“Qızıl Pambıq” Biləsuvar Qısametrajlı Film Festivalı çərçivəsində filmlərin nümayişinə başlanılıb.
28 aprel 2015-ci il tarixdən başlayaraq Heydər Əliyev Mərkəzində “Müasir Gənclərin İnkişafına Dəstək” ictimai birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Qızıl Pambıq” “Biləsuvar Qısametrajlı Film Festivalı” layihəsi çərçivəsində filmlərin nümayişinə başlanılıb.
Festivalın açılış mərasimində çıxış edən Layihənin koordinatoru Elşən Seyfullayev bildirib ki, əsas məqsəd Biləsuvar rayonunda yaşayan yeniyetmələr və gənclər arasında kinoteatr mədəniyyətinin təbliğinə stimul vermək, onların bu sahəyə diqqət və marağını artırmaq, kino sahəsində gənc rejissorların filmlərinin baxışını və müzakirəsini keçirməklə, tamaşaçı ilə istedadlı rejisorlar araında təmas qurmaq, eyni zamanda rayonda keçirilən mədəni-kütləvi tədbirlərin dinamikasına təkan verməkdən ibarətdir.
Daha sonra Biləsuvar Rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov bu tipli layihələrin davamlı həyata keçirilməsinin vacibliyini qeyd edərək bildirib ki, belə layihələr gənclərin asudə vaxtının təşkilində mühüm rol oynayır.
Biləsuvar Rayon İcra Hakimiyyətinin məsul işçisi Kamil Qurbanlı gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində festivalın əhəmiyyətini vurğulyaraq, layihənin gedişinə uğurlar arzulayıb.
İlk olaraq 3 qısametrajlı film, “Yol”, “Yuva” və “Ev” nümayiş edilərək, müzakirələr aparılıb.
Qeyd edək ki, festival mayın 1-ə qədər davam edəcək.