Biləsuvar rayonunun yaradılmasının 85 illik yubileyinə həsr olunmuş “Biləsuvar – 85” kitabının təqdimat mərasimi keçirildi.
24 dekabr 2015-ci il tarixdə Biləsuvar rayon Heydər Əliyev Mərkəzində Biləsuvar rayonunun yaradılmasının 85 illik yubileyinə həsr olunmuş “Biləsuvar – 85” kitabının təqdimat mərasimi keçirildi.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, içra nümayəndələri, bələdiyyələr, rayon ağsaqqalları, ziyalılar, gənclər və KİV nümayəndələri iştirak etdilər.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət etdilər, əziz xatirəsinə tər çiçəklər qoyuldu.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev bildirdi ki, “Bu gün Sizlərlə bütün dünya azərbaycanlıları üçün əziz olan bir gündə - 24 dekabr bütün tariximiz boyu arzusunda olduğumuz, azad, müstəqil, suveren Azərbaycan dövlətinin rəhbəri, müasir Azərbaycan dövlətinin banisi Ümummilli lider Heydər Əliyevin ideya və əməllərinin layiqli davamçısı, vətənini və xalqını canından əziz tutan Azərbaycan respublikasının Prezidenti cənab İlham Əliyevin doğum günündə görüşürük. İcazə verin Sizin adınızdan və şəxsən öz adımdan cənab Prezidenti doğum günü münasibətilə təbrik edim, onun Azərbaycan naminə yürütdüyü daxili və xarici siyasətdə daim möhtəşəm qələbələr qazanmasını diləyərək, cənab Prezidentimizə ləyaqət və şərəflə dolu ömür yolunda can sağlığı, xoşbəxtlik və ailə səadəti arzulayım.
Bu gün, bu tarixi gündə biz həm də çöx əlamətdar bir hadisənin – Biləsuvar rayonunun inzibati ərazi vahidliyi kimi təşkil edilməsinin 85 illik yubileyinə həsr olunmuş “Biləsuvar – 85” kitabının təqdimat mərasiminə toplaşmışıq. Çox yüksək poliqrafik səviyyədə nəşr olunmuş bu kitab rayonumuzun şanlı yubileyinə dəyərli bir töhfədir. Kitabda Biləsuvar rayonunun tarixi, adət və ənənələri, rayon əhalisinin dövlətçiliyimizə olan sədaqəti faktların dili ilə öz əksini tapmışdır. Eləcə də bugünki Biləsuvarın tarixi inkişafı, bu inkişafda xidmətləri olan şəxsiyyətlərin həyat yolu, əldə olunan uğur və nailiyyətlər, müasir Azərbaycanın inkişafına biləsuvarlıların verdiyi töhvələr kitabda ardıcıllıqla sadalanır. Kitabla tanış olan hər bir oxucu rayon haqqında müfəssəl məlumatlar əldə edə bilər.
Respublikamızın Aran iqtisadi zonasına daxil olan Biləsuvar rayonu tarixi “İpək yolu”nun üstündə yerləşməklə Azərbaycanın qədim yaşayış məskənlərindən biri olaraq inzibati ərazi vahdiliyi kimi 1930-cu ildə təşkil olunmuşdur.
Muğan düzünün cənub-qərbində və cənubunda yerləşən Biləsuvar yaşayış məntəqəsi kimi qədim tarixə malikdir. Tarixin atası sayılan Herodot da bu ərazilərin qədim yaşayış məskəni olduğunu tarixi qeydləri ilə təsdiq etmişdir. Bir sıra digər tarixi mənbələrdə də Biləsuvarın zəngin tarixi şəhər olduğu barədə kifayət qədər məlumatlar vardır.
