Biləsuvar rayonunda şahmat üzrə Azərbaycan birinciliyinin seçmə yarışları start götürdü.
25 yanvar 2016-cı il tarixdə Biləsuvar rayonunda şahmat üzrə Azərbaycan birinciliyinin seçmə yarışları start götürdü. Yarışlara respublikanın 34 rayon və şəhərindən 308 idmançı qatılıb.
Biləsuvar Olimpiya İdman Kompleksində keçirilən açılış mərasimində rayon İcra Hakimiyyətinin başçısı cənab Mahir Quliyev və Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov iştirak etdilər.
Mərasimdə Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov çıxış edərək rayonda şahmatın inkişafı istiqamətində aparılan işlər barədə ətraflı məlumat verdi.Bildirdi ki, rayonumuzda şahmat üzrə yüksək nailiyyətləri olan idmançılarımız vardır. Azərbaycan Çempionları Namiq, Natiq Şirinovlar, Araz Babazadə, Elmir Məmmədov, 3 qat Azərbaycan Çempionu, SSRİ Çempionu Zəminə Ağayeva, Beynəlxalq dərəcəli hakim, Azərbaycan Respublikasının Əməkdar məşqçisi Şəfəq Əzizova, yeniyetmə şahmatçı Azərbaycan və Avropa Çempionu Xəzər Babazadənin adı bu gün fəxrlə çəkilir. Bu gün də yarışlarda rayonumuz 25 idmançı ilə təmsil olunur.
Açılış mərasimində çıxış edən Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev Respublikamızda idmanın inkişafına göstərilən dövlət qayğısından, bunun nəticcəsi olaraq Azərbaycanın artıq beynəlxalq aləmdə idman ölkəzi kimi tanınmağından və ardıcıl olaraq Beynəlxalq səviyyəli yarışlara yüksək səviyyədə ev sahibliyi etməsindən danışdı. Bildirdi ki, bu uğurların əldə edilməsi aparılan düşünülmüş məqsədyönlü siyasətin nəticəsi kimi qiymətləndirilməlidir.
Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov yarış barədə məlumat verdi və tədbirin yüksək səviyyədə təşkilinə görə rayon rəhbərliyinə təşəkkürünü bildirdi.
Açılış mərasimindən sonra yarışlara start verildi, yarışlar fevral ayının 1-nə qədər davam edəcəkdir.