Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunmuş tədbir keçirildi.

18 oktyabr 2016 | 16:00

18 oktyabr 2016-cı il tarixdə Biləsuvar rayon İcra Hakimiyyətində  Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısının birinci müavini Xanlar Məmmədov, İcra  Hakimiyyəti  başçısı  aparatının əməkdaşları, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, ərazi icra nümayəndələri  və kütləvi informasiya vasitələrinin nümayəndələri  iştirak etdi.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər  Heydər Əliyevin   abidəsini ziyatət edib, əziz xatirəsinə gül dəstələri qoydular.
Biləsuvar rayon İcra hakimiyyətinin başçısının birinci müavini Xanlar Məmmədov tədbirdə geniş məruzə ilə çıxış edərək bildirdi ki, zəngin dövlətçilik ənənələrinə malik olan xalqımız, bütün dünya azərbaycanlıları Azərbaycan Respublikasının  dövlət müstəqilliyinin bərpa edilməsinin 25-ci ildönümünü böyük təntənə ilə qeyd edir. Bu, hər bir Azərbaycanlının əsrlər boyu arzusunda olduğu  çox möhtəşəm   tarixi  nailiyyətdir.Azərbaycan xalqı milli dövlətçiliyi tarixində ikinci dəfə müstəqilliyinə qovuşana qədər uzun tarixi  bir yol keçmişdir XX əsrdə Azərbaycan xalqının ən böyük nailiyyəti məhz, bu müstəqilliyin qazanılmasıdır.  Öz müstəqilliyini bərpa edən ölkəmiz artıq demokratik, hüquqi, dünyəvi dövlətin möhkəm təməlini qoymuşdur. Ona görə də XX  əsr xalqımızın yaddaşında dövlətçilik, müstəqillik, ərazi bütövlüyü uğrunda mübarizə əsri kimi qalacaqdır.
1991-ci ilin 18 oktyabrı Azərbaycan tarixində əlamətdar günlərdən  biridir. Çünki, məhz  həmin gün uzun illər mübarizələrlə dolu   bir dövr yaşayan Azərbaycan xalqı müstəqilik tarixinə imza atmış, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul edilmişdir. Azərbaycan Respublikasının dövlət müstəqilliyini elan etməsi müstəqil  dövlətçilik  yolunda yeni bir mərhələ olmuşdur. Tarixi reallıqlar bir daha göstərdi ki, hətta 71 illik sovet rejimi belə Azərbaycan xalqının müstəqillik arzularının üstündən xətt çəkə bilməmişdir. Azərbaycan xalqı uzun illər böyük bir imperiyanın tərkibində olmasına baxmayaraq dilini, milli-mənəvi  dəyərlərini və mədəniyyətini göz bəbəyi kimi qoruyub saxlaya bilmişdir.
Ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında çox mühüm Sərəncam imzalamışdır.
Sərəncamda qeyd edilir ki, ötən 25 il ərzində Azərbaycan xalqı dövlət quruculuğu prosesində  arzu və niyyətlərini  gerçəkləşdirərək bütün sahələrdə əldə etdiyi nailiyyətlərlə fəxr edə bilər. Uğurlu daxili və xarici siyasət nəticəsində dövlətçilik ənənələrimiz   möhkəmlənmiş, iqtisadiyyatlmız inkişaf etmiş, mədəniyyətimiz zənginləşmişdir.Müstəqil Azərbaycan Respublikası bu gün hər bir Azərbaycan vətəndaşının və xaricdə yaşayan soydaşlarımızın əsl qürur mənbəyidir.
