Biləsuvar rayonunda “Beynəlxalq Müəllimlər Günü”nə həsr olunmuş Breyn-rinq intellektual oyunu keçirildi.
2 oktyabr 2015-ci il tarixdə Heydər Əliyev Mərkəzində Biləsuvar rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “5 oktyabr Beynəlxalq Müəllimlər Günü”nə həsr olunmuş gənc müəllimlər arasında Breyn-rinq intellektual oyunu keçirildi.
Yarışı giriş sözü ilə Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov açaraq əvvəlcə müəllimləri qarşıdan gələn Müəllimlər Günü münasibətilə təbrik etdi.Müəllim işinin çətin və şərəfli olduğunu vurğuluyan natiq ümummilli lider Heydər Əliyevin müəllimlər haqqında dediyi sözlərə diqqəti çəkdi:”Mən yer üzündə müəllimdən böyük ad tanımıram” məhz bu sözlərin müəllimlərə verilən ən böyük dəyər olduğunu vurğuladı.Sonra Biləsuvar rayon İcra Hakimiyyətinin məsul işçisi Kamil Qurbanlı çıxış edərək müəllimlərə çətin və şərəfli işlərində uğurlar arzuladı.Keçirilən yarışın xüsusən gənc müəllimlərin intellektual inkişafına, sıx əməkdaşlığına və dövlət gənclər siyasətinin uğurlu həyata keçirilməsində böyük rola malik olduğunu vurğuladı.
Yarışda Biləsuvar rayonunun orta ümumtəhsil müəssisələrində çalışan yaşı 29-dək olan müəllimlər iştirak edirdi. Hərəsində 4-6 nəfər olmaqla Biləsuvar rayonunun 8 orta ümumtəhsil müəssisəsini təmsil edən 8 komanda mübarizə apardı. ”Azərbaycan İntellektual Oyunlar Klubu”nun təşkilati dəstəyi ilə keçirilən Yarışda ilk turda 4 qarşılaşma baş tutdu.Qalib gələn 4 komanda növbəti mərhələyə yüksəldi.Qalib komandalar arasında keçirilən oyunların nəticəsinə əsasən 2 komanda- Mübariz İbrahimov adına Lisey-Məktəb Kompleksini təmsil edən “Mübariz Gənclər” və Təzəkənd kənd tam orta məktəbini təmsil edən “Uğur” komandası finala vəsiqə qazandı.3-cü yer uğrunda keçirilən qarşılaşmada Ağayrı kənd tam orta məktəbini təmsil edən “Şəms” komandası Şəhər 4 saylı tam orta məktəbin “Zirvə” komandası ilə gərgin keçən mübarizədən sonra qalib ayrıldı.Finalda qalibiyyət uğrunda bərabər gedən mübarizədə ən son anda suallara daha tez və dəqiq cavab verən Mübariz İbrahimov adına Lisey-Məktəb Kompleksini təmsil edən “Mübariz Gənclər” komandası qalib oldu.
Qalib komandalar Biləsuvar rayonu Gənclər və İdman İdarəsinin kubok və diplomları ilə təltif olundu.