Tarixi mənbələrə görə X əsrdə indiki Biləsuvarın yerində Büveyhi əmiri Piləsuvarın saldığı şəhərə onun şərəfinə öz adı verilmişdir. Adın mənası isə “böyük atlı” deməkdir. Digər bir mənbəyə görə Biləsuvar iki tayfanın– “Bilyər və Suvarların cəmlənib düşmən qarşısında qəhrəmancasına vuruşduğu yer” mənasını verir. Erkən orta əsrlərdə sasanilərin və ərəblərin işğalına məruz qalan Azərbaycanın digər əraziləri kimi Biləsuvar da uzun müddət tarixin döyüş səhnələrinin və müharibələrin şahidi olmuşdur. Ərəblərin Xəzər xaqanlığı ilə, monqolların Azərbaycan feodal dövlətləri ilə apardıqları müharibələr burada məskunlaşmış əhalinin bir qisminin Qafqazın şimalına doğru köç etmələrinə səbəb olmuşdur. Bundan başqa Muğan düzü, o cümlədən Biləsuvar ərazisi iqlim şəraitinin əlverişli olması səbəbindən Azərbaycan dövlətçilik tarixində özünəməxsus yeri olan Atabəylər və Səfəvilər dövlətlərinin ordu hissələrinin qış mövsümlərində yerləşmə məntəqəsi də olmuşdur. Məhz bu baxımdan rayonun adının toponomik izahını verən tarixçilər bu məsələyə xüsusi diqqət yetirirlər.
Sonrakı mərhələdə Xanlıqlar arasında çəkişmələrin və Rusiya ilə İran arasındakı savaşın məntiqi nəticəsi olaraq 1828-ci il Türkmənçay müqaviləsinə əsasən iki hissəyə bölünən Azərbaycan torpaqlarının bir parçası olan Biləsuvar da bu acı gerçəyi yaşamağa məhkum idi. O zaman Azərbaycanın Culfa, Astara və Biləsuvar şəhərləri sərhəd xəttinin yaşayış məntəqəsinin tən ortasından keçən üç yaşayış məntəqəsi idi. Biləsuvar rayonu da iki yerə bölünmüş, yaranmış tarixi şəraitə uyğun olaraq Biləsuvar Cənubi Qafqazda mühüm hərbi nəzarət məntəqəsinə çevrilmişdir.
XX əsrin əvvəllərindən başlayaraq Azərbaycanın digər yerlərində olduğu kimi, Biləsuvarda da ruslaşdırma siyasəti geniş miqyas almışdır. Çar Rusiyasının aqrar islahatlarına qarşı çıxan, etnik rus millətindən olan kəndlilər imperiyanın cənub ucqarlarına, o cümlədən Azərbaycanın cənub bölgəsinə köçürülməyə başlandı. Həmin vaxt ərazidə mövcud olan Təzəkənd, Cürəli, Dəvrişli, Ağalıkənd, Amankənd, Bəydili və Xırmandalı kəndlərində azərbaycanlılar yaşayırdılar. Rusların bu ərazilərə köç etməsindən sonra Arxangelovka, Novomixaylovka, Qulibinka, Qriboyedovka, Muravyovka kimi tanınan, yeni kəndlər salındı.
1902-1906-cı illərdə hazırda Cənubi Muğan Kanalı adlanan suvarma kanalının, ondan ayrılan bir neçə qolun çəkilişindən sonra kanal boyunca bir neçə kənd – Kirovka, Novotroski, Konstantinovka, Tatyanovka, Puşkin kəndləri salınaraq, Rusiyanın Volqaboyu və Don sahillərindən, eləcə də Krasnodar və Stavropol vilayətlərindən köçürülən əhali ilə məskunlaşdırıldı.
Bu proses Sovet hakimiyyəti illərində də davam etdirildi. 1930-cu ildə SSRİ Nazirlər Kabinetinin rayonlaşma barədəki qərarından sonra inzibati ərazi bölgüləri əsasında yeni-yeni rayonlar yaradılmağa başladı.Bu rayonlardan biri də 8 avqust 1930-cu ildə yaradılan Puşkin rayonu idi. 1938-1940-cı illərdə hökumət yerli əhalini sərhədboyu zonadan köçürmək adı altında Yuxarı Cürəli, Aşağı Cürəli, Təzəkənd, Dəvrişli, Amankənd, Ağalıkənd kəndlərinin əhalisi indiki ərazilərə məcburi surətdə köçürüldü. 1948-1953-cü illərdə SSRİ-nin cənub sərhədlərində aparılan delimitasiya və demarkasiya ilə əlaqədar olaraq Yardımlı və Lerik rayonlarının bir çox yaşayış məntəqələrinin əhalisi Biləsuvara köçürüldü. Rayon inkişaf edir, eyni zamanda Azərbaycan SSRİ-nin inkişafına öz töhvələrini verirdi. Artıq Puşkin adlanan kənd rayon mərkəzinə çevrildi. O zaman Puşkin adlandırılan rayon 1963-cü ildə Cəlilabad rayonu ilə birləşdirilmiş, lakin 1965-cü ildə yenidən ayrı inzibati ərazi vahidi olaraq Puşkin rayonu olmuşdur.