Hər bir xalqın taleyinin müəyyənləşməsində onun yetişdirdiyi dahi şəxsiyyətlərin, nadir dühaların əvəzsiz  yeri olur.  Tarixin gedişinə həlledici təsir göstərən belə müdrik şəxsiyyətlərdən biri də müasir Azərbaycan dövlətinin  banisi və qurucusu Ulu öndər Heydər Əliyev olmuşdur. Düz 25 il əvvəl “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nın qəbul  edilməsi ilə hüquqi əsası qoyulan müstəqilliyimiz, məhz, bu dahi şəxsiyyətin dəmir iradəsi və uzagörən  siyasəti nəticəsində reallaşmış və möhkəmlənmişdir.1993-cü ildə müdrik Heydər Əliyevin yenidən ölkə rəhbərliyinə qayıdışı ilə respublikamızın ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsaslı dönüş yarandı, müstəqil dövlət quruculuğu prosesi başlandı. Bu dahi şəxsiyyətin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin məntiqi nəticəsi  olaraq Milli Ordumuz formalaşdı, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı. 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət  kəsb edən atəşkəsə nail olundu.Müstəqilliyimizin xalqımız üçün tarixi əhəmiyyətindən danışan Ulu öndər Heydər Əliyev deyirdi: “Azərbaycanın dövlət müstəqilliyi bizim üçün ən əziz, ən qiymətli hədiyyədir və biz bu nailiyyəti – dövlət müstəqilliyimizi daim qoruyub saxlayacayıq. Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanması, daimi və əbədi olması bundan də çətindir...”
1995-ci ilin noyabr ayının 12-də müstəqil Azərbaycan  Respublikasının Konstitusiyası qəbul edildi və  müstəqillik tariximizdə  ilk parlament seçkiləri keçirildi. Müstəqil  Azərbaycan Konstitusiyası ölkəmizdə yeni dövlət quruculuğu üçün dövlət fəaliyyətinin və cəmiyyətin inkişafının gələcək  modelinin hüquqi əsasını yaratdı. Ölkədə demokratik  islahatlar kursu müəyyən edildi və bu istiqamətdə ardıcıl iş aparılmasına başlandı. Bazar iqtisadiyyatına keçid istiqamətində məqsədyönlü tədbirlər müəyyənləşdirildi. Torpaq islahatlarının həyata keçirilməsi, torpağın xüsusi mülkiyyətə verilməsi kənd təsərrüfatında  islahatların daha surətlə aparılmasına imkan yaratdı. Bütün bu məqsədyönlü tədbirlər nəticəsində Azərbaycan Respublikası misli görünməmiş  bir inkişaf yolu  tutdu. Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilmişdir.
Ulu Öndərin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət  strategiyası bu gün onun layiqli varisi, Azətbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyev tərəfindən inamla və qətiyyətlə davam etdirilir. Mütərəqqi idarəçilik prinsipləri, özünün müdrik daxili və xarici siyasəti  ilə dünyada  böyük nüfuz sahibinə çevrilmiş möhtərəm Prezidentmiz cənab İlham Əliyev dövlət başçısı kimi məsuliyyətli və şərəfli vəzifəni inamla icra edir. Ötən illər  ərzindəki fəaliyyəti dövlət başçısının verdiyi bütün vədlərin əməli fəaliyyətə çevrildiyini tamamilə təsdiqləmişdir.Hər birimiz böyük qürur  duyuruq ki, müstəqil ölkəmiz bu gün regionun ən güclü ordusuna, ən  sabit iqtisadiyyatına və ən böyük inkişaf potensialına sahib olan bir dövlətdir.Möhtərəm Prezidentimizin milli maraqlara əsaslanan siyasəti, iqtisadi inkişaf və demokratikləşmə, hüquqi dövlət quruculuğu xətti, qətiyyətli diplomatik fəaliyyəti müstəqil dövlətçiliyimizin möhkəmliyini təmin edir.
Ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə bu il sentyabrın  26-da keçirilmiş Azərbaycan Respublikasının Konstitusiyasında dəyişiklik edilməsi haqqında Referendum xalq-rəhbər birliyinin parlaq təzahürünə çevrildi. Xalqımız  “Referendum Aktı” layihəsində edilən dəyişikliklərə səs verməklə, əslində xoşbəxt gələcəklərinə, dövlətçiliyimizin  və müstəqilliyimizin daha da möhkəmlənməsinə səs vermişdir.
