Biləsuvar rayonunda yeni inşa olunmuş 200 yerlik körpələr evi-uşaq bağçasının açılış mərasimi keçirildi.
15 sentyabr 2015-ci il tarixdə Biləsuvar şəhərinin M.İbrahimov küçəsində yeni inşa olunmuş 200 yerlik uşaq bağçasının açılış mərasimi keçirildi.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev,Millət vəkili Xanhüseyn Kazımlı, Azərbaycan Respublikası Mərkəzi Bankının Tədqiqatlar və İnkişaf Mərkəzinin direktoru Vüqar Əhmədov, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri, məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri, bağçanın kollektivi, valideynlər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan M.İbrahimov adına Biləsuvar liseyinin direktoru Bəhruz Mehdiyev yeni bina barədə məlumat verərək bildirdi ki, 200 yerlik bağçada uşaqlar üçün bütün şərait yaradılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan sosial-iqtisadi inkişafın nəticəsidir ki, bu gün ən müasir tələblərə cavab verən yeni bağça tikilərək əhalimizin istifadəsinə verilir. Bağçada uşaqların təlim-tərbiyəsi iləməşğul olacaq peşəkar pedaqoji heyət formalaşdırılmış, təhlükəsizlik məqsədilə müşahidə kameraları quraşdırılımışdır. Bu kameralar həm həyəti, həm də bağçanın bütün otaqlarını nəzarətdə saxlamağa imkan verir. Bağça azyaşlı sakinlərin zövqünə uyğun qurulub, onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnməsini təmin etmək üçün əlvan rəngli inventarla təchiz edilib.Burada müxtəlif yaş qrupları üçün məşğələ və yataq otaqları, rəsm, idman və musiqi zalları, yeməkxana yaradılıb.Uşaqların maraqları nəzərə alınaraq bağçanın həyətində xüsusi istirahət guşələri yaradılıb.
Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev tədbirdə çıxış edərək yeni bağçanın açılışı münasibətilə rayon əhalisini təbrik etdi və kollektivə uğurlar arzuladı.Bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və birbaşa köməkliyi sayəsində qəbul edilmiş Dövlət Proqramının icrası rayonumuzda uğurla həyata keçirilir.Bu gun rayonumuzda əsaslı işlər aparılır. Açılışına yığışdığımız bu tərbiyə ocağında kollektiv üçün gözəl şərait yaradılmışdır.Son illər rayonda bir neçə təhsil və tərbiyə ocağı tikilərək istifadəyə verilmişdir. İkimərtəbəli, 200 yerlik bina müxtəlif yaş qrupları nəzərdə tutulmuşdur. Bağça binasında müasir istilik sistemi də quraşdırılıb. M.Quliyev müəssisənin kollektivinə bundan sonrakı fəaliyyətlərində uğurlar arzuladı.
Millət vəkili Xanhüseyn Kazımlı, Azərbaycan Respublikası Mərkəzi Bankının Tədqiqatlar və İnkişaf Mərkəzinin direktoru Vüqar Əhmədov çıxış edərək kollektivə öz xoş arzularını bildirdilər.
Sonda rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev bağçanın açılışını bildirən qırmızı lenti kəsdi və bağçaya baxış keçirdi.