Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün qorunması uğrunda gedən döyüşlərdə şəhid olmuş hərbi qulluqçuların medalları ailələrinə təqdim edildi.
01 avqust 2015-ci il tarixdə Biləsuvar rayon Heydər Əliyev Mərkəzində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün qorunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş hərbi qulluqçularımızın təltif olunduqları medallar ailə üzvlərinə təqdim olundu.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin idarə rəisinin müavini Abdulla Qurbani, hüquq mühafizə orqanlarının rəhbərləri, rayon aktivi, ziyalılar, gənclər, müharibə veteranları və şəhid ailələlərinin üzvləri iştirak etdilər.
İştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyatət edib, əziz xatirəsinə gül dəstələri qoydular.Tədbir dövlət himninin səslənməsi ilə başladı.
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev çıxış edərək rayonda hərbi vətənpərvərlik tərbiyəsinə xüsusi önəm verildiyini, bu istiqamətdə işlərin davamlı xarakter aldığını bildirdi. Qeyd olundu ki, Biləsuvar rayonu Qarabağ uğrunda gedən döyüşlərdə 122 şəhid verib. 114 biləsuvarlı Qarabağ əlili statusu alıb. Adı dillər əzbəri olan cəsur döyüşçü Mübariz İbrahimov isə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Azərbaycan Respublikasının Prezidenti,Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi altında Azərbaycan ordusu hər an öz sözünü deməyə hazırdır.Bü gün bizim güclü ordumuz var və bu ordu əmr verildiyi zaman işğal altında olan torpaqlarımızı düşməndən azad edəcəkdir. Bu gün Azərbaycan əsgərinin nəyə qadir olduğu gedən döyüşlərdə düşmənə vurduğu ağır zərbələr zamanı bir daha öz təsdiqini tapır.
M.Quliyev bildirdi ki,şəhidlərimiz və onların ailə üzvləri heç zaman unudulmayacaq və daima yüksək diqqət və qayğıyla əhatə olunacaqlar.Bunun bariz nümunəsi olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 iyun 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının müstəqlilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə görə, xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Silahlı Qüvvələrinin qulluqçuları gizir Pərvin Səlahəddin oğlu Əliyev və kiçik gizir Rahil Əfsər oğlu Hüseynov ölümündən sonra “Hərbi xidmətlərə görə” medalları ilə, Milli Ordumuzun giziri Şahmurad Hilal oğlu Əlizadə Müdafiə Nazirinin əmri ilə ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunmuşlar. Vətən uğrunda qurban gedən şəhidlərimiz daim ürəklərdə yaşayacaq və heç vaxt unudulmayacaqlar.
Tədbirdə Müdafiə Nazirliyinin idarə rəisinin müavini, polkovnik Abdulla Qurbani çıxış edərək dövlətimiz tərəfindən torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş hərbi qulluqçuların şücaətinin heç vaxt diqqətdən kənarda qalmadığını, onların ailə üzvlərinin qayğı və problemlərinin daim diqqət mərkəzində saxlandığını qeyd edib. Bildirilib ki, Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyünün qorunmasında və hərbi hissənin qarşısında duran döyüş tapşırığını yerinə yetirərkən göstərdikləri döyüş şücaətinə görə 3 biləsuvarlı şəhid ölkə başçısının 24 iyun 2015-ci il tarixli sərəncamı ilə ölümlərindən sonra yüksək döyüş medalları ilə təltif olunublar.
Sonra medallar şəhidlərin ailə üzvlərinə təqdim edilib. Şəhid gizir Pərvin Əliyevin ölümdən sonra təltif edildiyi “Hərbi xidmətlərə görə” medalını oğlu Riad, kiçik gizir Rahil Hüseynovun medalını isə anası Şahzadə Hüseynova qəbul edib. Şəhid gizir Şahmurad Əlizadənin ölümündən sonra layiq görüldüyü “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı onun anasına təqdim olunub.
Sonda çıxış edən şəhid ailələrinin üzvləri övladlarının məhz Vətən torpaqları uğrunda həlak olmaları ilə qürur hissi duyduqlarını, lazım gəldiyi təqdirdə özləri də silaha sarılaraq döyüşə atılacaqlarını bildirərək,onlara göstərilən bu yüksək diqqət və qayğıya görə ölkə Prezidenti Cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.