Biləsuvar rayonunda 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi.
2015-10-15
15 oktyabr 2015-ci il tarixdə Biləsuvar rayonunda 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi.
İclasda Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, şura üzvləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisələrin, təşkilatların rəhbərləri, icra nümayəndələri və bələdiyyə sədrləri, ümumtəhsil müəssisələrinin rəhbərləri, ziyalılar və KİV nümayəndələri iştirak etdilər.
İclası giriş sözü ilə açan Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı cənab Mahir Quliyev Biləsuvar rayonunda 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə geniş məruzə edərək bildirdi ki, respublikamızın bütün bölgələrində olduğu kimi, rayonumuzda da 2015-ci ilin 9 ayında ayrı-ayrı sahələr üzrə yüksək sosial-iqtisadi göstəricilər əldə olunmuşdur.
Hesabat dövründə rayonumuzda ümumi məhsul buraxılışının həcmi 190.2 milyon manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6.5 faiz çoxdur. 9 ayda ümumi məhsul buraxılışının həcmində kənd təsərrüfatının payı 107.5 milyon, ticarətdə 54.3 milyon, tikinti sahəsində 12.1 milyon, sənayedə 14.0 milyon, nəqliyyatda 2.0 milyon, rabitədə 0.3 milyon manat təşkil etmişdir.Bu dövrdə əsas kapitala yönələn investisiyalar 12.6 milyon manat, pərakəndə əmtəə dövriyyəsi isə 148.9 milyon manat təşkil etmişdir.2015-cü ilin 9 ayında Biləsuvar rayonunda yerli gəlirlər 12.3 milyon manata qarşı 11.6 milyon manat və ya 94.7 faiz yerinə yetirilmişdir. Yerli xərclər isə 12.3 milyon manata qarşı 10.6 milyon manat və ya 87.3 faiz icra edilmişdir.Hesabat dövründə adambaşına düşən ümumi məhsul buraxılışının həcmi 1933 manat, orta aylıq əməkhaqqı isə 287.4 manat olmuşdur.
Respublikamızda sahibkarlığın inkişaf etdirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması və sahibkarlara hərtərəfli köməkliklər göstərilməsi ilə bağlı Ölkə rəhbərinin tapşırıq və tövsiyyələrinə uyğun olaraq rayonumuzda da bu istiqamətdə bir sıra işlər görülmüşdür. Müasir sənaye məhəllələrinin yaradılması üçün rayonda 10 hektar ərazi ayrılmışdır.Bu məhəllələrdə əsasən kənd təsərrüfatı və sənayenin ayrı-ayrı sahələri üzrə fəaliyyət göstərəcək emal sexlərinin, istehsal zavodlarının və fabriklərin yaradılması nəzərdə tutulmuşdur.Ötən 9 ayda rayonda sahibkarlığın inkişafı məqsədilə 90 sahibkara 1 milyon 25 min manat kredit verilmişdir. Görülmüş işlər nəticəsində 878 yeni iş yeri açılmışdır. Əhalinin sosial rifah halının yaxşılaşması və pul gəlirlərinin artmasının nəticəsində 9 ayda rayonda 112 fərdi ev tikilmişdir.
Hesabat dövründə ailə üzvlərinin sayı 6423 nəfər olmaqla 1120 ailə ünvanlı dövlət sosial yardımı almışdır. Rayon üzrə hər bir ailəyə düşən ünvanlı sosial yardımın məbləğı 168 manat təşkil etmişdir.
2015-ci ilin 9 ayında rayonda tikinti, abadlıq və quruculuq sahəsində müəyyən işlər görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 13 min nəfər əhalinin yaşadığı, 6 yaşayış məntəqəsini birləşdirən 16 km uzunluğunda Günəşli-Ağayrı-İsmətli-Aranlı-Çinarlı-Əliabad avtomobil yolunun tikintisi başa çatdırılmış, 10,0 min nəfər əhalinin yaşadığı, 4 yaşayış məntəqəsini birləşdirən uzunluğu 6,0 km olan Əsgərabad-Muğan-Çaylı avtomobil yolunun tikintisi isə davam etdirilərək yolun 2,5 km-də asfalt örtük tikilmişdir.Hazırda yolun asfaltlaşdırılması işləri aparılır. Bundan əlavə şəhərin Nizami Gəncəvi və Səməd Vurğun küçələrində yol təmiri işləri aparılmış və yollara 2 km uzunluğunda asfalt örtük qoyulmuşdur. Hesabat dövründə Biləsuvar şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə müasir tələblərə cavab verən hər biri 100 və 200 yerlik 2 uşaq bağçası tikilib istifadəyə verilmişdir.
Hazırda Kənd Təsərrüfatı Nazirliyinin və Dövlət Sosial Müdafiə Fondunun Biləsuvar rayon şöbələrinin, Xırmandalı kənd Uşaq bağçası üçün 40 yerlik yeni binanın, Səmədabad kəndində Heydər Əliyev parkının tikintiləri, Mərkəzi rayon Xəstəxanasının və Əskərabad kənd tam orta məktəbinin əsaslı təmiri işləri davam etdirilir.
