Biləsuvar rayon Təhsil işçilərinin konfransı keçirildi.
03 sentyabr 2015-ci il tarixdə Biləsuvar rayon Heydər Əliyev Mərkəzində rayon Təhsil işçilərinin konfransı keçirildi.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının müavini Xəyalə Qəmbərova, Təhsil Nazirliyinin məsul işçisi Elmir Həsənov, təhsil işçiləri, məktəb direktorları, müəllimlər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etdi.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət etdilər, əziz xatirəsinə tər çiçəklər qoydular.
İclası giriş sözü ilə açan rayon Təhsil şöbəsinin müdiri Balaqardaş Kazımov konfransın gündəliyi barədə məlumat verdikdən sonra ötən 2014-2015-ci tədris ilində təhsil sahəsində görülmüş işlər və 2015-2016-cı tədris ilində qarşıda duran məsələlər barədə ətraflı məruzə etdi.
Sonra M.İbrahimov adına Biləsuvar liseyinin direktoru Bəhruz Mehdiyev, Əsgərabad kənd tam orta məktəbinin direktoru Fəzail Rəhimov, gənc müəllimə Səkinə Abbaslı çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisinin deputatı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ölkəmizdə təhsilin inkişafına göstərdikləri yüksək diqqət və qayğıya görə rayonun çoxminlik pedaqoji kollektivi adından təşəkkürlərini bildirdilər.
Təhsil Nazirliyinin məsul işçisi Elmir Həsənov çıxış edərək ölkəmizdə aparılan təhsil islahatları barədə ətraflı məlumat verdi. Elmir Həsənov təhsil sahəsində rayonda son illər görülmüş işləri yüksək qiymətləndirərək bunun builki ali məktəblərə qəbulda da özünü büruzə verdiyini qeyd etdi.
Konfransda Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının müavini Xəyalə Qəmbərova çıxış edərək bildirdi ki, məhz Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş Milli Təhsil strategiyasının əldə etdiyi uğurlar Azərbaycan təhsilinin dünyanın inkişaf etmiş təhsİl sisteminə inteqrasiyasını təmin etmişdir. Respublikamızda təhsil sahəsində aparılan islahatlar, bu sahədə yeni qanunvericilik bazasının formalaşdırılması, yeni-yeni fərman və sərəncamların imzalanması ümumilikdə dövlətimizin və xalqımızın inkişafına xidmət edir. Respublika Prezidenti cənab İlham Əliyevin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” Azərbaycanın yeni inkişaf konsepsiyasına və qabaqcıl beynəlxalq təcrübəyə uyğun rəqabət qabiliyyətli təhsil sisteminin qurulması istiqamətində strateji hədəfləri müəyyən edir. Aparılan islahatlar təkcə bunula məhdudlaşmır. Respublikamızda yeni-yeni təhsil ocaqlarının inşa olunması, əsaslı təmiri, eləcə də xarici ölkələrdə gənclərimizin təhsilinin davam etdirilməsindən ötrü həyata keçirilən tədbirlər də bu islahatların tərkib hissəsidir.
X.Qəmbərova bildirdi ki, ötən illər ərzində rayonumuz da ölkə təhsilinə öz töhvələrini vermişdir. Ayrı-ayrı ali təhsil müəssisələrin məzunları olan biləsuvarlılar hazırda respublikamızın ən müxtəlif fəaliyyət sahələrində çalışırlar.Rayonumuzda yeni istifadəyə verilən təhil ocaqları, inşa və əsaslı təmir olunan məktəb binaları təhsilin keyfiyyətinin yüksəlməsinə birbaşa təsir göstərən mühüm amillərdir. Əlbəttə bu uğurlar həm də Biləsuvar rayonun təhsil müəssisələrində çalışan pedoqoji kollektivlərin gərgin əməyi sayəsində mümküm olmuşdur.
Respublikamızda, o cümlədən, rayonumuzda təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsindən ötrü Heydər Əliyev Fondunun həyata keçirdiyi “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində rayonumuzda 4 yeni məktəb binası tikilərək istifadəyə verilmişdir. Ümumilikdə son illər rayonumuzda 13 yeni məktəb tikilmiş 6 məktəb yüksək səviyyədə əsaslı təmir olunaraq istifadəyə verilmişdir.Ötən tədris ilində Xırmandalı kənd 2 saylı, Aşağı Cürəli, Amankənd tam orta məktəbləri üçün müasir standartlara cavab verən yeni məktəb binaları tikilmiş və 1176 yerlik Ağalıkənd kənd tam orta məktəbi əsaslı şəkildə təmir olunaraq pedoqoji kollektivin və şagird kontingentinin istifadəsinə verilmişdir. Hal-hazırda isə rayonun Əsgərabad kənd tam orta məktəbində əsaslı təmir işləri aparılır.
X.Qəmbərova qeyd etdi ki, qarşıdan növbəti tədris ili gəlir. Əmin olmaq istərdik ki, bu yeni tədris ilində də Biləsuvar rayonunun təhsil işçiləri əzmlə çalışacaq və respublikamızda təhsil strategiyasının həyata keçirilməsi işinə öz töhvələrini verməkdə davam edəcəklər.
Konfransın sonunda iştirakçılar adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlandı.