Biləsuvarda Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş “Xəmsə” Milli İntellektual Oyunu və tennis idman növü üzrə gənclər arasında rayon birincilikləri keçirildi.
05-06 fevral 2016-cı il tarixlərdə Biləsuvar rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş “Xəmsə” Milli İntellektual Oyunu və tennis idman növü üzrə gənclər arasında rayon birinciliyi keçirildi.
Yarışların açılış mərasimində əvvəlcə Qəhrəmanın xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov gənclərə Mübariz İbrahimovun həyatı, keçdiyi döyüş yolu və misilsiz qəhrəmamlığı barədə geniş məlumat verdi.Bildirdi ki, Mübarizin keçdiyi döyüş yolu və misilsiz qəhrəmanlıq şücaəti nəinki doğulub boya-başa çatdığı Biləsuvar rayonunda, eyni zamanda bütün türk dünyasında anılır. O, 22 yaşında Azərbaycanın Milli Qəhrəmanı oldu. İndi hər bir azərbaycanlı onun mübarizə dolu həyatı ilə fəxr edir.Xidmət etdiyi cəbhənin Tərtər istiqamətində düşmənin işğalı altında olan Çaylı kəndindəki erməni qərargahına girərək əsl bir cəngavər kimi 5 saat təkbaşına döyüşür. Ermənilər əvvəlcə elə zənn edirlər ki, onlara qarşı Azərbaycan ordusu hücuma keçib. Gecənin qaranlığında çaşbaş qalan düşmən Azərbaycan əsgərinin göstərdiyi bu şücaətin qarşısında ağır itkilər verir. Düşmən bir neçə saat davam edən bu döyüşə əlavə qüvvə cəlb edir. Elə bu amansız döyüşdə Mübariz İbrahimov qəhrəmancasına həlak olur.Mübarizdə olan Vətən, torpaq sevgisi, vətənpərvərlik ruhu onu şəhidlik zirvəsinə ucaltdı. O, öz şərəfli ölümü ilə, öz qəhrəmanlığı ilə Azərbaycan əsgərinin nəyə qadir olduğunu bütün dünyaya sübut etdi.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini Kamil Qurbanlı çıxış edərək bildirdi ki, Mübariz ölumün gözünə dik baxaraq, Vətən sevgisinin heç nə ilə əvəz olunmadığını bir daha sübut etdi.Bu şücaəti ilə Mübariz Azərbaycan gəncliyinə başucalığı gətirdi. Bu gün hər bir gənc Mübariz qəhrəmanlığından örnək alır, nümunə götürür.Təhsil və tərbiyə müəssisələrimizdə gənclərimizə Mübariz vətənpərvərliyi aşılanır.Hərbi xidmətə yola salınan gənclərimizə vətənin necə qorumağı Mübarizdən öyrənmələri təbliğ olunur.
Sonra yarışlara start verildi. “Xəmsə” intellektual oyununun rayon birincisi Milli Qəhrəmanın adını daşıyan Liseyin “Mübarizlər” komandası, tennis üzrə keçirilən yarışların rayon birincisi isə Bayram Məmmədli oldu.
Qaliblərə Biləsuvar rayon Gənclər və İdman İdarəsinin Kubok və diplomları təqdim edildi.