Biləsuvar rayonunda kənd təsərrüfatında görülən işlər və pambıqçılığın inkişafı ilə bağlı müşavirə keçirildi.
06 aprel 2016-cı il tarixdə Biləsuvar rayon İcra Hakimiyyətində rayonda kənd təsərrüfatında görülən işlər və pambıqçılığın inkişafı ilə bağlı müşavirə keçirildi.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, rayonun aidiyyəti idarə müəssisə, təşkilatlarının, pambıq emalı zavodlarının rəhbərləri icra nümayəndələri, kənd təsərrüfatı mütəxəssisləri, iştirak etdi.
Görüşdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev bildirdi ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qeyri-neft sektorunun inkişafı sahəsində həyata keçirilən son tədbirlər rayonumuzda da öz töhfələrini verməkdədir.Qeyri neft sektorunun prioritet istiqamətlərindən olan aqrar sahənin inkişaf etdirilməsi üçün müəyyən işlər görülmüş və hazırda da bu sahədə olan problemlər ümumiləşdirilərək icrasına başlanılmışdır.Rayonumuzda kənd təsərrüfatının, xüsusilə də pambıqçılığın inkişaf etdirilməsi sahəsində bugünədək xeyli işlər görülmüş, mülkiyyətçilər tərəfindən 4 min hektardan çox ərazidə pambıq əkini üçün hər iki zavodla müvafiq müqavilələr bağlanaraq sahələrdə əkin işlərinə başlanılmışdır.Lakin rayonda pambıq əkinlərinin daha da genişləndirilərək qısa vaxt ərzində 6 min hektar ərazidə pambıq əkilməsi nəzərdə tutulmuşdur. Bu istiqamətdə həm mülkiyyətçilər həmdə zavodların rəhbərliyi qarşılıqlı şəraitdə anlaşaraq işlərini aparırlar.
M.Quliyev bildirdi ki, fermerlərə toxum, gübrə alınmasında, aqrotexniki işlərin aparılmasında dövlət tərəfindən müvafiq köməkliklərin göstərilməsi, fermerlərin və emal müəssisələrin güzəştli şərtlərlə maliyyələşdirilməsi ilə bağlı köməkliklər göstərilir.Bu güzəştlərin tətbiqi rayonumuzda kənd təsərrüfatının daha da inkişaf etirilməsinə şərait yaradaraq, mülkiyyətçilərimizin daha çox məhsul istehsalını stimullaşdırır.
Sonra rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xanlar Məmmədov, Suvarma Sistemlər idarəsinin rəisi Ədalət Babayev və pambıq zavodlarının rəhbərləri məlumat verərək hazırda rayonda kənd təsərrüfatının vəziyyəti, sahələrin suvarılması və görüləcək işlər barədə bildirdilər.
Tədbirdə rayonda pambıq sahələrinin genişləndirilməsi ilə bağlı görüləcək işlər müəyyənləşdirildi, problemlər və təkliflər dinlənildi.