Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım günü qeyd olundu.

07 noyabr 2016 | 16:00

7 noyabr  2016-cı ildə Biləsuvar  rayonunda  Azərbaycanın Milli Qəhrəmanı  Mübariz İbrahimovun anım günü qeyd olundu.
Rayon İcra Hakimiyyətinin, idarə, müəssisə, təşkilatlarının  rəhbərləri, veteranlar, gənclər və rayon ictimaiyyətinin nümayəndələri Milli Qəhrəmanın evini ziyarət edərək ailəsi ilə görüşdülər.
Biləsuvar rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xanlar Məmmədov ziyarət zamanı Milli Qəhrəman Mübariz İbrahimovun həyatından və torpaqlarımızın müdafiəsi zamanı göstərdiyi şücaətdən danışaraq qeyd etdi  ki, “O,  öz qəhrəmanlığı ilə Azərbaycan əsgərinin nəyə qadir olduğunu bütün dünyaya sübut etd.Mübarizdə olan Vətən, torpaq sevgisi,  vətənpərvərlik ruhu onu şəhidlik zirvəsinə ucaltdı.Cəsurluq, igidlik, mərdlik nümayiş etdirən Mübariz İbrahimov  Azərbaycan əsgərinin döyüş ruhunun sarsılmazlığını bir daha sübut etdi.Elə ordumuzun aprel ayında düşmənə verdiyi layiqli cavab bir daha sübüt edir ki, Azərbaycan Respublikasının Prezidenti,  Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuz istənilən zaman öz sözünü deməyə qadirdir.Bu gün hər bir  gənc  Mübariz qəhrəmanlığından  örnək alır, nümunə götürür.Bizim tədris müəssisələrimizdə, tədbirlərimizdə gənclərimizə Mübariz vətənpərvərliyi aşılanır.Hərbi xidmətə yola salınan gənclərimizə vətənin necə qorumağı Mübarizdən öyrənmələri təbliğ olunur.”
Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub.1994-2005-ci illərdə  şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbində  orta təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanmışdır.
2005-2007-ci illərdə  Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə həqiqi hərbi xidmət keçən Mübariz İbrahimov xidmətini  çavuş rütbəsində başa vurub.Bir müddət mülki işlərdə işlədikdən sonra, 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb.
Gizir Mübariz İbrahimov 18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir.Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edir.Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşür. Düşməni ağır itkilərə məruz qoyur. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olur.
Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə  Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin sərəncamı ilə  Mübariz İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adı  verilir.
Ermənistan müxtəlif bəhanələrlə Mübariz İbrahimovun  cəsədini geri qaytarmaq istəmirdi. Azərbaycan rəhbərliyinin apardığı çətin danışıqlar nəticəsində 141 gündən sonra Mübarizin  meyidi 6 noyabr 2010-cu il tarixdə Ermənistan tərəfdən alınmışdır.
2010-cu il noyabrın 7-də Milli Qəhramanla keçirilən təntənəli vida mərasimində Azərbaycan Prezidenti İlham Əliyev də iştirak etmiş və nitq söyləmişdir.Şəhid qəhramanımız  İkinci Fəxri xiyabanda dəfn olunmuşdur.   
Milli Qəhrəmanın atası Ağakərim  İbrahimov   ölkə rəhbərliyi tərəfindən onların ailəsinə göstərilən yüksək diqqət və qayğıya görə daima Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına öz dərin təşəkkürünü bildirir.
Mərasim zamanı iştirakçılar Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova  məxsus müxtəlif şəkillər, haqqında yazılmış kitablar, jurnallar və qəzetlərdən ibarət  guşə ilə tanış oldular.

Keçidlər