçün fəaliyyətdən ibarət olan Ölkə rəhbəri cənab İlham Əliyev bu illər ərzində 5 dəfə Biləsuvar rayonuna gəlmişdir. Səfərləri zamanı Biləsuvar rayonunda bir çox sosial obyektlərin və istehsal müəssisəslərinin açılışında iştirak etmişdir.
Ölkə Prezidenti cənab İlham Əliyevin 2016-cı ilin sentyabr ayının 3-də Biləsuvar rayonuna növbəti dəfə səfər etməsi hər bir Biləsuvarlının yaddaşında unudumaz xatirəyə çevrilmişdir.Möhtərəm Prezidentin Sərəncamları ilə 10 min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən və uzunluğu 6 km olan Əsgərabad-Muğan-Çaylı avtomobil yolunun tikintisi və rayon Mərkəzi Xəstəxanasının əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilməsi əhali tərəfindən çox böyük razılıqla qarşılanmışdır. Müstəqilliyimizin 25 illiyi ərəfəsinə təsadüf edən bu açılışlarda Ölkə Prezidenti cənab İlham Əliyevin şəxsən iştirak etməsi, rayon fəalları ilə görüşü, görülən işlərə yüksək qiymət verməsi bu sevinci daha da artırmışdır.
“Bizim siyasətimiz konkret işlərdir. Hər bir insanın qayğısına diqqət yetimək, hər bir insanın, hər bir rayonun problemini çalışıb həll etməkdir” –deyən ölkə başçısı bütün fəaliyyəti boyu daim bu prinsiplərə sadiq olduğunu əməli fəaliyyətilə təsdiq etmişdir.
Yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan dövləti müasir dünyanın bir hissəsidir və bu baxımdan dövlət və cəmiyyət maraqlarının inkişaf etməsi ilə bağlı məsələlər daim diqqət mərkəzindədir. Dünyaya açıq bir ölkə olan Azərbaycan hüquqa, müasir dəyərlərə və yüksək ictimai şüura əsaslanaraq öz milli maraqlarını daima inkişaf etdirir. Bu isə ilk növbədə hər bir sahədə idarəetmə sisteminin üzərinə ciddi vəzifələr qoyur.
M.Quliyev qeyd etdi ki, ən böyük diləyimiz təbii ki, Əsas Qanunumuzun təməl müddəalarının ölkəmizin bütün ərazisində bərqərar olması, Konstitusiyanın 11-ci maddəsində təsbit olunmuş «Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir» prinsipinin gerçəkdə öz əksini tapmasıdır.Əminik ki, dövlət müstəqilliyimizin qarantı olan respublikamızın Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında yaxın gələcəkdə ərazi bütövlüyümüz təmin ediləcək və Konstitusiyamızda öz əksini tapmış bu müddəa bir daha öz təsdiqini tapacaqdır.
Tədbirdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Mirzəyev, Aşağı Cürəli kənd tam orta məktəbinin direktoru Ələsgər Şahbazov, Mərkəzi rayon Xəstəxanasının baş həkim müavini Vaqif Məlikov və Xırmandalı 1 saylı kənd tam orta məktəbin müəlliməsi Vüsalı Misirova çıxış edərək Konstitusiyamızın hüquqi sənəd kimi tarixi əhəmiyyətindən danışdılar.