Ötən dövr ərzində rayonda əhalinin təbii qazla təmin edilməsi istiqamətində əsaslı işlər görülmüş, Biləsuvar rayonunun bütün yaşayış məntəqələri tam qazlaşdırılmışdır.Bu ilin 9 ayı ərzində rayonun Səmədabad,Günəşli, Ağayrı,Yuxarı Ağalı, Muğan, Nərimankənd və Arazbarı kəndlərinin qazlaşdırılması işləri başa çatdırılaraq əhaliyə təbii qaz verilmişdir. Bu dövrdə 135 kilometr müxtəlif diametrli qaz xətləri çəkilmişdir.Bununla da Biləsuvar rayonunda yaşayış məntəqələrinin qazlaşması işi tam başa çatdırılmışdır.
Rayonda əhalinin elektrik enerjisi ilə təmin edilməsi və infrastrukturun yenilənməsi istiqamətində son 9 ayda əsaslı işlər görülmüşdür.Rayonun ayrı-ayrı yaşayış məntəqələrində müasir standartlara cavab verən 21 ədəd yeni transformator quraşdırılaraq ərazisi abadlaşdırılmış, şəhər ərazisində və kəndlərdə 766 ədəd dəmir elektrik dirəkləri quraşdırılmış, 18 km uzunluğunda SİP kabel çəkilmişdir. Bundan əlavə 750 metr elektrik naqili ilə hava verlişi xətləri çəkilmiş, 107 ədəd elektrik dirəyi və 27 ədəd izolyator yenisi ilə əvəz olunmuşdur. 25 ədəd müxtəlif kilovoltluq elekrtik transformatoru, 3.5 km hava verlişi xətləri cari təmir edilmişdir.
Biləsuvar şəhərinin içməli su sisteminin yenidən qurulması istiqamətində işlər başa çatdırılmışdır.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2015-ci ilin ölkəmizdə “Kənd təsərrüfatı ili” elan edilməsi bu sahənin dinamik inkişafına təkan verməklə yanaşı aqrar sektorun keyfiyyətcə yeni mərhələyə keçməsinin təməlini qoydu.
Bu sahədə qəbul olunmuş Dövlət Proqramlarından irəli gələn tədbirlərin yerinə yetirilməsi nəticəsində rayonumuzda da aqrar bölmədə ümumi məhsul istehsalının həcmi artmış, məhsuldarlıq yüksəlmiş və kənd təsərrüfatında çalışan insanların həyat səviyyəsi xeyli yaxşılaşmışdır. Rayonumuz aqrar rayon olmaqla iqtisadiyyatının əsasını kənd təsərrüfatı məhsulları istehsalından gələn gəlirlər təşkil edir. Hesabat dövründə aqrar sahədə ümumi məhsul istehsalının həcmi 107.5 milyon manat təşkil etmişdir ki, bu da 2014-cü ilin müvafiq dövrünə nisbətən 14 faiz çoxdur.
2015-cü ilin ötən 9 ayında rayonumuzda təhsil, səhiyyə və mədəniyyət sahəsində də müəyyən işlər görülmüş, gənclərlə işin yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılmışdır.
Ölkə Prezidenti cənab İlham Əliyevin, Heydər Əliyev Fondunun Prezidenti, Mehriban xanım Əliyevanın Təhsil sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərdikləri yüksək qayğı və diqqət rayonumuzda da öz müsbət nəticələrini verməkdədir. Son illər rayonumuzda 13 yeni məktəb tikilmiş 6 məktəb yüksək səviyyədə əsaslı təmir olunaraq istifadəyə verilmişdir.Təhsil ocaqlarının informasiya kommunikasiya texnologiyaları ilə təminatı da yaxşılaşdırılmış, məktəblərdə kompüterlərin sayı 470-ə çatdırılmışdır.
Builki tədris ilinin sonunda rayonumuzun ümumtəhsil məktəblərini 938 şagird bitirmiş və onlardan 437 nəfəri ali məktəblərə qəbul olmaq üçün sənədlərini vermişlər. Abituriyentlərdən 200 nəfəri respublikamızın ayrı-ayrı ali təhsil müəssisələrinə qəbul olmuşlar. Bu abituriyentlərdən 41 nəfəri 500-dən, 21 nəfəri 600-dən yuxarı bal toplamışlar.
Rayonumuzun təhsil sahəsindəki uğurlarında əzmkar, öz işinə məsuliyyətlə yanaşan müəllimlərimizin əməyi danılmazdır. Məhz bu cür əməli fəaliyyətin nəticəsidir ki, respublikamızın Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə üç nəfər müəllimimiz – Orxan İbayev, Rəvan Məmmədov və Bəhruz Nəbili “İlin Müəllimi” müsabiqəsinin qalibi olmuşlar.
Hesabat dövründə Azərbaycan Respublikası Prezidentiinin Administrasiyasının tapşırığına əsasən Biləsuvar rayon Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi irsinin daha dərindən öyrənilməsinə xidmət edən dərslərin keçirilməsi təmin olunmuşdur. 30 may 2015-ci il tarixədək davam edən dərslərdə ümumtəhsil məktəblərindən 940 şagird dərslərdə iştirak etmişdir.
