Şuşanın işğalından 23 il keçir
8 may 2015-ci il tarixdə Biəsuvar rayon Gənclər və İdman İdarəsi və YAP Biləsuvar rayon təşkilatı gənclər birliyinin təşkilatçılığı ilə Şuşanın işğalının 23-cü ildönümünə həsr edilmiş “dəyirmi masa” keçirildi.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin məsul işçiləri, Qarabağ Müharibəsi Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin və Təhsil Şöbəsinin əməkdaşları, məktəbli gənclər ştirak edirdi.
Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Şuşanın işğalı haqqında çəkilmiş qısametrajlı film nümayiş etdirildi.
Tədbiri giriş nitqi ilə açan Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov tarixi Azərbaycan torpaqlarının əbədi və ayrılmaz parçası olan Şuşa şəhərinin işğalından danışaraq qeyd etdi ki, 1992-ci il may ayının 8-nə keçən gecə erməni və rus hərbi birləşmələrinin hücumu nəticəsində uzun sürən artilleriya atəşindən və qeyri-bərabər qanlı döyüşlərdən sonra Şuşa şəhəri işğal olundu. Şuşa şəhərində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600 yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Cümə məscidini, Aşağı Gövhər Ağa məscidi, Xurşud Banu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmiş, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evinin, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa tarix muzeyi, Dövlət xalça muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtmış, buradakı nadir sənət incilərini talamış və məhv etmişlər.
Digər natiqlər Şuşanın işğalı nəticəsində şəhərdə yüzlərlə Azərbaycan vətəndaşının xüsusi amansızlıqla qətlə yetirildiyini və yaralandığını, çoxlu sayda insanın əlil olduğunu, körpələrin valideynlərini itirdiklərini, iyirmi mindən artıq əhalinin doğma yurd-yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşdüklərini, altmışa yaxın azərbaycanlının əsir və girov götürüldüyünü ürək ağrısı ilə xatırlatdılar. Çıxış edənlər bildiridilər ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi praqmatik xarici siyasət kursu sayəsində işğal altındakı ərazilərimiz tezliklə azad ediləcək.