1991-ci ildə yerli əhalinin təşəbbüsü və Azərbaycan SSRİ Ali Sovetinin qərarı ilə Biləsuvarın tarixi adı özünə qaytarıldı. Rus adları ilə adlandırılan kəndlər öz toponomik göstəricilərinə görə yeni adlarla əvəz olundu. Beləliklə, Arxangelovka kəndi – Bağbanlar, Novo-Mixaylovka kəndi – Zəhmətabad, Novoqrajdanovka kəndi – Çinarlı, Tatyanovka kəndi – Aranlı, Konstantinovka kəndi – İsmətli, Novotroski kəndi – Nəsimi, Kirovka kəndi – Günəşli, Qlubinka kəndi Ovçubərə adları ilə əvəz olundu.
İndi qədim tarixi olan Biləsuvarda 1 memarlıq, 12 arxeoloji və memarlıq abidəsi vardır. Bunlar Şəhriyar qalası, tunc və dəmir dövrlərinə adi kurqan təpələr, orta əsrlərə aid Ağdam qalası, Çöl Ağdam şəhərciyi və İçəri Ağ dam yaşayış ərazisi arxeoloji abidələridir.
Heç şübhəsiz, Biləsuvar tarixinin hələ öyrənilməmiş, açılmamış səhifələri çoxdur. Biz tarixçi alimlərimizdən, tədqiqatçılarımızdan bu mənada ciddi iş gözləyirik. Biləsuvar torpağında tarixi və memarlıq abidələri hələ açılmamış sirlərlə doludur. Bu qalalar, abidələr uzun illərdir ki, onları tətbiq edib sirlərini aşkar edəcək tədqiqatçı alimlərin yolunu səbirsizliklə gözləyir. Böyük ümidlərlə bu işi tarixçi alimlərimizin öhdəsinə buraxırıq.”
M.Quliyev bildirdi ki, Biləsuvar rayonu həmişə dövlətçiliyimizə sadiqliyi ilə seçilimişdir. Ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikasına rəhbərlik etdiyi illərdə rayonumuza xüsusi qayğı və diqqət göstərmişdir. Ulu Öndərin 1972, 1973, 1974, 1975, 1998 və 1999-cu illərdə Biləsuvar rayonunda olması, əhali ilə görüşləri biləsuvarlıların qəlbində ən əziz bir xatirəyə, unudulmaz anlara çevrilmişdir. Onun rayona hər gəlişində verdiyi tapşırıqlar, etdiyi tövsiyyələrlə bağlı həyata keçirilən layihə və tədbirlər rayonumuzun sosial-iqtisadi və mədəni-siyasi həyatında bir hadisəyə çevrilmişdir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin söylədiyi “Biləsuvar çox qədim ərazidir, qədim yerdir. Onun özünə görə çox gözəl ənənələri, gözəl tarixi var” sözləri bu gün hər birimizin dilində iftixarla səslənir. Hər bir Biləsuvarlı sözün həqiqi mənsasında bu qədim torpağın övladı olması ilə fəxr edir, böyük qürur duyur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də Biləsuvar rayonuna tarixi səfərləri Biləsuvar əhalisinin yaddaşında silinməz izlər qoymuşdur. Son 7 ildə dövlət başçısı rayonumuza 4 dəfə səfər etmiş, onlarla mühüm əhəmiyyətli obyektlərin açılış mərasimlərdə şəxsən iştirak edərək rayon ziyalıları, ağsaqqaları, gəncləri ilə görüşmüşdür. Möhtərəm Prezidentimizin Biləsuvarda həyata keçirilən quruculuq- abadlıq işlərinə yüksək qiymət verməsi rayonumuzun hər bir sakininin qurub-yaratmaq əzmini artırmışdır.
Ulu Öndərin yaradıcısı olduğu və bu gün cənab prezident İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyası 1992-ci ilin noyabr ayında Naxçıvanda təsis olunduqdan sonra partiyanın ilk özək təşkilatı məhz Biləsuvar rayonunda yaradılıdı. Bu fakt biləsuvarlıların Ulu Öndərə, onun siyasi xəttinə olan münasibətini ifadə edir.
