Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda «Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili» mövzusunda kompleks mülki müdafiə təlimi keçirilmişdir.

20 noyabr 2015 | 16:00

16-20 noyabr tarixində Biləsuvar rayonunda  2015-ci il üçün hazırlıq planına müvafiq olaraq Mülki müdafiə qoşunlarının Mülki müdafiə idarəsi və Biləsuvar rayon İcra Hakimiyyəti tərəfindən «Fövqəladə  hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili» mövzusunda kompleks mülki müdafiə təlimi keçirildi.
Təlimdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı  Mahir Quliyev, şura üzvləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon fövqəladə hallar  komissiyası, rayonun mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə qüvvə və vasitələri, təsərrüfat obyektləri iştirak etdi.
Kompleks təlimə rayonun hərbiləşdirilməmiş dəstələrinin 210 nəfər şəxsi heyəti və  29 ədəd texnikası cəlb olunmuşdur.
  Təlim zamanı rayonun mülki müdafiə qüvvələri şərti olaraq fövqəladə hal baş vermiş ərazinin mühafizəsi, əraziyə giriş-çıxışın məhdudlaşdırılması, baş vermiş yanğınların söndürülməsi, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması, partlayış baş vermiş obyektdə kimyəvi kəşfiyyatın təşkili, axtarış-xilasetmə, zərərçəkmişlərə ilk həkim yardımının göstərilməsi, epidemiya və epizootiyaya qarşı mühafizə tədbirləri və adamların təhlükəsiz ərazilərə təxliyəsi işlərinin aparılması ilə bağlı tapşırıqları yerinə yetirdilər. 
Təlimin keçirilməsində əsas diqqət komandir-rəis heyətinin idarəetmə bacarıqlarının və mülki müdafiə dəstələrinin şəxsi heyətinin peşəkarlıq səviyyəsinin artırılmasına, xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması zamanı təhlükəsizlik qaydalarına ciddi riayət olunmasına yönəldilmişdir.
Təlimin keçirilməsində məqsəd mülki müdafiə idarəetmə orqanlarının, fövqəladə hallar üzrə komissiyaların fövqəladə hadisələr zamanı qarşıda duran vəzifələrin  yerinə yetirilməsinə hazırlığının yoxlanılmasından, fövqəladə hallar zamanı əhalinin və işçilərin mühafizəsinin  təşkili ilə bağlı mülki müdafiə tədbirlərinin yerinə yetirilməsindən, mülki müdafiə qüvvələrinin idarə olunması üzrə mülki müdafiə idarəetmə orqanlarının və rəhbər heyətin əməli vərdişlərinin və hazırlığının təkmilləşdirilməsindən, mülki müdafiə idarəetmə orqanlarına, qüvvələrinə, fövqəladə hallar üzrə komissiyalara, rəhbər heyətə və işçilərə fövqəladə hadisələrin nəticələri aradan qaldırılarkən xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili və yerinə yetirilməsi üzrə  praktiki vərdişlərin aşılanmasıdır.
Təlimin gedişində rayonun mülki müdafiə dəstələri və xidmətlərinin qarşılıqlı fəaliyyəti təşkil edilmiş və qarşıya qoyulmuş məqsədə nail olunmuşdur.
Sonda  Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı  Mahir Quliyev çıxış edərək təlimin yüksək səviyyədə təşkil olunduğunu qeyd etdi və təlimdə iştirak edən şəxsi heyətə öz minnətdarlığını bildirdi.M.Quliyev bildirdi ki, bu təlimlər bir daha göstərir ki, rayonda hər-hansı bir fövqəladə hal baş verərsə bu qüvvələrin köməkliyi ilə baş verən halların qarşısı dərhal və yüksək peşəkarlıqla alınacaqdır.

Keçidlər