Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev Dərvişli, Aşağı Cürəli və Əsgərabad kəndlərinin sakinləri ilə görüş keçirdi.
12 fevral 2016-cı il tarixdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev rayonun Dərvişli kəndində, Dərvişli, Aşağı Cürəli, Əsgərabad kəndlərinin ziyalıları, sahibkarlar, torpaq mülkiyyətçilərinin iştirakı ilə görüş keçirdi.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, “Aqrarkredit” Səhmdar Kredit Təşkilatının Salyan filialının müdiri Vaqif İslamov, hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə müəssisə, təşkilatlarının rəhbərləri və kəndlərin sakinləri iştirak etdi.
Görüşdə çıxış edən Mahir Quliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızın son illərdə qazandığı nailiyyətlərdən danışaraq bildirdi ki, bu gün dünyada baş verən mürəkkəb siyasi proseslərə, qlobal iqtisadi böhranlara baxmayaraq, Azərbaycanda hərtərəfli sosial-iqtisadi inkişaf davam edir.Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi balanslaşdırılmış və düşünülmüş siyasi-iqtisadi strategiya sayəsində ölkəmiz dinamik inkişaf edir, əhalinin rifah halının daha da yaxşılaşması, dövlətimizin beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə yüksəlməsi və milli dövlətçilik maraqları təmin edilir.Cənab Prezidentimiz dünyada və regionda gedən proseslərə baxmayaraq daima öz vətəndaşını düşünür və əhalimizin yaxşı yaşaması naminə əlavə tədbirlər görür.Cənab İlham Əliyevin birbaşa rəhbərliyi və dəstəyi ilə icra olunan proqramlar imkan verəcək ki, bu böhranlı vaxtlarda da ölkəmiz inkişaf etsin, əhalimizin sosial vəziyyəti daha da yaxşılaşsın.Ölkəmizdə sahibkarlığın və kənd təsərrüfatının inkişaf etdirilməsi, bu sahədə sahibkarlara və torpaq mülkiyyətçilərinə hərtərəfli köməkliklər göstərilməsi ilə bağlı dövlət başçısının tapşırıq və tövsiyyələrinə uyğun olaraq rayonumuzda da bu istiqamətdə müvafiq tədbirlər aparılır.Sahibkarlar və mülkiyyətçilərin qarşılaşdığı problemlərin operativ həlli, onlara köməkliklərin göstərilməsi və təkliflərinin dinlənilməsi və araşdırılması məqsədilə Biləsuvar rayon icra Hakimiyyətində müvafiq Qərargah yaradılmış və “Qaynar xətt” (295-02-11) istifadəyə verilmişdir.Daxil olan hər bir müraciət və təkliflərin dəqiqliklə araşdırılaraq dərhal icrası istiqamətində işlər aparılması üçün rayon İcra Hakimiyyətində Apellyasiya Şurası fəaliyyətə başlamışdı.Bundan əlavə qərargah rayonun inkişafı məqsədilə görüləcək işlər, yaradılacaq iş yerləri barədə araşdırmalar aparmışdır.
M.Quliyev bildirdi ki, Biləsuvar rayonu əsasən kənd təsərrüfatı rayonu olduğu üçün rayonda ilk növbədə bu sahədə əhəmiyyətli irəliləyiş əldə olunmalı, heyvandarlıq inkişaf etdirilməli və yeni iş yerləri yaradılmalıdır.Xüsusilə pambıqçılıq Biləsuvar rayonunda becərilən ənənəvi kənd təsərrüfatı sahəsidir. Sovetlər dövründə rayonda pambıqçılıq ən inkişaf etmiş sahəsi olmaqla əhalinin əsas gəlir mənbələrindən olmuşdur.Bu sahənin inkişafı üçün Biləsuvar rayonunun əlverişli şərait vardır.Son illər pambığın alış qiymətinin aşağı olması və hektara çəkilən xərclərin artması gəlirlərin azalmasına səbəb olduğundan torpaq mülkiyyətçilərində bu sahəyə maraq müəyyən qədər azalmışdır.Ölkə başçısının tapşırığına əsasən pambıqçılığın əhalinin məşğulluğunun təmin olunmasında vacib sahələrdən biri olduğunu qeyd etməsi və verilən tapşırıqlar əsasında pambığın alış qiymətinin artırılması bu sahənin yenidən inkişafı üçün zəmin yaradacaqdır.Rayonda fəaliyyət göstərən 2 pambıqtəmizləmə zavodunun, pambıq sahələrinin becərilməsində və məhsul yığımında istifadə olunan texnikaların olması, bu sahədə böyük potensiala malik təcrübə və marağı olan işçi qüvvəsinin olması pambıqçılığın rayonda inkişafına daha da böyük imkanlar yaradır.
M.Quliyev qeyd etdi ki, Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı”nın icrasının yekunlarına həsr olunmuş konfransdakı çıxışında da cənab Prezident kənd təsərrüfatı sahələrinə bir çox güzəştlərin olunacağını bildirdi. Hazırda kənd təsərrüfatı ilə, xüsusilə pambıqçılıqla məşğul olan fermerlərə toxum, gübrə alınmasında, aqrotexniki işlərin aparılmasında dövlət tərəfindən müvafiq köməkliklərin göstərilməsi, fermerlərin və emal müəssisələrin güzəştli şərtlərlə maliyyələşdirilməsi ilə bağlı müəyyən tədbirlər hazırlanır. Kəndlərdə heyvandarlıq inkişaf etdirilməli və bu sahədə məhsuldarlığın artırılması məqsədilə müasir texnoloji yeniliklərdən istifadə olunmalıdır.
Görüşdə “Aqrarkredit” Səhmdar Kredit Təşkilatının Salyan filialının müdiri Vaqif İslamov çıxış edərək bildirdi ki, rayonlarda aqrar sahənin, xüsusilə pambıqçılığın inkişafı ilə bağlı Ölkə rəhbərinin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mülkiyyətçilərə kənd təsərrüfatı kreditlərin verilməsi və bu sahədə maarifləndirmə işlərinin aparılmasına köməkliklər göstərirlər.Hər bir mülkiyyətçi bu məsələlərlə bağlı təşkilata müraciət edə bilər.
Görüşün sonunda rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev Dərvişli, Aşağı Cürəli, Əsgərabad və Muğankənd kəndlərinin sakinlərinin problemlərini dinlədi və qaldırılan məslələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını verdi.Sakinlər tərəfindən qeyd olunan hər bir problem və təkliflər ümumləşdirilərək icrası nəzarətə götürüldü.
Görüşdə iştirak edən kəndlərin sakinləri çıxış edərək ölkə rəhbərinin diqqəti və qayğısı nəticəsində rayonun sosial-iqtisadi inkişafı sahəsində görülən işləri razılıq hissi ilə qarşıladıqlarını, ölkədə genişmiqyaslı iqtisadi islahatlara başlanılmasını, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirərək cənab İlham Əliyevin siyasətini daim dəstəkləyəcəklərini bildirdilər. Görülən bütün bu işlərin sonda ölkə vətəndaşlarının həyat şəraitinin yaxşılaşmasına xidmət etdiyini qeyd etdilər.