Son illərdə böyük bir inkişaf yolu keçmiş Biləsuvar rayonunun ərazisi 1357 kvadrat kilometrdir. Muğan düzündə yerləşən Biləsuvar İran İslam Respublikası, həmçinin Cəlilabad, Salyan, İmişli, Saatlı, Sabirabad və Neftçala rayonları ilə həmsərhəddir.
Rayon dəniz səviyyəsindən 50-100 metr yüksəklikdə yerləşir. Relyefi yarımdüzənlikdir. İqlim istidir və əsasən quru keçir.
Rayon mərkəzini yarıya bölən, mənbəyini Savalan dağ silsiəsindən götürən Bolqar çayı həm də Azərbaycan Respublikasını İran İslam Respublikası arasında sərhəd xətti boyunca uzanır. 163 kilometr uzunluğu olan bu çayın mənsəbi Mahmudçala ilə yekunlaşır.
Əkin sahələrinin suvarılmasını yaxşılaşdırmaq məqsədilə rayonda 1985-ci ildə 41.5 km uzunluğundan Maşın qolu adlanan suvarma kanalı çəkilmişdir.
Rayon ərazisindən Ələt-Astara beynəlxalq, Gəncə-Astara magistral yolları və respublikamızı İran İslam Respublikasından keçməklə Naxçıvana birləşdirən beynəlxalq magistral şosse yolu keçir.
Əsasən kənd təsərrüfatı rayonu olan Biləsuvarın ərazisi 135700 hektardır. Həmin ərazinin 112900 hektarı kənd təsərrüfatına yararlı torpaq sahələridir.
26 yaşayış məntəqəsini birləşdirən Biləsuvar rayonunun əhalisi 98.869 nəfərdir. Əhalinin 22000 nəfəri şəhərdə, 76865 nəfəri kəndlərdə yaşayır. Etnik tərkibi əsasən azərbaycanlılardan ibarətdir.
Hazırda rayonda 23 inzibati ərazi vahidliyi , 1 şəhər, 23 kənd bələdiyyəsi fəaliyyət göstərir.
Rayonda 26 orta, 10 ümumi orta məktəblər, 2 məktəbdən kənar təhsil müəssisəsi, peşə liseyi və 2008-ci ildən xüsusi istedada malik uşaqlar üçün məktəb-lisey kompleksi fəaliyyət göstərir.
Son illər rayonda 13 məktəb binasi tikilib istifadəyə verilmişdir, 6 məktəb yüksək səviyyədə əsaslı təmir olunmuşdur.
Rayon əhalisinin sağlamlığı daimi diqqət mərkəzindədir. Hazırda rayonda 3 xəstaxana, 19 həkim və tibb məntəqəsi əhaliyə xidmət göstərir. Respublika Prezdentinin sərəncami ilə Biləsuvar rayon Mərkəzi Xəstəxanasının yenidən qurma və əsaslı təmir işlərinə başlanmışdır.
Əhaliyə 20 klub və mədəniyyət evi, 30 kitabxana, Rəsm qalereyası, 2 incəsənət məktəbi, Heydər Əliyev Mərkəzi, Tarix Diyarşünasliq muzeyi mədəni-maarif xidməti göstərir.
Gənclik bizim xoşbəxt sabahımız, işıqlı gələcəyimizdir. Bu gün Biləsuvar əhalisinin də 32 min nəfərini, məhz gənclər təşkil edir, Biləsuvarlı gənclər respublikamızın ictimai- siyasi həyatında fəal iştirak etməklə öz mübarizlikləri, ölkə Prezidentinə sədaqətləri ilə fərqlənirlər. 2013-cü ildə Biləsuvar rayonu yüz minlərlə internet istifadəçilərinin rəyi ilə 50 şəhər və rayon arasında birincilik əldə edərək Azərbaycanın “Gənclər paytaxtı” seçilmişdir. Bu nailiyyətin əldə olunmasında rayon gənclərinin inadlı mübarizəsi və bu işə rayon ictimaiyyətinin fəal qoşulması mühün rol oynamışdır. Biz hər bir Biləsuvarlı gənclə fəxr edir, onlardan respublikamızın və rayonumuzun tərəqqisi naminə daha böyük əzmkarlıq gözləyirik.
