Biləsuvarda 31 mart-Soyqırımı qurbanlarının xatirəsi anıldı
31 mart 2016-cı il tarixdə Biləsuvar rayonunda 31 mart – Azərbaycanlıların soyqırımı ilə bağlı silsilə tədbirlər keçirildi.
Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə əvvəlcə məktəblilərin əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirildi və Soyqırım qurbanlarından bəhs edən film nümayiş olundu.
Tədbirdə Biləsuvar rayon icra Hakimiyyəti Başçısının müavini Xəyalə Qəmbərova çıxış edərək bildirdi ki, ermənilərin “Böyük Ermənistan” yaratmaq kimi qondarma ideyalarının gerçəkləşməsi yolunda atdıqları addımlar daima azərbaycanlılara qarşı kütləvi qətillərin və soyqırım aktlarının reallaşması ilə nəticələnib. Bu qanlı tarix qısa fasilələrlə bütün 20-ci əsr boyu dönə-dönə təkrarlanmışdır.Ermənilər nəyin bahasına olursa-olsun Azərbaycan torpaqlarında məskunlaşaraq bu torpaqların onlara aid olduqlarını təsdiqləməyə çalışırlar. Bu mənfur niyyəti reallaşdırmağın yolu isə azərbaycanlıların kütləvi soyqırımından, qanlı talanlardan və deportasiya siyasətindən keçirdi. 1918-ci ilin martında Bakıda və Azərbaycanın digər bölgələrində həyata keçirilən dəhşətli soyqırımı aktı ermənilərin Qafqazda məskunlaşması üçün bir açar oldu. Onlar bu vəhşi əməlləri ilə bir növ bu bölgədə yaşamaq və Azərbaycan türklərinin tarixi vətəni olan indiki Ermənistan ərazisində dövlət qurmaq niyyətlərini reallaşdırdılar.Bu müddət ərzində erməni vəhşiliklərinin nəticəsində yüz minlərlə dinc sakinlərimiz, qocalarımız, qadınlarımız, uşaqlarımız öldürülmüş, ölkəmizə yüz milyardlarla manatlıq ziyan vurulmuş, yüzlərlə kəndlərimiz, şəhərlərimiz məhv edilmişdir.Azərbaycan müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulan həqiqətləri açıldı, təhrif edilən hadisələr əsil qiymətini aldı. Ümummilli lider Heydər Əliyev 1998-ci il martın 26-da imzaladığı fərmanla 31 mart Azərbaycanlıların Soyqırım günü elan edildi. Təsadüfi deyil ki, bu proses sonrakı mərhələdə Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdi. Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində artıq dünya və beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı.Erməni vəhşilikləri Azərbaycan tarixinin qanla yazılmış səhifəsi olsa da, güclü Azərbaycan yerləşdiyi bölgədə söz və nüfuz sahibi olmaqla bütün problemlərin öhdəsindən hər zaman uğurla gəlmək iqtidarındadır.
X.Qəmbərova çıxışında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti sayəsində torpaqlarımızın yaxın zamanlarda düşmən tapdaqlarından azad olunacağını bildirərək qeyd etdi ki, o gün üçrəngli bayrağımız işğal altında olan şəhər və rayonlarımızda vüqarla dalğalanacaqdır.
Tədbirdə milliətçi-separatçı ermənilərin Dağlıq Qarabağda yürütdükləri qəsbkarlığın nəticəsində 20 faiz Azərbaycan torpaqlarının işğal olunması, bir milyondan artıq soydaşımızın doğma ocaqlarından didərgin düşməsi, minlərlə insanın şəhid olması faktı bir daha xatırlanmış və bu qan yaddaşının unudulmaması, xalqın tarixinin dərindən öyrənilərək gələcək nəsillərə çatdırılması, şüurlara əbədi həkk olunmasının gənclərin vətənpərvərlik tərbiyəsində əsas şərt olduğu qeyd olunmuşdur.
31 mart-Azərbaycanlıların soyqırımı günü rayonun bütün ümumtəhsil məktəblərində, mədəniyyət müəssisələrində qeyd olundu və erməni vəhşilərinin zaman-zaman xalqımızın başına gətirdiyi müsibətlər gələcək nəsillərin diqqətinə çatdırıldı.