Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları Əsgərabad-Muğan-Çaylı avtomobil yolunun yenidənqurma və bərpadan sonra açılışında iştirak edib
03 sentyabr 2016-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları Biləsuvar rayonuna səfəri çərçivəsində uzunluğu 6 kilometr olan Əsgərabad-Muğan-Çaylı avtomobil yolunun yenidənqurma və bərpadan sonra açılışında iştirak edib.
Prezidenti İlham Əliyevə məlumat verildi ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 10 min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Əsgərabad-Muğan-Çaylı avtomobil yolunun inşasına 2013-cü ildə başlanıb və 2016-cı ilin avqust ayında tikinti işləri başa çatdırılıb.Qeyd olundu ki, Əsgərabad-Muğan-Çaylı avtomobil yolu ikinci texniki dərəcəlidir. Bu yolun ümumi uzunluğu 6 kilometr, hərəkət hissəsinin eni 9 metrdir.
Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.
Dövlətimizin başçısına məlumat verildi ki, bu yolun iki hərəkət zolağı var. Hərəkət zolaqlarının eni 3,75 metrdir. Yolun çiyin hissəsinin eni də 3,75 metrdir. Əsgərabad-Muğan-Çaylı yolunun torpaq yatağının eni isə 15 metrdir. Yolun kənarlarında 30 müasir işıq dirəyi quraşdırılıb. Diqqətə çatdırıldı ki, yolun inşası zamanı 38 min ton asfalt-beton qarışığından, 54 min kubmetr çınqıl və qırmadaşdan istifadə edilib. Yolun keçdiyi Bolqarçay çayı üzərində 81 metr uzunluğunda üçaşırımlı körpü, biri dairəvi olmaqla 3 yol kəsişməsi və 9 yerdə yol birləşmələri inşa edilib. Avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə 186 yol təhlükəsizlik dirəyi və 94 müxtəlif yol nişanları quraşdırılıb. Ümumilikdə 410 metr uzunluğunda suötürücü boru tikilib.Əsgərabad-Muğan-Çaylı avtomobil yolunun tikintisi Ələt-Astara-İran sərhədi magistral avtomobil yolunu, Biləsuvar-İran sərhədi və Bəhramtəpə-Biləsuvar avtomobil yollarını birləşdirərək Biləsuvar rayon mərkəzinə daxil olmadan dolama yol kimi yük və sərnişin daşımasını təmin etməyə imkan verəcək. Bununla yanaşı, 10 min nəfər əhalinin məskunlaşdığı Əsgərabad, Muğan və Çaylı yaşayış məntəqələrinə Biləsuvar şəhərinin daxili yollarından istifadə etmədən nəqliyyat xidmətini təşkil etmək mümkün olacaq.
Dövlətimizin başçısı kənd yollarının inşası ilə bağlı tapşırıq və tövsiyələrini verdi.