Biz Biləsuvarlı gənc idmançılarımızla fəxr edirik. Son illər idmançılarımız müxtəlif mötəbər yarışlarda 42 qızıl, 23 gümüş və 26 bürünc medalları qazanmışlar. Bir neçə dəfə dünya çempionu titulunu qazanmış Ehram Məcidov, karate üzrə dünya Çempionatının qızıl mükafatçısı Arzu Babayev, boks üzrə dünya çempionatının gümüş mükafatçısı Orxan Mayıllı, respublikamızın idman şərəfini layiqincə qoruyurlar. Rayonumuzun məşhur şahmatçılarından olan 10 yaşlı şahmatçı Xəzər Babazadənin rayon və ölkə səviyyəli, eləcə də beynəlxalq turnirlərdə əldə etdiyi nailiyyətlər onun yaxın gələcəkdə daha böyük uğurlara imza atacağından xəbər verir.
Biləsuvarlılar hər zaman Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan mübarizənin ön sıralarında olublar. Hələ Böyük Vətən Müharibəsi başlananda əli silah tutan biləsuvarlılar da vətənimizin müdafiəsinə qalxmış, eləcə də Qarabağ torpaqları uğrunda gedən döyüşlərdə yaxından iştirak etmişlər. Biləsuvar Qarabağ müharibəsində bu günədək 123 nəfər şəhid vermiş, 117 nəfər sağlamlığını itirərərək əlil olmuşlar.
Bu gün biləsuvarlılarla yanaşı bütün türk dünyası həmyerliyimiz, rayonumuzun Əliabad kənd sakini Mübariz Ağakərim oğlu İbrahimovla fəxr edir, onun ruhu qarşısında ehtiramla baş-əyirlər. Ölkə Prezidentinin 22 iyul 2010-cu il tarixli Sərəncamı ilə respublikamızın müstəqilliyi və ərazi bütövlüyünün qorunmasında göstərdiyi rəşadətə görə Mübariz İbrahimovun ölümündə sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülməsi respublikamızın bütün gənclərində böyük ruh yüksəkliyi yaratmışdır. Onların hər biri torpaqlarımız uğrunda Mübariz İbrahimovun igidliklərini təkrar etməyə hər an hazır olduğlarını bildirirlər. Bu, suvarilər diyarının dövlətə, vətənə olan sevgisinin təzahürüdür.
Son illər Biləsuvar rayonu görkəmini günbəgün dəyişir, inkişaf edir, irimiqyaslı infrastruktur layihələri həyata keçirilir.
Rayon ərazisində yüz kilometrədək yol əsaslı təmir olunmuş, ölkə Prezdentinin sərəncamlarına əsasən Əsgərabad, Aşağı Cürəli, Amankənd, Yuxarı Cürəli , Ovçubərə kəndlərini birləşdirən 21 kilometr, Əliabad, Çinarlı, Aranlı, İsmətli, Ağayrı və Günəşli kəndlərini birləşdirən 16 km uzunluğunda asfalt yol çəkilmişdir. Biləsuvar şəhərinin içməli su problemi tamamilə həll olunmuş, rayonun 17 kəndində “Modul” tipli içməli su qurğulari istifadəyə verilmişdir. Biləsuvar şəhərinin kanalizasiya sisteminin qurulmasi işlərinə başlanmışdır. Rayon mərkəzində ərazisi 2,1 hektar olan Heydər Əliyev parkı müasir üslubda yenidən qurulmuş, həmin ərazidə rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyasi rayon təşkilatının inzibatı binaları, Ümummilli Liderin abidə kompleksi inşa edilmişdir. Açılışında möhtərəm Prezidentimizin iştirak etdiyi Heydər Əliyev Mərkəzinin istifadəyə verilməsi rayonun ictimai-siyasi həyatında mühüm hadisəyə çevrilmişdir. Son illər rayonda 3 yeni, müasir tələblərə cavab verən uşaq bağçası istifadəyə verilmişdir. Tikinti quruculuq işləri bu gün də uğurla davam edir.
Rayonda illik istehsal gücu 60 min ton olan “Azərsun” Holdinq, illik istehsal gücu 15 min ton olan “Biləsuvar Aqro” MMC Süd zavodu, pambıq emalı və asfalt zavodları fəaliyyət göstərir.
