Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda “Azərbaycanda Dövlət və Din münasibətləri” mövzusunda tədbir keçirildi.

10 iyun 2015 | 15:00

10 iyun 2015-ci il tarixdə  Biləsuvar rayonunda “Azərbaycanda Dövlət  və  Din  münasibətləri” mövzusunda  tədbir keçirildi.
Tədbirdə rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Xanlar Məmmədov, Dini  Qurumlarla  İş  üzrə  Dövlət  Komitəsinin Şirvan bölgəsi üzrə rəhbəri Aydın Alıyev, rayonun din xadimləri, ağsaqqallar və  icra nümayəndələri iştirak etdi.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Xanlar Məmmədov rayonda dövlət və din münasibətləri istiqamətində görülən işlər barədə ətraflı məlumat verdi.Bildirdi ki, dinlərdən təhrik vasitəsi kimi  istifadə etmək hallarının  qarşısını almaq üçün  cəmiyyətin bütün təbəqələrinin, xüsusilə  alimlərin,  dindarların və din xadimlərinin səfərbər  edilməsi zəruridir. Bu strateji  istiqamət  bu gün Azərbaycanda  həyata keçirilir və bu  işə daimi nəzarəti və  qayğını bütün  din adamları  hiss edir.
Respublikamızın  cənub  bölgəsində  yerləşən  Biləsuvar rayonunda  da  həmişə  dini baxımdan tolerantlıq  hökm  sürmüş,  xalqımıza  xas olan tolerantlıq ənənələri  qorunub saxlanılmışdır.  Rayonumuzda  “Dini etiqad azadlığı haqqında” Azərbaycan  Respublikası  Qanunundan  irəli gələn  vəzifələrin  həyata keçirilməsi  daim diqqət mərkəzində  saxlanılır. Qeydiyyata alınmış  dini qurumlar üçün  qanunauyğun şərait  yaradılır, rayon  ərazisində dini duruma   nəzarət olunması  üçün  zəruri tədbirlər görülür.Rayon İcra Hakimiyyəti yanında  Dini İşlər üzrə Komissiya müntəzəm olaraq  rayon  ərazisində  dini  durumun  vəziyyətini  nəzarətdə saxlayır və qanunamüvafiq  təxirəsalınmaz tədbirlərin  həyata  keçirilməsini təmin edir.Hazırda rayonda 44 məscid  fəaliyyət göstərir ki, onlardan 5-i şəhər ərazisində,  39-u isə  kəndlərdə yerləşir. Rayon ərazisində yaşayan  din adamlarından,  mollalardan  20  nəfəri Qafqaz Müsəlmanları idarəsinin  təşkil etdiyi attestasiyadan keçərək rəsmi dini ayinlərin  icraçısı kimi  fəaliyyət göstərirlər. Bundan əlavə,  rayonda dövlət qeydiyyatından  keçmiş  11 dini icma da fəaliyyətdədir. Qeyd etmək istəyirəm ki,  mövcud olan  bütün məscidlərdə  dini  ayinlərinin icra olunması üçün  hər bir şərait yaradılmışdır.
Hər bir Azərbaycan  vətəndaşı  müqəddəs dinimizin mədəni-əxlaqi  sərvət kimi  tətbiq olunması üçün  bütün vasitələrdən   istifadə etməyə,,  dini maarifləndirmə  işini  gücləndirməyə,  milli-mənəvi  dəyərlərimizi qorumağa borcludur. Bu gün bütün dindarlarımızın  da   üzərində olan əsas məsuliyyətlərdən  biri də daim inkişaf və tərəqqi edən,  dünyəvi dövlətə  çevrilən  Azərbaycanın çiçəklənməsinə  öz töhfələrini verməkdir. 
Tədbirdə  Dini  Qurumlarla  İş  üzrə  Dövlət  Komitəsinin Şirvan bölgəsi üzrə rəhbəri Aydın Alıyev və rayonun axundu  Hacı Əlifağa Murtuzov çıxış edərək bildirdilər  ki, bu gün müstəqil Azərbaycan  dövlətində   cəmiyyət  və dövlət üçün  təhlükə yaratmayan  islam və qeyri dinlər, ideya-siyasi cərəyanlar və məzhəblərə münasibət birmənalıdır. Respublikamızda  dövlət-din münasibətlərinin daha yüksək səviyyədə   tənzimlənməsi,  dini-maarifləndirmə işinin  təşkili və həyata  keçirilməsi, həmçinin dini  icmaların  cəmiyyətdə radikalizm  meyllərinin qarşısının alınması  və sosial  problemlərinin həlli prosesinə  cəlb olunması aktual məsələlərdəndir.
Digər çıxış edən natiqlər də bu sahədə görülən işlərdən danışaraq dinimizi yad ünsürlərdən qorumanın yolları, son vaxtlar qeyri ənənəvi, zərərli dini cərəyan və təriqətlərlə bağlı  fikir mübadiləsi apardılar.
Sonda tədbir iştirakçıları tərəfindən verilən suallar cavablandırıldı.

Keçidlər