Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda Milli Qəhrəman Mübariz İbrahimovun ad günü qeyd olundu.

07 fevral 2016 | 16:00

07 fevral  2016-cı il tarixdə  Biləsuvar  rayonunda  Azərbaycanın Milli Qəhrəmanı  Mübariz İbrahimovun  doğum günü  qeyd olundu.
Biləsuvar rayon İcra Hakimiyyətinin məsul işçiləri və  ictimaiyyətin nümayəndələri rayonun Əliabad kəndində yerləşən ata ocağında Milli Qəhrəmanın evini ziyarət edərək ailəsi ilə görüşmüşlər.
Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısının birinci müavini Xanlar Məmmədov  görüş  zamanı Milli Qəhrəman Mübariz İbrahimovun həyatından və torpaqlarımızın müdafiəsi zamanı göstərdiyi şücaətdən danışaraq, qeyd etdi ki, Mübarizin qəhrəmanlığı nəinki Azərbaycanda, bütün  dünyada böyük əks-sədaya səbəb oldu.O, 22 yaşında Azərbaycanın Milli Qəhrəmanı oldu. Qısa ömür yaşasa da canını vətən yolunda fəda etməsi ilə özündən sonra böyük şəhidlik məktəbi qoydu. İndi hər bir azərbaycanlı onun mübarizə dolu həyatı ilə fəxr edir.O, xidmət etdiyi  cəbhənin Tərtər istiqamətində düşmənin işğalı altında olan Çaylı kəndindəki erməni qərargahına girərək əsl bir cəngavər kimi 5 saat təkbaşına döyüşür. Ermənilər əvvəlcə elə zənn edirlər ki, onlara qarşı Azərbaycan ordusu hücuma keçib. Gecənin qaranlığında çaşbaş qalan düşmən Azərbaycan əsgərinin göstərdiyi bu şücaətin qarşısında ağır itkilər verir. Düşmən bir neçə saat davam edən bu döyüşə əlavə qüvvə cəlb edir. Elə bu amansız döyüşdə Mübariz İbrahimov qəhrəmancasına həlak olur.Mübarizdə olan Vətən, torpaq sevgisi,  vətənpərvərlik ruhu onu şəhidlik zirvəsinə ucaltdı. O, öz şərəfli ölümü ilə, öz qəhrəmanlığı ilə Azərbaycan əsgərinin nəyə qadir olduğunu bütün dünyaya sübut etdi.
Bildirlidi ki, Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Mübariz Ağakərim oğlu İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı (ölümündən sonra) verildi. Prezidentin başqa bir sərəncamı ilə Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi əbədiləşdirilərək  Biləsuvar şəhərindəki  Lisey-Məktəb Kompleksinə, eyni zamanda Biləsuvar rayonunun mərkəzi küçələrindən birinə Milli Qəhrəman Mübariz İbrahimovun adı verilib.
Çıxış edənlər bildirdilər ki, ölkə Prezidenti tərəfindən Mübarizin qəhrəmanlığına  verilən bu yüksək qiymət respublikamızın hər yerində igid vətən əsgərinin qəhrəmanlığına, döyüş rəşadətinə verilmiş layiqli qiymət kimi qarşılandı. Mübariz ölumün gözünə dik baxaraq, Vətən sevgisinin heç nə ilə əvəz olunmadığını bir daha sübut etdi.Bu şücaəti ilə Mübariz Azərbaycan gəncliyinə başucalığı gətirdi. Bu gün hər bir  gənc  Mübariz qəhrəmanlığından  örnək alır, nümunə götürür.Təhsil və tərbiyə müəssisələrimizdə  gənclərimizə Mübariz vətənpərvərliyi aşılanır.Hərbi xidmətə yola salınan gənclərimizə vətənin necə qorumağı Mübarizdən öyrənmələri təbliğ olunur.”
Milli Qəhrəmanın atası Ağakərim  İbrahimov   ölkə rəhbərliyi tərəfindən onların ailəsinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına öz dərin təşəkkürünü bildirdi.
Sonra ziyarət iştirakçıları Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova  məxsus müxtəlif şəkillər, haqqında yazılmış kitablar, jurnallar və qəzetlərdən ibarət böyük guşə ilə tanış oldular.

Keçidlər