“Beynəlxalq Əlillər günü” ilə əlaqədar Biləsuvar rayonunda bir sıra tədbirlər keçirildi.
03 dekabr 2015-ci il tarixdə Biləsuvar rayonunda “ Beynəlxalq Əlillər Günü” ilə əlaqədar bir sıra tədbirlər keçirildi.
Biləsuvar rayon “Veteranlar Klubu”nda Qarabağ müharibəsi, Çernobıl qəzası, Əfqanıstan müharibəsi əlilləri və digər kateqoriyadan olan əlillərin iştirakı ilə tədbir keçirildi.
Tədbirdə rayon icra hakimiyyəti başçısının birinci müavini Xanlar Məmmədov çıxış edərək ölkəmizdə əlillərin şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər barədə məlumat verdi.Bildirildi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin birbaşa diqqəti və qayğısının nəticəsidir ki, son illər bir çox müasir sosial reabilitasiya mərkəzləri inşa olunmuş, dövlət vəsaiti hesabına əlillərin xaricdə müalicəsi təmin edilir, onların mənzil şəraiti yaxşılaşdırılır, pensiya və müavinətləri artırılır. Bu kateqoriyalı insanlar rayonumuzda da daim diqqət mərkəzində saxlanılır.Biləsuvarda əlil insanların sosial rifahının yaxşılaşdırılması üçün görülən tədbirlərdən danışan digər natiqlər qeyd edib ki,biləsuvarlı əlillər də dövlətin yaratdığı bütün imkanlardan yararlanır.Hazırda rayonda 77 nəfər müharibə əlili mənzillə, 34 nəfər isə pulsuz minik avtomobili ilə təmin olunublar.
Digər çıxışçılar əlil vətəndaşlarımıza və xüsusilə də əlil uşaqlara göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını bildirmişlər. Vurğulanmışdır ki, əlillər cəmiyyətin bərabərhüquqlu üzvüdürlər və onların ölkədə gedən bütün posseslərdə fəal iştirakı təmin olunmalıdır.
Heydər Əliyev Mərkəzində fiziki cəhətdən qüsurlu uşaqlar üçün təşkil olunan tədbirdə iştirak edən rayon icra hakimiyyətinin başçısının müavini Xəyalə xanım Qəmbərova balacaları bayram münasibəti ilə təbrik edib.Ölkəmizdə əlillərin cəmiyyətə inteqrasiyası,onların sosial problemlərinin həllinə yönəlik dövlət siyasətinin real nəticələri konkret faktlarla diqqətə çatdırılıb.Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə əlil uşaqlar üçün keçirilən çoxsaylı tədbirlər,humanitar aksiyalar haqqında da tədbirdə ətraflı məlumat verilib.
Qeyd olunub ki,Biləsuvarda 100-dən çox əlil uşaq var və onlar hərtərəfli qayğı ilə əhatə olunub.Biləsuvar şəhər intenat məktəbində bu kateqoriyalı uşaqların reabilitasiya mərkəzi fəaliyyət göstərir,onların təhsil almaları üçün bütün zəruri tədbirlər görülüb.
Tədbirdə uşaqların hazırladıqları ədəbi-bədii kompozisya təqdim olunub, şerlər səsləndirilib, maraqlı rəqs nümunələri nümayiş etdirilib.Sonda bir qrup əlil uşağa maddi yardım göstərilib.