Respublikamızın bir güşəsi olan Biləsuvar rayonu da müstəqilliyimizin 25 ili ərzində böyük bir inkişaf yolu keçmişdir. Bu gün Biləsuvar rayonu respublikamızın abad, yaraşıqlı və müasir bir bölgəsi kimi tanınır. Rayonumuz öz simasını aydan-aya dəyişir, yeni-yeni tikililər, rahat yollar, həyata keçirilən infrastruktur layihələri göz oxşamaqla əhaliyə sonsuz sevinc və rahatlıq gətirir. Son illər rayonda 13 yeni məktəb tikilmiş, 7 məktəb  yüksək səviyyədə əsaslı təmir olunaraq  istifadəyə verilmişdir. Ölkə  Prezidentinin Sərəncamları ilə 10 min nəfər əhalinin yaşdığı 4 yaşayış məntəqəsini birləşdirən və uzunluğu 6 km olan Əsgərabad-Muğan-Çaylı avtomobil yolunun tikintisi və rayon Mərkəzi Xəstəxanasının əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilməsi əhali tərəfindən  çox böyük razılıqla qarşılanmışdır. Müstəqillyimizin 25 illiyi ərəfəsinə təsadüf edən bu açılışlarda ölkə Prezidenti cənab İlham Əliyevin şəxsən iştirak etməsi, rayon fəalları ilə görüşü, görülən işlərə yüksək qiymət  verməsi bu sevinci daha da artırmışdır.
Rayonda abadlıq, quruculuq işləri bu gün də uğurla davam etdirilir. Yeni  sosial obyektlərin tikintisi, əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Rayonumuzun bütün  yaşayış  məntəqələrinin qazlaşdırılması işi tamamilə başa çatdırılmış, ailələrə böyük sevinc  gətirmişdir. Aparılan bu geniş abadlıq və quruculuq işləri ilə yanaşı, özəl sektorun və sahibkarlığın inkişaf etdirilməsi, yeni iş yerlərinin açılması böyük razılıq hissi ilə qarşılanır.
Respublika Prezidentinin ölkədə qeyri-neft sektorunun inkişafına yüksək diqqət  yetirməsi aqrar rayon olan Biləsuvarda bu sahənin inkişafına yeni imkanlar açmışdır. Biləsuvarın pambıqçılıq sahəsində əvvəlki şöhrətini özünə qaytarmaq üçün rayonumuzun zəhmət adamları əsl fədakarlıq  göstərirlər. Indiyədək 4000 tondan çox pambıq toplanaraq təhvil verilmişdir. Yetişdirdiyimiz məhsulu son kiloqramınadək  toplamağı qarşılarına məqsəd qoyan zəhmət adamlarımız gələn  ilin məhsulu üçün pambıq  sahələrini genişləndirərək, 10.5 min hektara çatdırmağı qərara almışlar.
X.Məmmədov bildirdi ki, bu gün qəlbi vətən məhəbbəti ilə döyünən  hər bir Azərbaycan vətəndaşı fəxr edir ki, biz 25 ildir müstəqil bir dövlət  kimi yaşayırıq, müstəqilliyimizi daim uca tuturuq, xalqımız azad,  taleyimiz  öz əlimizdədir.Bizim yolumuz müdrik  Heydər Əliyev yoludur. Bu yol, bu siyasət bizi xoşbəxt bir gələcəyə aparır.Çünki, Ulu öndərimiz Heydər Əliyevin bizə əmanət etdiyi müstəqilliyimizin artıq bütün dünyada  uzaqgörən bir siyasətçi kimi tanınan İlham Əliyev kimi müdrik və etibarlı qarantı var.Xalqımız müdrik  Prezidentimizin ətrafında günbəgün daha sıx birləşərək müstəqilliyimizin daimi və əbədi olması yolunda əzmlə çalışır.
Biləsuvar rayon icra Hakimiyyətinin Başçısının birinci müavini Xanlar Məmmədov çıxışının sonunda rayon əhalisini müstəqilliyimizin 25-ci ildönümü münasibətilə  səmimi qəlbdən təbrik edərək, fəaliyyətlərində  yeni-yeni  uğurlar arzuladı.
Tədbirdə Dəvrişli  kənd  icra  nümayəndəsi Sakit  Şərbətov,  Rayon Mərkəzi  Xəstəxananın  həkimi Əliqismət  Əliyev, İsmətli  kənd tam  orta  məktəbin  müəllimi Aytək  Bağırlı çıxış edərək  Dövlət Müstəqilliyimizin bərpasının 25 illiyi münasibətilə təbriklərini bildirdilər.

Keçidlər