Biləsuvardan olan ziyalılardan söz açan rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev bildirdi ki, “Onlarla alimin, yazıçının, şairin, iş adamlarının, tanınmış mütəxəssislərin sorağı respublikamızın müxtəlif güşələrindən, onun hüdudlarından çox-çox uzaqlardan gəlir.Nyu – York elmlər Akademiyasının həqiqi üzvi, professor Azad Abışov, fəlsəfə elmlər doktoru, professor Ağayar Şükürov, filologiya elmləri doktoru , professor Bəhlul Abdullayev, kimya elmləri doktoru, professor, Azərbaycan Elmlər Akdemiyasının müxbir üzvü İslam Mustafayev, fizika-riyaziyyat elmlər doktoru, professor Rzabala Fərəcov, tarix elmlər doktoru, professor İdris Ağayev, siyasi elmlər doktoru, professor Mürtəza Həsənov, riyaziyyat elmləri doktoru, professor Kamil Mənsimov, fəlsəfə elmləri namizədi Ariz Gözəlov, Yadigar Turkel, filologiya elmləri namizədi Cəlal Məmmədli, tibb elmləri namizədi Şahin Məmmədov, Respublikamızın əməkdar müəllimləri Cəlil Əbişov, Ərəstun Əmənov, Məhəmməd Qurbanlı, Fazil Mənsimov, Qılman Abbasov, Əməkdar həkimlər Telman Şirinov, Fail Məmmədov və onlarca adlarını çəkmədiyimiz elm adamları, hərbi sahədə general rütbəsinədək ucalmış Hikmət Mirzəyev, xalq artisti Ramiz Novruzov bu torpağın yetirmələridir.
Biləsuvarlılar öz halal zəhmətləriylə Sosialist Əməyi Qəhrəmanı kimi yüksək fəxri adlara layiq görülmüş əmək adamlarımız Qızqayıt Həsənova, Yunsur Hacıyev, Sifayi Musayeva, Ərəstun Məmmədov ilə həmişə fəxr etmişlər. Onlar dünyasını dəyişsələr də, unudulmaz xatirələri hər zaman anılacaq.
Əsərləri sevilə-sevilə oxunan yazıçılarımız Əhmədağa Muğanlının, Əlibala Hacızadənin qələmi bu torpağdan güc almışdır.”
Çıxışının sonunda M.Quliyev qeyd etdi ki,”Müstəqil respublikamızın bir bölgəsi kimi Biləsuvar rayonu da durmadan tərəqqi və inkişaf edir. Biləsuvarlılar ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında daim sıx birlik nümayiş etdirərək dövlətçiliyimizin və müstəqilliyimizin möhkəmlənməsinə öz töhfələrini verirlər. İnzibati-ərazi vahidi kimi təşkil olunmasının 85 illik yubileyinə həsr olunmuş və bu gün təqdimat mərasiminə toplaşdığımız “Biləsuvar 85” adlı kitab bu yubileyə və gələcək nəsillərə bir töhfədir.
Fürsətdən istifadə edərək Sizlərin şəxsində bütün Biləsuvarlıları bu nəfis tərtibatlı kitabın nəşr olunması münasibəti ilə səmimi-qəlbdən təbrik edir, hər birinizə səadət və xoşbəxtlik dolu günlər arzulayıram.Bu gün rayonumuzun inkişafı və tərəqqisi naminə çalışan, uğurlu gələcəyinə töhvə verən biləsuvarlıların sayı az deyildir. Hesab edirik ki, onların da Biləsuvarın növbəti tarix salnaməsində öz imzaları olacaqdır.”
Tədbirdə Biləsuvar rayon Ziyalılar Cəmiyyətinin sədri Sahibəli Mirzəyev, Qadınlar Şurasının sədri Xalidə Ağayeva, veteran jurnalist Əlibala Rəhimov, əmək veteranı Gülsurə Rüstəmova , əmək veteranı, fermer Lətif Cəfərov, tarix müəllimi Ülviyyə Qurbanova və rayon ağsaqqallarından Akif Kazımov çıxış edərək rayonun tarixi keçmişi ilə bağlı öz xatirələrini bölüşdülər.
Tədbirdə bir qrup biləsuvarlıya “Biləsuvar – 85” xatirə kitabı təqdim olundu.Sonda tədbir bədii hissə ilə davam etdirildi.