Biləsuvar rayon Səmədabad kəndində yeni inşa olunmuş Heydər Əliyev adına parkın açılışı oldu və parkda 15 iyun - Milli Qurtuluş Günü münasibətilə təntənəli tədbir keçirildi.
14 iyun 2016-cı il tarixdə Biləsuvar rayon Səmədabad kəndində yeni inşa olunmuş Heydər Əliyev adına parkın açılışı oldu və parkda 15-iyun-Milli Qurtuluş Gününə həsr olunmuş bayram konserti keçirildi.
Açılış mərasimində Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və kollektivi, ağsaqqallar, gənclər, kənd sakinləri və KİV nümayəndələri iştirak etdi.
Parkın açılışını bildirən lent kəsildikdən sonra Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olundu, əziz xatirəsinə tər çiçəklər qoyuldu.
Tədbirdə Biləsuvar rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev 15 iyun-Milli Qurtuluş günü ilə əlaqədar geniş məruzə ilə çıxış etdi.
M.Quliyev bildirdi ki, hər il təntənə ilə qeyd etdiyimiz 1993-cü ilin 15 iyunu xalqımızın tarixinə qızıl hərflərlə yazılmış bir gündür. Məhz həmin tarixdən Azərbaycan xalqının çox böyük çətinliklərlə yenidən əldə etdiyi müstəqilliyinin xilası başlanır.Ulu Öndər Heydər Əliyevin iyun aynın 15-də yenidən siyasi hakimiyyətə qayıtması xalqımızın çoxəsrlik tarixinə möhtəşəm hadisə kimi daxil olmaqla, Milli Qurtuluşumuzun təməlini qoymuşdur.
Azərbaycanın bu gün bütün dünyada özünəməxsus milli-mənəvi keyfiyyətlərə, adət-ənənələrə, mədəni dəyərlərə malik ölkə, qüdrətli sənaye respublikası, yüksək intelektual səviyyəsi, bütün müsəlman şərqinə örnək olan müstəqil ölkə kimi tanınması məhz böyük öndər Heydər Əliyevin misilisiz fəaliyyətinin nəticəsidir. Heydər Əliyev Azərbaycan xalqı üçün elə bir ideologiya müəyyənləşdirmişdir ki, onun müəllifi olduğu azərbaycançılıq ideologiyası həm Azərbaycanda, həm də bütün dünyada yaşayan soydaşlarımızın ümummili mənafelər çərçivəsində bir araya gəlməsi, Azərbaycan mənafelərinin qələbə çalması üçün fundamental baza rolunu oynamışdır.
Müstəqil dövlət quruculuğu kimi mürəkkəb bir vəzifənin öhdəsindən gəlmək qabiliyyəti olmayan o vaxtkı iqtidar milli mənafelərə zidd siyasətləri ilə özlərini gözdən salmışdıılar. Respublikada mövcud vəziyyət son dərəcə gərginləşmişdi. Məhz belə bir dövrdə Azərbaycan müstəqilliyini itirmək təhlükəsi ilə üzləşdi. Çıxılmaz vəziyyətə düşən o vaxtkı hakimiyyət ümidlərini yalnız Heydər Əliyevin zəkasına, Heydər Əliyev dühasına, və şəxsiyyətinə bağladılar. 1993-cü il iyunun 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev xalqın xahiş və təkidi ilə Bakıya gəldi. Azərbaycana olan sonsuz məhəbbəti onu belə bir addım atmağa vadar etdi. Xalq bilirdi ki, vətənimizi bu bəladan çıxarmağa qadir olan bir şəxsiyyət varsa, o da Heydər Əliyevdir. Qayıdışı ilə milyonların qəlbini sevinc nuru ilə rövnəqləndirən Heydər Əliyev iyunun 15-də əksər səs çoxluğu ilə Azərbaycan Respublikasının Ali Sovetinin sədri seçildi. Məhz həmin gün Azərbaycan dövlətçilik tarixinin ən parlaq səhifəsi yazıldı. Vətəndaş müharibəsi ilə üz-üzə qalan dövlətimizin tarixinə o gün Milli Qurtuluş günü kimi daxil oldu. Heydər Əliyev şəxsiyyəti Azərbaycan xalqı üçün sülh və əminamanlıq qarantına çevrildi.
