Biləsuvarlı gənclər “Quba Soyqırımı Memorial Kompleksi”ni ziyarət etdi.
24 mart 2016-cı il tarixdə Biləsuvar rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə bir qrup Biləsuvarlı gənc “Quba Soyqırımı Memorial Kompleksi”ni ziyarət etdi.
Gənclər “Quba Soyqırımı Memorial Kompleksini” ziyarət edərək kütləvi məzarlıq üzərinə tər çiçəklər düzmüşlər.
Ziyarət zamanı Kompleksin mütəxəssisləri tərəfindən iştirakçılara 1918-ci ildə baş verən hadisələr barədə ətraflı məlumat verilmiş, sənədlər və faktlarla tanışlıq imkanı yaradılmışdır.
Bildirilmişdir ki, 1918-ci ilin mart-aprel aylarında Bakıda, Şamaxıda, Qubada, Muğanda və Lənkəranda ermənilər 50 min nəfər azərbaycanlını qətlə yetirmişdir. Ulu öndər Heydər Əliyevin 27 mart 1998-ci il “31 mart – Azərbaycanlıların Soyqırımı haqqında” fərmanı ilə 31 mart -Azərbaycanlıların Soyqırım günü elan edilmişdir.
2007-ci il aprelin 1-də Quba ərazində torpaq işləri görülərkən soyqırım məzarlığı aşkar edilmişdir. Ölkə prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2009-cu ildən Quba rayonunda “Soyqırım Memorial Kompleksi”nin yaradılmasına başlanılmış və 2013-cü il tarixində Kompleksin açılışı olmuşdur. Abidə-muzeyin ekspozisiyasında 1918-ci il mart-iyul aylarında Bakı quberniyasının 5 qəzasında – Bakı, Şamaxı, Quba, Cavad və Göyçayda müsəlman əhalinin soyqırımı tarixi öz əksini tapmışdır.
19 bölmədən ibarət muzey ekspozisiyası Azərbaycan, rus və ingilis dillərində təqdim olunur. Ekspozisiya 1918-ci il hadisələri ərəfəsində dinc Quba həyatını əks etdirən fotoşəkillərlə başlayır. Burada qədim Quba həyatını, dinc yanaşı yaşayan azərbaycanlı, ləzgi, yəhudi və digər xalqların nümayəndələrini, müxtəlif sosial təbəqələrə aid insanları əks etdirən şəkillər sərgilənir.
Ekskursiya çərçivəsində gənclər Quba rayon Heydər Əliyev Mərkəzi, “Gənclər Mərkəzi” ilə də yaxından tanış olmuşlar.
Ekskursiyanın sonunda gənclər Bakı şəhərində ucaldılan əzəmətli “ Dövlət Bayraq Meydanı” ilə tanış olmuş, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun II Fəxri Xiyabandakı məzarini da ziyarər etmişlər.