Əhalinin tibbi müayinədən keçirilməsi ilə əlaqədar Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırıqlarından irəli gələn vəzifələrin icrası məqsədilə bu ilin fevral-may ayları ərzində əhalinin tibbi müayinədən keçirilməsi aksiyası təşkil olunmuşdur. Bu dövrdə 83 min 375 nəfər rayon sakini tibbi müayinədən keçmişdir ki, bunlardan da 1129 nəfəri ambulator, 50 nəfəri isə stasionar mualicəyə cəlb olunmuşdur.Müayinə zamını 49 nəfər müalicə üçün respublikanın digər tibb müəssisələrinə göndərilmişdir.
M.Quliyev bildirdi ki, “Gənclərə qayğı və diqqət ölkə Prezidenti cənab İlham Əliyevin ən çox diqqət yetirdiyi əsas məsələlərdəndir.Rayonumuzda da əhalinin təxminən üçdə bir hissəsini təşkil edən gənc nəsil hərtərəfli qayğı ilə əhatə olunmuşdur. Gənc nəslin vətənə məhəbbət, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunması, vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi işinin gücləndirilməsi, yeniyetmə və gənclərin idarəetmə sahəsində biliklərinin artırılması və cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında onların fəal iştirakının təmin edilməsi sahəsində müntəzəm olaraq keçirilən məqsədyönlü tədbirlər müsbət nəticələr verir. 2015-ci ilin ötən 9 ayında da Biləsuvarlı gənclər rayonumuzda bir sıra respublika və rayon əhəmiyyətli tədbirlərə ev sahibliyi etməklə bir daha təsdiq etdilər ki, bu gün savadlı, intellektual səviyyəli, vətənpərvər gənclər yetişir.
Bu dövrdə rayonumuzun gənc idmançıları müxtəlif respublika və zona turnirlərində uğurlu çıxışlar etmişlər.Müasir Olimpiya İdman Kompleksindən, 3000 yerlik stadiondan, 150 sadə idman qurğusundan səmərəli istifadə edən idmançılarımız öz nailiyyətlərini ilbəil möhkəmləndirilər. Hazırda rayonumuzda 5500 nəfərdən çox gənc idmanın müxtəlif növləri ilə müntəzəm məşğul olur.”
Hesabat dövründə Biləsuvar rayon İcra Hakimiyyətində vətəndaşların müraciətlərinə baxılması və bu sahədə işin təkmilləşdirilməsi istiqamətində bir sıra ardıcıl tədbirlər həyata keçirilmişdir. İcra Hakimiyyəti 01 aprel 2015-ci il tarixdən Elektron Hökumət portalına qoşulmuş, vətəndaşlar elektron formada rayon İcra Hakimiyyəti başçısının, onun müavinlərinin və şöbə müdirlərinin qəbuluna yazılmaq imkanı əldə etmişlər.
01 iyul 2015-ci il tarixdən isə təsisçi-administratoru Prezident Administrasiyası olan vətəndaş müraciətlərinə dair elektron informasiya sistemi istifadəyə verilmişdir.Sistem vasitəsilə daxil olan müraciətlər, xidməti sənədlər, o cümlədən şifahi müraciətlər qeydiyyata alınır, kateqoriyalara bölünərək qruplaşdırılır, icrası nəzarətdə saxlanılır. Bu sistemin tətbiq olunması rayon İcra Hakimiyyətində sənədlərlə işin təşkilinə daha yaxşı nəzarət edilməsinə kömək edir.
Çıxışının sonunda Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev bildirdi ki, “Ölkə Prezidenti cənab İlham Əliyev yekun nitqində qarşıdakı hədəfləri açıqlayaraq bundan sonra da ölkəmizdə əsas sosial infrastruktur layihələrinin icrasının davam etdiriləcəyini, investisiyaların ölkəmiz üçün prioritet təşkil edən sektorlara yönəldilməsi, sahibkarlığın inkişafına dəstəyin artırılması, ərzaq təhlükəsizliyinin təmin olunması ilə bağlı verdiyi tapşırıq və tövsiyyələrə uyğun olaraq Biz Biləsuvarlılar da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi əmin edirik ki, Respublikamızın hər yerində olduğu kimi Biləsuvar rayonunda da 2015-ci ili layiqli nəticələrlə başa vurmaqdan ötrü daha böyük əzmlə çalışacağıq.” .
Hesabat iclasında Biləsuvar rayon İcra Hakimiyyəti Başçısı aparatının məsul işçisi Rafail Quliyev, rayon Səhiyyə şöbəsinin müdiri Şamil Cəfərov, rayon Təhsil şöbəsinin müdiri Balaqardaş Kazımov və digərləri çıxış edərək fəaliyyət göstərdikləri sahələr üzrə görülmüş işlər barədə məlumat verdilər və qarşıda duran vəzifələr müzakirə olundu.