İndi bizi tarixi səlnaməmizə qızıl hərflərlə yazılan 1993-cü ilin 15 iyunundan 23 illik zaman məsafəsi ayırır. Ötən illər ərzində Azərbaycan dünya miqyasında öz layiqli yerini tutmuş, böyük iqtisadi potensiala malik bir ölkəyə çevrilmişdir. Hazırda Azərbaycan Ulu Öndərimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni uğurlara imza atır.Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı getdicə sürətlənir, həyatın bütün sahələrində, daxili və xarici siyasətdə uğurlarımız ilbəil artır. Bütün bunlar dövlətmizin beynəlxalq nüfuzunun daha da yüksəlməsinə səbəb olur. Respublikamızın sosial-iqtisadi, mədəni-siyasi inkişafına öz töhfəsini verir.
Biz əminik ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında birləşmiş Azərbaycan xalqı öz dövlət müstəqilliyini, respublikasını göz bəbəyi kimi qoruyacaq, onu daha da möhkəmləndirəcək, gələcəyə doğru inamla aparacaqdır.
Çıxışının sonunda M.Quliyev rayonun Səmədabad kəndində yeni inşa olunmuş Heydər Əliyev adına park haqqında məlumat verdi.Bildirdi ki, hər birimiz üçün əziz olan bu gündə biz həm də başqa bir əlamətdar hadisəni-Səmədabad kəndində Ümummilli lider Heydər Əliyevin adını daşıyan bu möhtəşəm parkın açılış mərasimini qeyd edirik. Səmədabad kəndində bu yaraşıqlı parkın tikintisinə 2014-cu ildən başlanmışdır. Ötən müddətdə çəkilən zəhmət hədər getməmiş, 3 min nəfərə yaxın əhalisi olan Səmədabad kəndində salınmış bu park kənd sakinlərinə çox gözəl hədiyyədir. Gördüyünüz kimi, Ulu Öndərin adını daşıyacaq bu parkda müasir işıqlandırma sistemi qurulmuş, parka su xətti çəkilmiş, yaşıllıq zonası salınmış, çoxlu sayda dekorativ bəzək ağacları və gül kolları əkilmişdir. Parkda Ümummilli liderin əzəmətli heykəli ucaldılmışdır. Sakinlərin istirahət saatlarını burda səmərəli və mənalı keçirmələri üçün hər bir şərait yaradılmışdır.Səmədabad kəndinin görkəmini tamamilə dəyişən, ona xüsusi gözəllik verəcək bu parkdan Səmədabad və qonşu kəndlərin on min nəfərə yaxın sakinləri də istifadə edə biləcəklər.
Səmədabad kəndində əsl mədəniyyət mərkəzinə çeviriləcək belə bir əzəmətli parkın salınması ölkə Prezidenti cənab İlham Əliyevin Səmədabad və ona yaxın olan yaşayış məntəqələrinə, eyni zamanda bütün Biləsuvar rayonu əhalisinə göstərdiyi qayğısı və diqqətinin bariz nümunəsidir.
Çıxış edənlər qeyd etdilər ki, Müstəqil Azərbaycanımızda yaşanan 15 iyun - Milli Qurtuluş günü xalqımızın çətinliklərdən qurtulub, güclü bir dövlət bünövrəsinin qoyulduğu gündür. Müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Ümummilli liderimiz Heydər Əliyev yaradıb. Tarixin amansız və sərt sınaqları dövründə dünyanın ayrı-ayrı ölkələrinə səpələnərək yaşamaq məcburiyyətində qalmış azərbaycanlıların birlik və həmrəyliyinin əldə edilməsi işində Heydər Əliyevin müstəsna xidmətləri vardır. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaqlar.
Kənd sakinləri kənddə gözəl bir istirahət parkının tikilməsinə görə Ölkə rəhbəri İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildirdilər.
Sonra Heydər Əliyev adına parkda respublikanın tanınmış müğənilərinin iştirakı ilə hazırlanmış geniş konsert proqramı nümayiş olundu.