Biləsuvarda “Narkomaniyaya qarşı mübarizə bəşəriyyətin xilası deməkdir” mövzusunda tədbir keçirildi.
27 aprel 2016-cı il tarixdə Biləsuvar rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Xırmandalı kənd 1 saylı tam orta məktəbdə “Narkomaniyaya qarşı mübarizə bəşəriyyətin xilası deməkdir” mövzusunda maarifləndirici tədbir keçirildi.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Kamil Qurbanlı, Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov, rayon Polis şöbəsi rəisinin müavini Toğrul Mahmudov, təhsil, səhiyyə müəssisələrinin əməkdaşları və şagirdlər iştirak etdi.
Tədbiri giriş sözü ilə açan Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov qeyd etdi ki, müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaranı narkomaniya və narkobiznesdir. Bütün dünyada olduğu kimi, Azərbaycanda da gənclərin böyük bir qismi narkomaniya və onun törətdiyi xəstəliklərdən əziyyət çəkirlər. Bunu qismən də olsa aradan qaldırmaq üçün beynəlxalq təcrübədə əsas istiqamətlərdən sayılan maarifləndirmə, təbliğat və profilaktika işlərinin bu gün daha düzgün, effektiv aparılması çox vacibdir.
Tədbirdə çıxış edən nümayəndələr də narkomaniyanın bütün dünya üçün təhlükə mənbəyi olduğunu və narkomaniyaya qarşı aparılan mübarizə metodlarından və qəbul olunan dövlət proqramından danışaraq bu sahədə daha ciddi addımların atılmasını, təbliğat işlərinin geniş vüsət almasının vacibliyini bildirdilər.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən tədbirin sonunda antinarkotizmi təbliğ edən qısametrajlı film nümayiş olundu.